"İnsan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyası aktual məsələdir"- Anar Xəlilov

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov QHT.az-a açıqlamasında insan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyasının əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, dövlət insan alverindən zərər çəkmiş şəxslərə qanunvericiliyə uyğun olaraq dəstək göstərir, onlara müavinətlər ayrılır, sığınacaqlar təklif olunur və məşğulluq problemlərinin həlli üçün tədbirlər görülür.

Anar Xəlilovun sözlərinə görə, insan alveri qurbanlarına yalnız dövlətin deyil, cəmiyyətin də dəstəyi vacibdir:

“Xüsusilə vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə fəaliyyəti yüksək qiymətləndirilməlidir. Zərər çəkmiş insanlara mənəvi, psixoloji və digər dəstəklər vətəndaş cəmiyyəti tərəfindən təmin olunmalıdır. Bu şəxslər özlərini tək hiss etməməli, məşğulluq problemləri həll edilməlidir. Eyni zamanda, əhali arasında maarifçilik işləri də aparılmalıdır.”

O qeyd edib ki, zərər çəkmiş şəxslərə qarşı cəmiyyətdə bəzən mənfi yanaşmalar müşahidə olunur və bu münasibətlər dəyişdirilməlidir:

“Heç kim qurbana çevrilməkdən sığortalanmayıb. İnsan alveri qurbanlarının taleyi hər kəsi düşündürməli və onlara dəstək göstərilməlidir.”

Anar Xəlilov cəmiyyəti insan alveri qurbanlarına qarşı həssas və anlayışlı olmağa çağırıb, onların reinteqrasiyası üçün birlikdə çalışılmasının vacibliyini vurğulayıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin