Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bildirib ki, ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan qurub.
“Əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan qurub. Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir”, – deyə dövlət başçısı vurğulayıb.
İlham Əliyev qeyd edib ki, 2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Onun sözlərinə görə, ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb marşrutu və Şimal-Cənub marşrutu üzrə Azərbaycandan keçən yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır.
Belə desək, 30 milyon tondan söhbət gedir. Ümumiyyətlə, Azərbaycan son illərdə Avrasiya məkanında əsas tranzit-logistika mərkəzlərindən birinə çevrilmək istiqamətində iri infrastruktur layihələrini davam etdirir. Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz üzrə yükdaşımaların artırılması məqsədilə dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və logistika infrastrukturuna milyardlarla dollar həcmində investisiyalar yatırılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın Avropa ilə Asiya arasında tranzit qovşağı kimi mövqeyinin gücləndirilməsinə yönəlib.
Bəs bir-birinə antaqonist güc mərkəzlərinin logistika maraqlarının toqquşduğu bir yol üstündə yerləşən Azərbaycan üçün hər hansı risk varmı?
Vüqar Bayramov: Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır - AZƏRTAC
Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a şərhində bildirib ki, Prezidentin həm Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü çərçivəsindəki çıxışında, həm də Azərbaycanda səfərdə olan Kamboca və Laos rəhbərləri ilə görüşündə qeyd etdiyi mühüm məqamlardan biri məhz beynəlxalq daşımalar, eləcə də nəqliyyat dəhlizləri ilə bağlı olub: “Azərbaycan nəqliyyat dəhlizlərini dəstəkləyən ölkələrdən biridir. Həm Şimal-Cənub, həm Orta Dəhliz, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin infrastrukturunun genişləndirilməsi Azərbaycan tərəfindən həm maliyyə olaraq, həm də logistik və elektron olaraq dəstəklənir.
Nəzərə alaq ki, ölkə başçısı tərəfindən xüsusilə beynəlxalq daşımalarla bağlı hədəflər müəyyənləşdirilib. İlk növbədə bütün növ yük daşımalarının həcminin 16 milyon tondan 25 milyon tona çatdırılması hədəfi qoyulub. Gözləntinin reallaşması bütövlükdə Azərbaycanın belə yük daşımalarından əldə etdiyi gəliri 5 milyard manata qədər artıra bilər. Bu da təbii ki, Azərbaycan üçün yeni və daha böyük gəlir mənbəyidir. Nəqliyyat dəhlizlərinin genişləndirilməsi birmənalı şəkildə ölkəyə daxil olan valyutanın həcminin artmasına gətirib çıxaracaq”.
Nigar Həsənli,
0 Rəy