Avropa missiyası Ermənistanla sərhədə İrana görə yerləşdirilib – ŞOK açıqlama
Avropa İttifaqının (Aİ) müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində 8000-ci patrul missiyasını qeyd ediblər. Ölkələr sülh müqaviləsini paraflayıb, Azərbaycandan Ermənistana yüklər gedir, Aİ isə hələ də sərhəddə nəyisə “müşahidə” edir.
Bu missiya da ATƏT-in Minsk Qrupu kimi artıq lazımsız bir təsisat deyilmi? Ermənistan hökuməti onun qalmasında nə üçün maraqlıdır?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Avropa İttifaqının müşahidə missiyasına həqiqətən də heç bir ehtiyac qalmayıb:
“Sərhədlərin delimitasiyasına da Qazax istiqamətində başlanıb. 8 avqust 2025-ci il Vaşinqton razılaşmaları ortada olduğu halda o müşahidə missiyasının Ermənistana nəyə lazım olduğu maraqlıdır. Avropa İttifaqının pullarını bu cür saxta və mənasız missiyalar adı altında dağıdırlar.
Əslində, Ermənistandakı müşahidə qrupunda Kanadanın da nümayəndələri peyda olursa, bu artıq Avropa İttifaqından kənara çıxmış missiya halını alır. Bu missiyanın tərkibinə baxanda onların böyük əksəriyyəti xüsusi xidmət orqanlarının əməkdaşlarından, kəşfiyyatçılardan ibarət olduğunu görürük. İlk vaxtlardan məhz belə olub və biz o zaman da deyirdik ki, bu missiya daha çox İrana görə Ermənistana göndərilib və kəşfiyyat məlumatları toplayırlar. Belə bir missiyanın Ermənistana göndərilməsi bugünkü İran müharibəsinə hazırlıq mərhələsi idi. Onlar İran barədə Aİ-yə, Amerikaya məlumatlar ötürməklə məşğul olublar. Missiya Azərbaycanla yanaşı, İranı müşahidə etməklə məşğul olub və bu gün də belədir”.
Ç.Qənizadə qeyd edib ki, Aİ missiyasının Ermənistanda saxlanması Azərbaycanda, sadəcə, müəyyən qıcıq yaradır:
“İrəvan sülh sazişi məsələsində səmimidirsə, o zaman müşahidə missiyasının fəaliyyətinə ehtiyac qalmadığın rəsmən bəyan edib onu ölkədən çıxarmalıdır”.
Etibar Seyidağa,
0 Rəy