Üç türk ordusunun Xəzər təlimi – MESAJ kimədir?

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə keçiriləcək “Birliyin Gücü – 2026” birgə hərbi təlimi diqqəti təkcə iştirakçı ölkələrin tərkibinə görə deyil, həm də seçilən coğrafiyaya görə cəlb edir. Qarabağ, Naxçıvan və Xəzər – üç strateji istiqamətdə keçiriləcək təlim regional təhlükəsizlik baxımından hansı məna daşıyır?

Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib - VİDEO

Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçiriləcək. Müdafiə Nazirliyinin məlumatına görə, üç mərhələdən ibarət olacaq təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasındakı “Qarabağlar” Təlim Mərkəzində, həmçinin Xəzər dənizinin Azərbaycanın ərazi sularına aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda təşkil olunacaq.

Təlimə şəxsi heyətlə yanaşı, döyüş texnikaları, dəniz və aviasiya vasitələri, eləcə də pilotsuz uçuş aparatları cəlb ediləcək. Rəsmi məlumata əsasən, əsas məqsəd birgə əməliyyatlara hazırlıq səviyyəsini yüksəltmək, qoşunların koordinasiyasını və təlim prosedurlarını standartlaşdırmaq, həmçinin bölmələrin yeni döyüş imkanlarını təkmilləşdirməkdir. Artıq Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri təlimdə iştirak etmək üçün Azərbaycana gəlib. Təlimin keçirilməsi ilə bağlı açıqlanan coğrafiya isə ayrıca diqqət çəkir. Qarabağ Azərbaycanın hərbi-strateji baxımdan xüsusi əhəmiyyət daşıyan bölgələrindən biridir. Naxçıvan Türkiyə ilə birbaşa quru əlaqəsi baxımından mühüm istiqamət sayılır. Xəzərdə “Böyük Zirə” təlim rayonunun seçilməsi isə quru və hava komponentləri ilə yanaşı, dəniz imkanlarının da birgə hazırlıq prosesinə daxil edildiyini göstərir.

Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib - VİDEO

Bəs Azərbaycan, Türkiyə və Özbəkistan kimi üç türk dövlətinin ordularının eyni təlimdə iştirakı hansı mesajları ehtiva edir? Bu formatın regional təhlükəsizlik arxitekturasında rolu necə dəyişə bilər?

Ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, bu cür təlimlər uzun müddətdir davam edən hərbi əməkdaşlıq prosesinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra Türkiyə ilə hərbi əməkdaşlığının daha da intensivləşməsi, eyni zamanda digər türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi yeni əməkdaşlıq imkanları yaradıb:

“Torpaqlarımızın azad edilməsi ilə nəticələnən müharibə Azərbaycanın böyük uğurudur. Bundan sonra Şuşa Bəyannaməsi imzalandı. Türk dünyasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində də müxtəlif addımlar atıldı. Bu, yalnız Azərbaycan, Türkiyə və Özbəkistan arasında keçirilən ilk hərbi əməkdaşlıq formatı deyil. Bundan əvvəl də Azərbaycanla Qazaxıstan arasında müxtəlif təlimlər keçirilib, Türkiyə ilə digər türk dövlətləri arasında hərbi əməkdaşlıq genişlənib. Yəni bu istiqamətdə hazırlıqlar uzun müddətdir davam edir. Azərbaycanın Özbəkistanla əlaqələri, Türkiyənin son illərdə türk dövlətləri ilə hərbi əməkdaşlığa artan marağı və ordu quruculuğu sahəsində təcrübə mübadiləsi bu prosesin mühüm elementləridir. Mərkəzi Asiyada təhlükəsizlik məsələləri getdikcə daha çox ön plana çıxır. Özbəkistan kimi böyük əhali və ərazi potensialına malik dövlət üçün də ordunun müasir tələblərə uyğun inkişaf etdirilməsi vacib məsələlərdən biridir. Türkiyənin hərbi sahədə təcrübəsi isə bu prosesdə mühüm rol oynayır. Digər tərəfdən, regionda müxtəlif güc mərkəzlərinin maraqları var. Buna görə də Azərbaycan, Türkiyə və Özbəkistan arasında hərbi əməkdaşlığın dərinləşməsi regional dövlətlərin öz təhlükəsizlik imkanlarını artırmaq cəhdləri kontekstində də nəzərdən keçirilə bilər. Bu baxımdan, “Birliyin Gücü – 2026” təliminin keçirilməsi həm hərbi hazırlıq, həm də üç ölkənin birgə fəaliyyət imkanlarının yoxlanılması baxımından əhəmiyyətlidir. Gələcəkdə belə təlimlərin daha geniş formatda keçirilməsi də mümkündür”.

Polkovnik icra başçısından prezidentə şikayət etdi

R.Məhərrəmov qeyd edib ki, Azərbaycanın ordu quruculuğunda Türkiyə modelinə keçid istiqamətində atdığı addımlar da bu cür təlimlərin əhəmiyyətini artırır: “Azərbaycan uzun müddətdir NATO standartlarına uyğunlaşma və Türkiyə modelinə əsaslanan ordu quruculuğu istiqamətində fəaliyyət göstərir. Bu prosesin müxtəlif elementləri artıq tətbiq edilir. Belə təlimlər isə fərqli ölkələrin hərbi qulluqçularının eyni komandanlıq və təlim prosedurları çərçivəsində fəaliyyət göstərmək bacarığını artırır. Burada əsas məsələ yalnız hərbi texnikanın nümayiş etdirilməsi deyil. Əsas məsələ müxtəlif orduların koordinasiyası, birgə qərarvermə, rabitə, logistika və əməliyyatların uzlaşdırılmasıdır. Bu baxımdan, təlimlərin sayının və miqyasının artması gələcəkdə hərbi əməkdaşlığın daha da dərinləşməsinə səbəb ola bilər”.

Qeyd edək ki, “Birliyin Gücü – 2026” təliminin diqqət çəkən tərəflərindən biri də onun üç fərqli coğrafi məkanda keçirilməsidir. Qarabağ, Naxçıvan və Xəzərin eyni təlim ssenarisinə daxil edilməsi quru, hava və dəniz komponentlərinin qarşılıqlı fəaliyyətinin sınaqdan keçirilməsinə imkan yaradır. Rəsmi açıqlamada da təlimdə dəniz və aviasiya vasitələri, eləcə də PUA-ların iştirak edəcəyi bildirilib. Bu səbəbdən təlimin yalnız ikitərəfli və ya üçtərəfli hərbi əməkdaşlıq çərçivəsində deyil, türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin genişlənməsi prosesinin bir hissəsi kimi qiymətləndirilməsi mümkündür.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin