Sülhə atılan daş: “Sarı gəlin” melodiyası altında “Daş yuxular” söhbəti, Tomas De Vaalın “val”ı və...
Britaniyalı 60 yaşlı jurnalist, Karnegi Beynəlxalq Sülh Fondunda təhlilçisi, Qafqaz üzrə mütəxəssis və müasir Qafqaz üzrə tədqiqatların müəllifi kimi təqdim olunan Tomas de Vaal “qaşınmayan yerdən qan çıxartmağa” çalışır. Onun təşkilatçılığı ilə Londonda təşkil olunan tədbir buna şübhə yeri qoymur.
Tanımayanların nəzərinə çatdıraq ki, 1988-ci ildə Oksfordda Balliol Kollecini bitirib, rus və müasir yunan dillərində ixtisaslaşan Tomas de Vaal 1991-1993-cü illərdə BBC Dünya Xidmətində prodüser işləyib. Daha sonra 1993-1997-ci illərdə Moskvada The Times, The Moscow Times və The Economist qəzetlərinin müxbiri və köşə yazarı kimi çalışıb. 1998-2000-ci illərdə BBC Dünya Xidmətində keçmiş Sovet İttifaqı üzrə analitik, sonra 2000-2001-ci illərdə Ermənistan və Azərbaycan üzrə müxbir olub.

2002-2008-ci illərdə Müharibə və Sülh Reportajı İnstitutunda (IWPR) Qafqaz üzrə redaktor vəzifəsində çalışıb. O, Qafqaz jurnalistləri üçün verilişlərdə iştirak edib. O, həmçinin Gürcüstan və Abxaziyada nəşr olunan “Panorama” qəzetinin redaktoru olub. 2009-cu ildə o, Cənubi Qafqazda təhlil və sülh quruculuğu layihələri üzərində işləyən “Conciliation Resources”-da tədqiqatçı kimi çalışıb. 2010-2015-ci illərdə Karnegi Beynəlxalq Sülh Fondunda Qafqaz üzrə baş elmi işçi vəzifəsində işləyib. Hazırda o, Şərqi Avropa və Qafqaz regionu üzrə ixtisaslaşmış “Carnegie Europe”da baş elmi işçidir. Ancaq Tomas de Vaal bizə keçmiş Qarabağ münaqişəsindən bəhs edən “Qara bağ: Ermənistan və Azərbaycan sülh və müharibə yolu ilə” kitabı ilə daha çox tanışdır. Daha doğrusu, həmin kitabda yer almış soyqırım etirafları ilə dolu müsahibə…
Tomas de Vall 2000-ci ilin dekabrında Qarabağ separatçılarının başçılarından biri, o zaman Ermənistanın müdafiə naziri olan Serj Sərkisyanla görüşərək müsahibə almışdı. Həmin müsahibədə Sərkisyanın Xocalı soyqırımı ilə bağlı çox ciddi etirafları əks olunmuşdu. Məhz həmin müsahibədə Xocalı canisi Serj Sərkisyan “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar”-deyərək dinc insanların soyqırımını etiraf etmişdi.
Məhz həmin etirafların doğruduğu rezonansdan sonra Ermənistan rəhbərliyi üçün “arzuolunmaz şəxs” olan Tomas de Vaal nədənsə indi nədənsə ermənilərin sevimlisinə çevrilib. Əks təqdirdə, Karnegi Fondunun saytında stenoqramı yayılan sözügedən 1 saat 35 dəqiqəlik tədbir ərsəyə gəlməzdi. Sanki bu tədbirlə araşdırmaçı ermənilərdən əfv diləmək istəyib. Ancaq əfmi? Şübhəsiz ki, burada böyük paralar da öz sözünü deyib.

Sonrakı illərdə Toms de Vall etiraf etmişdi ki, Sərkisyanın həmin müsahibəsi ilə bağlı illərdir davam edən spekulyasiyalara son qoymaq istəyir. Təsəvvür edirsinizmi? 20-ci əsrin ən dəhşətli soyqırım aktlarının törədilməsini etiraf edən və qanlı əməllərinə haqq qazandırmağa çalışan Serj Sərkisyanı da “sudan quru çıxartmağa” cəhd göstərir avropalı “araşdırmaçı”.
“Qara bağ” kitabındakı məlum etirafların dərcindən sonra Ermənistan tərəfi Tomas de Vaalı saxtalaşdırmada, “Azərbaycanın əlaltısı olmaqda” ittiham edirdi. Sonra isə həmin bu de Vaal nələrinsə qarşılığında “val”ı dəyişdi. Özü də vaxtaşırı belə dəyişmələr olur. Məsələn, 2024-cü ildə yazdığı məqaləsində Azərbaycan və Ermənistanın Zəngəzur dəhlizi ilə ortaq məxrəcə gələ bilmədiyini, Rusiyanın bu dəhlizə nəzarət etməkdə qərarlı olduğunu yazmışdı. “Əgər belə bir plan həyata keçsə, bu, Ermənistanın cənub sərhədinin Azərbaycan-Rusiya tərəfindən koordinasiyalı şəkildə ələ keçirilməsinə bərabər olacaq – bu, həm Ermənistan, həm də Qərb üçün qorxulu yuxu kimi bir şey olardı. Ermənilər strateji əhəmiyyətli sərhəd bölgəsinə nəzarəti itirəcəkdilər. Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri Rusiyanın İranla quru yolu və dəmir yolu əlaqəsi yaratmaq yolunda irəliyə doğru böyük bir addım atacağını görəcəklər. Üstəlik, Ermənistanın təkbaşına Rusiya və Azərbaycanın birgə fəaliyyətinə mane olmaq gücü yoxdur”, məqalədə iddia olunurdu. Hətta Azərbaycanın qısa müddətdə Zəngəzuru götürə biləcəyi barədə hay-küy salırdı, ermənilərin xoruna qoşulurdu.
Bu gün Azərbaycan və Ermənistan Zəngəzur dəhlizi ilə bağlı əldə olunmuş 8 avqust 2025-ci il Vaşinqton anlaşmasına uyğun olaraq proses gedir, Bakı və İrəvan ticarət anlaşmalarını həyata keçirir, Nikol Paşinyan və Vaaqn Xaçaturyanın timsalında Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinə sülhməramlı addımlarına, taxıl yoluna görə təşəkkür edirlər, vətəndaş cəmiyyətinin təmsilçiləri, ekspertlər qarşılıqlı səfərlər zamanı sülh prosesinə töhfə verirlər. Qəfildən Tomas de Vaal ortaya çıxır ki, “burada mən də varam!” Özü də o, “varlığını” sülh gündəliyi ilə təqdim etməyə çalışmır, sönməkdə olan ocağın üstünə benzin tökməyə cəhd göstərir, Azərbaycan benzini İrəvanda satıldığı bu günlərdə... Təbii ki, tək yox, Mark Qriqoryan, Ketrin E.Yanq və digərləri ilə birlikdə. Niyə bu “sülh müzakirəsi”ndə bir obyektiv azərbaycanlı təmsil olunmur?

Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi zəfər, bir günlük antiterror əməliyyatı, separatçıların mühakimə olunması Tomas de Vaalı da rəncidə edib. Vaxtaşırı ölkəmizə qarşı çıxışlar edir, Ermənistan barədə ürək yanğısı ilə danışır. Hətta bir neçə il əvvəl Qərbi Azərbaycan İcması da ölkəmizin uğurlarından məyus olan Tomas de Vaalı Azərbaycan əleyhinə hədyanlar danışmaqda ittiham etmişdi. Amma bu adam kirimir, bölgədən əl çəkmir. Minsk Qrupunun həmsədrləri belə, arxivə atıldı, amma “val dəyişən” ekspert susmur...
Birinci Qarabağ müharibəsində şəhid olmuş 17 Azərbaycan vətəndaşının, həmçinin 21 yaşlı tibb bacısı Mehriban Qarayevanın nəşinin qalıqları bu günlərdə, 34 ildən sonra (!) torpağa tapşırılır. Hələ 4 minə yaxın vətəndaşımızdan soraq yoxdur. Araşdırmaçı Tomas de Vaal bu kimi dəhşətli faktları araşdırmalı olduğu halda, “Daş yuxular”dan sonra ermənilərin simpatiyasını qazanan yazıçı Əkrəm Əylislinin simasında özünə yeni qəhrəman seçib və aranı yenidən qarışdırmağa başlayıb. Açıq-aşkar Azərbaycan və Ermənistan liderləri arasında, Prezident Trampın şahidliyi ilə razılaşdırılmış sülh gündəliyini pozmaq cəhdidir. Paraflanmış sülh sazişinin imzalanmasının vaxtı və yerinin müzakirəyə çıxarıldığı bir zamanda London toplantısında yenidən “val”ın dəyişdirilməsi və etnik nifrət mövzusunun gündəmə gətirilməsi sözsüz ki, səbəbsiz deyil. Tomas de Val artıq keçmişdə qalmış bu münaqişə üzərində çox qrant alıb, ancaq problemin həllindən sonra həmin qrantlar kəsilir. Odur ki, britaniyalı araşdırmaçı arayıb-axtarıb, qrantı necə bərpa etməyin yolu barədə baş sındırdıqdan sonra azərbaycanlılar və ermənilər arasında yenidən həssas nöqtələrə toxunmağı, gərginlik fitilini araşdırmağı qarşısına məqsəd qoyub və “film” hazırlayıb.

