İrəvanın Bakıya qarşı “mart hoqqası” – KRİTİK 3 AY
Ermənistanda iyunun 7-ə nəzərdə tutulan kritik parlament seçkilərinə təxminən 3 ay qalır. Martda isə yeni konstitusiya layihəsinin ictimai müzakirəyə təqdim olunması gözlənilir. Bu barədə ölkənin ədliyyə naziri həftələr öncə anons edib. Hərgah, nazir müavini Tiqran Dadunts mətnin bu ay dərc olunması ilə bağlı hələlik yekun qərar vermədiklərini açıqlayıb. Sitat: “Əgər mətnin tam olduğundan əmin olsaq, düşünürəm ki, heç bir problem olmayacaq. Bununla belə, ictimaiyyət təbii olaraq həmin mətn haqqında biləcək, o, müəyyən mərhələdə dərc olunacaq, çünki biz cəmiyyətlə işləməliyik”.
İstənilən halda seçkilərədək Bakı və Ankara ilə barışıq planının bütün detalları geniş ictimaiyyətə bəlli olacaq. Təzə konstitusiyada isə Azərbaycana və Türkiyəyə ərazi iddialarının yer almayacağı ehtimalı böyükdür.

Çünki bu, Bakının sülh müqaviləsi imzalaması üçün sonuncu şərti və tələbi. Aydındır ki, Azərbaycanla sülh əleyhdarları bunun reallaşmaması üçün hər şeyi edəcəklər. Bunlar – erməni kilsəsi və rusiyalı oliqarx-milyarder Samvel Karapetyanın daxil olduğu Rusiya yönlü qüvvələr, üstəgəl, erməni diasporu-daşnaklardır. Hələ ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasından fərqli olaraq, “müharibə partiyası”nın parlament seçkilərinə vahid siyahı ilə getməsi alınmır. Qrup və klandaxili ziddiyyətlər, ambisiyalar imkan vermir. Bu da əslində, iqtidar partiyasının əlinə işləyir.
Rusiyanın qarşıdakı seçkilərə kiber müdaxilə imkanları da diqqətdən qaçırılmamalıdır. Təsadüfi deyil ki, rəsmi İrəvan bu müdaxilələri önləmək üçün Avropa İttifaqından xüsusi qrup dəvət edib. Eyni qrup ötən il Moldovadakı seçkilər zamanı da fəaliyyət göstərib və özünü doğruldub.
Bəs seçkilər və gözlənilən referendumla bağlı Paşinyan iqtidarı Rusiya amilini neytrallaşdıra, Kremlin müqavimətini qıra, seçkilər və referendumdan istədiyi nəticə ilə çıxa biləcəkmi? Bakı və Ankara bu yöndə Paşinyana daha hansı dəstəyi verə bilər?

Professor Qabil Hüseynlinin fikrincə, Ermənistan seçkidən qabaq referenduma getməyəcək. Onun sözlərinə görə, yekun sülh sənədi isə bu şəraitdə imzalana bilməz: "Bizə çağırışlar var ki, sülh müqaviləsini bağlamağa tələsin. Lakin Azərbaycan ərazi iddialarının konstitusiyada qaldığı halda belə tələskənliyə yol vermək istəmir. Bizə elə bir sənəd lazımdır ki, gələcək nəsillərə problem qalmasın. Ermənistan hələ də iddia edir ki, guya konsitusiyada ərazi məsələsi yoxdur. Amma cənab Prezident ona Münxendə verilən suala aydın cavab verdi. Ona görə də Ermənistan yeni konsitusiya mətni qəbul etməyə məcburdur. Burada bir-ikk ay yubanma, texniki problemlər ola bilər, amma zənnimcə Ermənistan yeni konstitusiya qəbul edəcək".
Q.Hüseynli hesab edir ki, seçkilərdə qələbə Paşinyanın Rusiya təsirini azaltmağa yeni fürsət verəcək: "Rusiya ən zəif dövrünü yaşayır. Onun Suriyada, Cənubi Qafqazda təsirləri azaldılıb, müttəfiqi İranın vəziyyəti göz qabağındadır, özü müharibədə çox qan itirib. Ona görə də Rusiyanın indi hegemonluq gücü qalmayıb. Biz siyasi təsirlərdən danışırıq. Əlbəttə ki, Rusiya böyük dövlətdir və həmişə təzyiq rıçaqları olacaq. Amma yürüdülən siyasət onu zəiflətməyə və Ermənistanı cəngindən almağa hesablanıb. 7 iyundan sonra Ermənistan Avropaya inteqrasiyanı sürətləndirəcək. Qərb bu qədər maliyyəni boş yerə ayırmayıb. Azərbaycan və Türkiyə də siyasi dəstəyini verməkdədir. Region artıq başqa bir siyasi-iqtisadi mənzərə ilə dünyanı cəlb edəcək".(musavat.com)
Emil Salamoğlu
0 Rəy