Rusiyadan Zəngəzur dəhlizinə yeni açıqlama
Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini ABŞ-ın Ermənistanın cənubunu uzunmüddətli nəzarətinə keçəcəytini iddia edir
Musavat.com erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistanın Azərbaycanla sərhədində, Zəngəzur istiqamətində həyata keçirilməsi planlaşdırılan “Tramp marşrutu” ilə bağlı sərt açıqlamalar verib.
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistanın cənubunda nəqliyyat kommunikasiyalarının inkişafı ilə bağlı alternativ yanaşmanın mümkün olduğunu bildirib.
Şevtsovun sözlərinə görə, keçmiş SSRİ-nin cənub sərhədləri boyunca ötən əsrin 30-cu illərində yaradılmış nəqliyyat infrastrukturu vaxtilə regionun iqtisadi həyatında mühüm rol oynayıb. Onun fikrincə, hazırda keçmiş Zaqafqaziya dəmir yolunun Meğri hissəsinin bərpası böyük maliyyə və uzunmüddətli investisiya tələb edir.
Rusiya rəsmisi hesab edir ki, belə bir layihənin səmərəli işləməsi üçün əvvəlcədən kifayət qədər və zəmanətli yük axınının olması vacibdir. Şevtsovun fikrincə, Ermənistanla İran arasında dəmir yolu əlaqəsinin bərpasının ən sadə variantlarından biri tranzitin Azərbaycanın Naxçıvan ərazisindən keçirilməsinin bərpasıdır. Şevtsov Rusiyanın Cənubi Qafqazda nəqliyyat əlaqələrinin və dəmir yollarının bərpasını həmişə dəstəklədiyini bildirib. O, bu kontekstdə “Şimal-Cənub” layihəsini nümunə göstərərək, belə təşəbbüslərin region ölkələrinin tranzit gəlirlərinin artırılmasına və logistikanın inkişafına xidmət edə biləcəyini deyib.
Rusiya rəsmisinin iddiasına görə, “Tramp yolu” üçün hazırlanmaqda olan mexanizm Ermənistanın suverenliyinə ciddi təsir göstərə bilər. Şevtsovun açıqlamalarında xüsusilə marşrutun idarə olunması, şirkətin səhmdarlıq strukturu, hüquqi yurisdiksiya və təhlükəsizlik məsələləri önə çəkilir. Onun sözlərinə görə, layihə çərçivəsində yaradılması nəzərdə tutulan ABŞ-Ermənistan şirkətində Amerika tərəfinin payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq. Rusiya rəsmisi hesab edir ki, Ermənistanın şirkətdə nəzarət paketinə malik olmaması İrəvanın layihə üzərində real təsir imkanlarını məhdudlaşdıra bilər.
Şevtsovun açıqlamasında diqqət çəkən digər məqam marşrutla bağlı mümkün hüquqi mübahisələrin hansı yurisdiksiyada həll olunacağıdır. Rusiya tərəfi iddia edir ki, layihə çərçivəsində mübahisələrin ABŞ və xüsusilə Nyu-York ştatının qanunvericiliyi əsasında həll edilməsi nəzərdə tutulur. Bu isə Ermənistanın ərazisində xarici operatorun hüquqi statusu baxımından da ciddi əhəmiyyət daşıyacaq. Şevtsov bu mexanizmi Ermənistan ərazisində “dövlət daxilində dövlət” modelinin yaranması kimi qiymətləndirir. Bu isə hazırda Rusiya tərəfinin verdiyi siyasi-hüquqi qiymətləndirmədir və layihənin yekun sənədləri əsasında ayrıca yoxlanılmalıdır. Moskvanın əsas narahatlıqlarından biri də marşrutun təhlükəsizliyidir. Şevtsovun sözlərinə görə, marşrutun təhlükəsizliyinin müəyyən hissəsinin yeni yaradılacaq şirkətə verilməsi ABŞ-ın bölgədə təhlükəsizlik iştirakını genişləndirə bilər. Rusiya rəsmisi hətta ABŞ-ın özəl hərbi şirkətlərinin və digər təhlükəsizlik strukturlarının Ermənistanın cənubunda fəaliyyət göstərə biləcəyini iddia edir.
Onun fikrincə, bunun İran sərhədinə yaxın ərazidə baş verməsi Tehran üçün ayrıca təhlükəsizlik problemi yarada bilər.Burada xüsusilə mühüm məqam marşrutun coğrafiyasıdır. Söhbət Ermənistanın Sünik bölgəsindən, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılacağı ərazidən gedir. Buna görə layihənin yalnız Ermənistan-Azərbaycan münasibətləri deyil, Azərbaycan, İran, ABŞ və Rusiya arasındakı regional geosiyasi balans baxımından da nəticələri ola bilər.
0 Rəy