"QHT-lərin iqlim dəyişikliyi ilə mübarizədə rolu böyükdür" - QHT sədri

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a özəl açıqlamasında QHT-lərin iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynadığını vurğulayıb. O, qeyd edib ki, qeyri-hökumət təşkilatları olaraq hər həftə məktəblərdə, universitetlərdə və bəzi dövlət orqanlarında maarifləndirici tədbirlər keçirirlər.

İradə Həsənova bildirib ki, həm lisey və məktəblər, həm də QHT-lər birgə iqlim dəyişikliyinin mahiyyətini və COP-un (BMT İqlim Dəyişikliyi Konfransı) əhəmiyyətini izah etməyə çalışırlar. Bununla yanaşı, ağacəkmə və təmizlik aksiyaları da həyata keçirilir. O, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvan, Zəngəzur və Qarabağda yaşıl enerjiyə keçid dövrünə start verilməsini önəmli addım kimi qiymətləndirib.

“Yaşıl enerjiyə keçid iqlim dəyişikliyinin qarşısının alınmasında mühüm rol oynayır. Bizim əsas vəzifəmiz insanları maarifləndirməkdir,” – deyə Həsənova vurğulayıb.

Onun sözlərinə görə, Daşkəsən, Hacıkənd və Gəncə Aqrar Universitetində də layihələr icra edilib və COP29 konfransında karbon emissiyasının azaldılması, metan qazının azalması və yaşıl enerjiyə keçid kimi məqsədlər ön plana çıxarılıb. Həsənova gənclərin bu mövzuda fəal iştirakını təmin etməyə çalışdıqlarını və onların potensialının bu sahədə böyük olduğunu qeyd edib.

Eyni zamanda, su ehtiyatlarının azalması məsələsi də ciddi narahatlıq doğurur. Bu çərçivədə ADA Universitetində Macarıstanla birlikdə beynəlxalq tədbir keçirilib, burada Bolqarıstan və Qazaxıstandan nümayəndələr öz təkliflərini irəli sürüblər.

"Su və yaşıl enerjiyə keçid ən vacib məsələlərdən biridir," - deyə QHT sədri bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin