“Kəlağayı” layihəsinin rəhbəri: Hər birimiz şəhid analarına borcluyuq
Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin anaları xalqımızın ən yüksək dəyər verdiyi, ehtiramla yanaşdığı şəxsiyyətlərdəndir. Onların yaşadığı dərd və acı heç nə ilə ölçülə bilməz. Bu analara ehtiramla yanaşmaq, onların üzünə təbəssüm, qəlbinə bir az da olsa təsəlli bəxş etmək hər birimizin mənəvi borcumuzdur. Məhz bu məqsədlə irəli sürdüyüm təşəbbüs əsasında “Sahibkar Qadınlar” İctimai Birliyi tərəfindən “Kəlağayı” layihəsi həyata keçirilir. Layihə ilk dəfə bu il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə təqdim olunub. Əsas məqsədimiz şəhid analarının qara kəlağayısını simvolik olaraq qızılı kəlağayı ilə əvəz edərək, onlara cəmiyyətin sevgisini və dəstəyini hiss etdirməkdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Sahibkar Qadınlar” İctimai Birliyinin (İB) sədri Zemfira Ağayeva bildirib.
Layihənin mahiyyəti və həyata keçirilmə prosesi ilə bağlı məlumat verən İB sədri deyib: “Layihə şəhid anaları tərəfindən müsbət qarşılandı və tədbir ərəfəsində onlar qara kəlağayını qızılı kəlağayı ilə dəyişdilər. Anaların üzündəki sevinc bu ideyanın nə qədər doğru olduğunu göstərdi və biz bu təşəbbüsü genişləndirməyi qərara aldıq. Sonra bu tədbirlər Ağdaşda, Xaçmazda, paytaxtımızın Yasamal rayonunun şəhid anaları üçün təşkil olundu. Gələcəkdə belə tədbirləri dövlət qurumlarının maliyyə dəstəyi ilə həyata keçirməyi planlaşdırırıq”.
Qızılı kəlağayılar Şəki şəhərində “Sahibkar Qadınlar” İctimai Birliyinin sifarişi əsasında xüsusi olaraq şəhid anaları üçün hazırlanır və hər detalı dizayn edilir: “Müqaviləyə əsasən qızılı kəlağayılar modeli yalnız şəhid anaları üçün nəzərdə tutulub. Hazırda layihə yalnız “Sahibkar Qadınlar” İctimai Birliyinin üzvlərinin şəxsi dəstəyi ilə həyata keçirilir. Hər birimiz bu təşəbbüsə könüllü şəkildə töhfə veririk. Gələcəkdə isə dövlət qurumlarının dəstəyi ilə layihəni daha geniş miqyasda reallaşdırmağı planlaşdırırıq”.
Layihənin gələcək mərhələlərində onun digər bölgələri də əhatə etməsi, daha geniş auditoriyaya çatdırılması planlaşdırılır: “Başqa qadın qruplarının da “Kəlağayı” layihəsini həyata keçirmələrini istərdik. Layihə nə qədər çox dəstəklənərsə, bizim üçün sevindirici və qürurvericidir. Hər birimiz şəhid analarına borcluyuq”.
0 Rəy