”Qayıdışa aparan yol: Dərələyəz gənclərinin uğur hekayələri” mövzusunda tədbir keçirilib
Tədbir iştirakçıları əvvəlcə Dərələyəzli gənclərin elm, təhsil, idman və yaradıcılıq sahələrində əldə etdikləri nailiyyətləri, eləcə də müxtəlif müsabiqələrdə qazandıqları uğurları əks etdirən sərgi ilə tanış olublar. Sərgidə gənclərin müəllifi olduqları müxtəlif əl işləri, rəsm əsərləri, elmi və yaradıcılıq nümunələri nümayiş etdirilib.
QHT.az xəbər verir ki, rəsmi hissə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.
Ardınca tədbiri giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli açaraq Dərələyəz mahalının zəngin tarixi, mədəni irsi və yetişdirdiyi ziyalıların Azərbaycan cəmiyyətindəki rolundan bəhs edib. O, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvləri, professor Mahirə Hüseynova və Faiq Xudayevin Dərələyəz mahalının tarixi-mədəni irsinin yaşadılması, Qərbi Azərbaycana Qayıdış ideyasının təbliği və gənclərlə sistemli işin təşkili istiqamətində həyata keçirdikləri fəaliyyəti yüksək qiymətləndirərək onlara İcmanın təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Dərələyəz İcmasının sədri, professor Mahirə Hüseynova təkcə gənclərin uğurlarının təqdim olunduğu bir görüş olmadığını, həm də milli yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Professor qeyd edib ki, bu gün Qərbi Azərbaycana Qayıdış ideyasının əsas daşıyıcıları məhz gənclərdir. O, Qarabağın işğaldan azad olunmasında gənclərin göstərdikləri qəhrəmanlığı xatırladaraq Qərbi Azərbaycana qayıdış yolunda da aparıcı qüvvənin yenə gənclər olacağına əminliyini ifadə edib. "Qarabağa Zəfəri gətirən gənclər oldu. Biz yaşlı nəsil onların yolunu gözləyirdik. İnanıram ki, Qərbi Azərbaycana qayıdışın da əsas aparıcı qüvvəsi siz – gənclər olacaqsınız. Biz sizə inanırıq və bu inamın haqqını verəcəyinizə əminik", – deyə Mahirə Hüseynova vurğulayıb. Professor Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi elmi-tədqiqat və nəşr layihələrindən də bəhs edərək bildirib ki, hər bir kəndin tarixi, toponimləri, maddi-mədəni irsi və görkəmli şəxsiyyətləri barədə ayrıca kitabların hazırlanması istiqamətində işlər davam etdirilir.
Sonra Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, tədbirin əsas dəyəri yalnız Dərələyəz mənşəli gənclərin qazandıqları fərdi uğurların təqdim olunması deyil, həm də milli yaddaşı, tarixi kimliyi və Qərbi Azərbaycana Qayıdış ideyasını gələcək nəslə ötürən gənclərin bir araya gəlməsidir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, Paşalı rayon İcmasının sədri, dosent Faiq Xudayev çıxışında bildirib ki, "Qayıdışa aparan yol: Dərələyəz gənclərinin uğur hekayələri" adlı tədbir təkcə Dərələyəz mahalından olan gənclərin görüşü deyil, eyni zamanda özündə bütöv bir nəslin keçmişini, bu gününü və gələcəyini yaşadan, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən mühüm bir platformadır. Natiq vurğulayıb ki, tədbirdən əvvəl nümayiş etdirilən sərgidə gənclərin rəsm əsərləri, əl işləri, idman nailiyyətləri və müxtəlif istiqamətlər üzrə qazandıqları uğurlarla tanış olublar. O bildirib ki, həmin nümunələr Dərələyəz mahalının əsrlər boyu istedadlı insanlar yetişdirdiyini bir daha təsdiqləyir. Tarixən bu torpaqlar Azərbaycanın elm, mədəniyyət və ictimai fikir həyatına böyük töhfələr vermiş ziyalılar yetişdirib və bu günün gəncləri də həmin ənənəni uğurla davam etdirirlər. Faiq Xudayev qeyd edib ki, tədbirdə iştirak edən gənclərin əksəriyyəti Dərələyəzdə doğulmayıb. Bununla belə, onların hər biri öz qəlbində doğma yurd sevgisini, Qərbi Azərbaycana bağlılığı və qayıdış arzusunu yaşadır.
Tədbirdə Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Adıgözəlli Ramal çıxış edərək buraxılış imtahanında əldə etdiyi 300 ballıq nəticənin ona daha böyük hədəflər müəyyənləşdirməyə stimul verdiyini bildirib. Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, ictimai fəal İlahə Xudayeva da çıxış edərək beynəlxalq təhsil təcrübəsi, müxtəlif ölkələrdə iştirak etdiyi olimpiada və müsabiqələr barədə danışıb. Hazırda Honkonq Universitetində təhsil alan gənc bildirib ki, dünyanın müxtəlif ölkələrində əldə etdiyi uğurlar Azərbaycanın və Qərbi Azərbaycandan olan gənclərin potensialını nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır.
0 Rəy