Laçın–Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması möhkəm siyasi iradənin göstəricisi idi - ŞƏRH

2023-cü ilin aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulduğu tarix bu gün Azərbaycan dövlətçiliyi baxımından konkret nəticələr doğuran bir qərar kimi xatırlanır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva söyləyib.

O bildirib ki, uzun müddət mübahisə predmeti olan bu yol artıq qeyri-müəyyənlik zonasından çıxarıldı və burada beynəlxalq hüququn tələb etdiyi sərhəd rejimi tətbiq olundu. Bu, həm də postmünaqişə mərhələsində Azərbaycanın idarəetmə modelinin necə qurulduğunu göstərən konkret nümunəyə çevrildi.

“Laçın–Xankəndi yolunun başlanğıcında buraxılış məntəqəsinin qurulması siyasi iradənin sərt və ardıcıl tətbiqinin göstəricisi kimi çıxış etdi. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Azərbaycan həm daxili təhlükəsizlik risklərini minimuma endirdi, həm də regionda yeni davranış qaydalarını formalaşdırdı”,-deyə Z.Qarayeva deyib.

Politoloqun sözlərinə görə, buraxılış məntəqəsi təkcə nəzarət mexanizmi deyil, eyni zamanda, mesaj idi: ölkə öz suveren hüquqlarını praktiki müstəvidə reallaşdırmaq iqtidarındadır. Bu yanaşma regionda gələcək proseslər üçün çərçivə yaratdı və göstərdi ki, bundan sonra bütün məsələlər hüquqi və dövlət nəzarəti prizmasından tənzimlənəcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin