Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə...

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva qazın qiymətini artırsa, ölkəsi KTMT və Avrasiya İqtisadi İttifaqından çıxacaq. Bununla belə, ümidlə əlavə eləmişdi ki, vəziyyət o həddə çatmayacaq.

Belə bir bəyanat Rusiyanın siyasi dairələrində qıcıq qarışıq təlaş yaradıb. Çünki Kremldə fərqindədirlər ki, istənilən şər işdə xeyir başlanğıcı da var – axtaranlar üçün təbii ki. Yaxud çevik və ağıllı siyasətçilər hansısa riski (hədəni, təzyiqi) şansa və ya fürsətə də çevirə bilirlər...

“Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya qazının qiymətləri qalxacağı təqdirdə Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən çıxacağı barədə iddiası səhvdir”.

Bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev söyləyib.

Onun zənnincə, məsələnin “bu şəkildə qoyulmasının” özü yanlışdır.

Yada salaq ki, aprelin 1-də Kremldə Prezident Vladimir Putin Baş nazir Nikol Paşinyanla bildirmişdi Avropada qaz qiymətləri min kubmetr üçün 600 dollardan yüksək olduğu halda, Rusiya Ermənistana qazı 177,5 dollara satır.

Bu məqamı yada salan Kosaçev ardınca yenə təhdid xarakterli sözlər işlədib. Sitat: “Rusiya qazının hazırkı qiyməti Ermənistan iqtisadiyyatının inkişafı üçün güclü stimul yaradır və ölkədə sosial və siyasi sabitliyin vacib amilidir. Və bu, Avropada və dünyada ciddi enerji böhranı ilə yanaşı baş verir. Ermənistan siyasətçilərinin qiymət siyasətində hipotetik dəyişikliklər barədə fərziyyə irəli sürməkdənsə Rusiyanın Ermənistana dəstəyinin miqyasını nəzərə alması ədalətli və dürüst olardı”.

Yəni, minnət öz yerində, Paşinyan hökuməti daxildəki “sosial və siyasi sabitliyə” görə ən əvvəl ucuz Rusiya qazına minnətdar olmalı, naşükürlük etməməlidir. Təhdidin “buynuzu” olmur ki.

Doğru, qazla təzyiq Moskvanın əlində güclü silah kimi görünür. Amma bu silah Rusiyanın özünü də “kəsə”, yaralaya bilər. Məsələ təkcə Azərbaycan daxil, alternativ enerji mənbələrini tapmaqdan getmir. “Fors-major” vəziyyətdə Bakı İrəvana bu köməyi də edər. Daha mühümü Ermənistan toplumunda Kremlə olan-qalan inamın sarsılması perspektividir...

“Rusiyada anlayırlar ki, bu məsələ yalnız mövcud hakimiyyətin yox, həm də bütöv cəmiyyətin baxışıdır, Ermənistan cəmiyyəti Rusiya və KTMT ilə münasibətləri yenidən nəzərdən keçirir”.

Bunu isə erməni politoloq Styopa Safaryan deyib.

“Rusiyanın Ermənistanı “sol cib”inə, Azərbaycanı isə “sağ cib”inə qoymaq planı alınmadı, onların Qafqazla bağlı bu siyasəti məhv edildi”, - erməni ekspert vurğulayıb (Teleqraf.az).

Onun fikrincə, Rusiya Ermənistanla bağlı nə edəcəyini bilmir: “Ermənistanı cəzalandırmaq onu Rusiyanın istəmədiyi istiqamətə daha sürətlə getməyə məcbur etmək deməkdir, cəzalandırmamaq isə Ermənistanın suveren siyasət çərçivəsində etdiklərini davam etdirməsinə imkan verməkdir. Əgər Ermənistanın Avrasiya bazarına çıxışını bağlasalar - bununla hədələyirlər - bu da problemli addım olardı. Çünki Lars yolunu bağlamaq Rusiyanın Qafqaza yeganə yolunu bağlamaq deməkdir. Üstəlik, belə addımlar İrəvanı Moskvanın ölümcül dərəcədə qorxduğu qərarlar qəbul etməyə sövq edə bilər”.

Putinin Ermənistandakı rusiyameyilli qüvvələrlə bağlı bəyanatına toxunan Safaryan bildirib ki, Rusiya lideri bu çıxışı ilə əslində həmin qüvvələrə zərər vurub: “Başqa bir ölkənin prezidentinin digər ölkədə daxili işlərə müdaxilə edən qüvvələrə sahib olduğunu deməsi rüsvayçılıqdır. Bu, həmin siyasi qüvvələrin dəfn olunması deməkdir”.

Safaryana görə, Putinin həmin bəyanatı Ermənistan Mərkəzi Seçki Komissiyasının həmin qüvvələri qeydiyyata almaması üçün kifayət edir.

İndi bir daha aydın oldumu ki, Kremldə gərgin 1 aprel danışıqlarının qalibi kimdir? Demək, Nikol Paşinyana qarşı fiziki təzyiq üsulları ciddiləşə bilər...(musavat.com)

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin