Ermənistan ABŞ-la TRIPP sazişini İMZALADI

Ermənistan və ABŞ TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) üzrə çərçivə sazişi imzalayıblar.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Sənəd 26 mayda ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflanmışdı.

Ermənistan XİN sənəd imzalanarkən xarici işlər naziri Ararat Mirzoyanın çıxış etdiyi videonu da yayıb.

O bildirib:

“Əziz vətəndaşlar, bir neçə saniyə əvvəl sizin gözü önünüzdə ABŞ və Ermənistan arasında TRIPP üzrə çərçivə sazişini imzaladım. Xatırlayırsınız, bir neçə gün əvvəl bu sənəd mənim və ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflanmışdı. Daha sonra cənab Rubio sənədi imzaladı, sənəd Ermənistana göndərildi və indi mən də Ermənistan tərəfi olaraq imzamı qoydum. Bununla məsafədən imzalanma prosesi başa çatdı və saziş ratifikasiya üçün hazırdır”.

Nazir sənədin mümkün ratifikasiyasının vaxtını və saziş qüvvəyə mindikdən sonra layihənin həyata keçirilmə mərhələlərini dəqiqləşdirməyib.

TRIPP (Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu) layihəsi Ermənistanın Zəngəzur vilayəti (Sünik) üzərindən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Bildirilir ki, bu marşrut tamamilə Ermənistanın yurisdiksiyası daxilində fəaliyyət göstərəcək və ölkənin suverenliyinə toxunmayacaq.

Layihəyə əsasən, Ermənistan ABŞ-a marşrutun inkişafı üçün 99 ilə qədər eksklüziv uzunmüddətli hüquqlar verəcək. 

Eyni zamanda ABŞ-ın nəzarət payına sahib olduğu bir şirkətin yaradılması planlaşdırılır, Ermənistan isə əsas məsələlər üzrə nəzarət mexanizmlərinə malik olacaq. İlk mərhələdə ABŞ-a 74%, Ermənistana isə 26% pay təklif olunur; saziş uzadılarsa, Ermənistanın payının 49%-ə qədər artırılması mümkün ola bilər.

Xatırladaq ki, Azərbaycanda "Zəngəzur dəhlizi" adı ilə tanınan TRIPP marşrutu işə düşdükdən sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolu açılacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin