Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə TDT-nin Baş katibi, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dini sahəyə məsul dövlət qurumlarının rəhbərləri iştirak edirlər.

Türk xalqlarının ortaq milli-mənəvi, mədəni dəyərlərinin qorunması, müvafiq dövlət orqanları arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılacaq. Toplantıda dövlət-din münasibətlərinin tənzimlənməsi, maarifləndirmə, qanunvericilik və idarəetmə sahələrində kadr hazırlığı üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçiriləcək. Bununla yanaşı, türk xalqlarının ortaq dini-mədəni irsini əks etdirən abidələrin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması, məzhəblərarası anlaşmanın, konfessiyalararası dialoqun, İslam həmrəyliyinin təşviqi, dini radikalizmə, ekstremizmə qarşı mübarizə sahəsində təcrübə, eləcə də, məlumat mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Toplantının əsas mövzularından biri TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumları arasında daimi əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüs üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə, qarşılıqlı fəaliyyətin institusional əsasda inkişafına və əməkdaşlığın daha da genişləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Sonda tərəflərin razılaşdırılmış mövqeyini və əməkdaşlıq istiqamətlərini əks etdirən Kommünikenin imzalanması nəzərdə tutulur.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin