Regionlardan paytaxta miqrasiya: gənclərin seçim səbəbləri
Son illərdə gənclərin böyük şəhərlərə miqrasiyası iqtisadi baxımdan diqqət çəkən tendensiyalardan birinə çevrilib. Regionlarda iş imkanlarının məhdudluğu, əməkhaqlarının nisbətən aşağı olması və karyera inkişafı perspektivlərinin zəif görünməsi bir çox gənci paytaxt və iri şəhərlərə üz tutmağa sövq edir.
Mövzu ilə bağlı QHT.az-a İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı - ekspert Eyyub Kərimli açıqlama verib.
shushainfo.com açıqlamanı təqdim edir:
"Bu gün ölkəmizdə paytaxt və regionlar arasında tarazlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət proqramı qəbul olunub. Hesab edirəm ki, hazırda regionlarda gənclərin məşğulluğa cəlb edilməsi üçün ilk növbədə biznes mühiti daha da təkmilləşdirilməli və sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmalıdır.
Eyni zamanda gənclərin bölgələrdə bizneslə məşğul olması üçün vergi güzəştləri və digər stimullaşdırıcı mexanizmlər tətbiq edilməlidir. Bəzi hallarda maliyyə dəstəyinin göstərilməsi də faydalı ola bilər. Bu addımlar gənclərin regionlarda qalaraq fəaliyyət göstərməsinə, sahibkarlıqla məşğul olmasına və özünüməşğulluğun təmin edilməsinə müsbət təsir göstərəcək.
Digər tərəfdən, regionlarda insanların sosiallaşması üçün daha geniş imkanlar yaradılmalıdır. Əyləncə və istirahət məkanlarının, ticarət mərkəzlərinin, mədəniyyət və sosial mərkəzlərin fəaliyyət göstərməsi vacibdir. Bu, gənclərin asudə vaxtını daha səmərəli və maraqlı keçirməsinə şərait yaradar. Çünki bəzi hallarda insanlar yalnız gəlir əldə etmək məqsədilə deyil, həm də sosial mühit və daha rəngarəng həyat tərzi axtarışı ilə paytaxta üz tuturlar.
Bununla yanaşı, kommunal xidmətlərin tam təmin olunması da regionların inkişafına ciddi təsir göstərən amillərdəndir. Kənd və rayonlarda su, qaz, elektrik enerjisi və internet xidmətlərinin dayanıqlı və əlçatan olması insanların həyat keyfiyyətini artırır.
Təhsil imkanlarının genişləndirilməsi də mühüm məsələlərdən biridir. Hesab edirəm ki, regionlarda universitetlərin yaradılması və ya mövcud ali təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi bu istiqamətdə atılacaq ən təsirli addımlardan ola bilər. Çünki universitetlər hər bir regionun sosial və iqtisadi inkişafında mühüm rol oynayır.
Eyni zamanda istehsal və emal müəssisələrinin regionlarda yerləşdirilməsi yeni iş yerlərinin açılmasına, iqtisadi fəallığın artmasına və bölgələrin inkişafına əhəmiyyətli töhfə verə bilər".
0 Rəy