Sözügedən tədbirin məram və məqsədinə bələd olmaqdan ötrü elə 1 saat 30 dəqiqəlik tədbirin əvvəlini və sonunu izləmək kifayət edər. Tədbir erməni balabançı Tigran Aleksanyanın ifasında “Sarı gəlin”lə başlayır, onunla da bitir. Məqsəd-məram aydındırmı? Guya Tomas de Vaal xalqlar arasında sülhyaratma ilə məşğuldur, əslində isə azərbaycanlılar üçün çox həssas bir məqama toxunmaq, həm də hayların yadına “Sarı gəlin”ə iddiaları salmaqla konflikt ocağını körükləyir. Sülh yanaşması onda olardı ki, heç olmasa erməni Tigran ifa etdiyi melodiyaların azərbaycanlılara məxsus olduğunu etiraf edərdi, körpü atardı. Yox, de Vaalın, ya digər təşkilatçı və iştirakçıların məqsədi bu deyil axı. Körpüdən onlara nə qazanc? “Gül” kimi gəlir mənbəyi əldən çıxıb.

Açığı, bu ssenaridə yazıçı Əkrəm Əylislinin də yer almasına görə ona acıdım. Axı, insan, tanınmış ziyalı, yazıçı özünü niyə bu vəziyyətə salmalıdır, bir ovuc erməniyə görə? Hələ “Daş yuxular” məsələsi ortaya çıxanda, elə fevral günlərində, Xocalı soyqırımının ildönümü ərəfəsində ünvanladığım müraciət-yazıda bu “əsər”dəki imzasından imtina etməsinin ən doğru yol olduğunu yazmışdım. Amma üstündən 13 il keçib və baxıram ki, de Vaal da yazıçıdan erməni yalanlarının tirajlanmasında itifadə edib, ondan “zərərçəkən” qismində yararlanmaqla. İşğal və terrordan yüz minlərlə, tarix boyunca milyonlarla azərbaycanlı zərər çəkib, Tomasın yadına niyə ancaq “Daş yuxular”ın müəllifi düşüb? Onunla müsahibəsində Əkrəm Əylisli nənəsi ilə birgə erməni qadının evinə getməsini, onların mehribanlığını danışır, həyəcanlanır, ağlayır...Adam kövrək ola bilər, ağlamaq da ayıb deyil, özü də bu yaşda Amma axı, biz Nensi Pelosinin göz yaşlarının da şahidi olmuşuq. Onların məqsədi bəllidir, erməni pullarını qazanmaq üçün hər şeylərindən keçirlər. Amma axı, bir azərbaycanlı kişisinə yaraşdırmıram. Ağlamaq üçün kifayət qədər əsaslar var: elə Tomas de Vaalın da xəbərdar olduğu Xocalı soyqırımında qətlə yetirilən, adı belə məlum olmayan, Şəhidlər Xiyabanında dəfn edilmiş 5 yaşlı qızcığazın məzarı başında ağlamaq olar...Ya da 34 ildən sonra qalıqları tapılaraq dəfn edilən 21 yaşlı qızın dəhşətli taleyinə görə...Hələ də öldü-qaldısı bilinməyən əsir, girov, itkinlərimizin qalıqlarının tapılması üçün qurban deyən, həsrətlə dünyadan köçən doğmaları düşünüb də, kövrəlmək olar...
Əslən Qərbi Azərbaycandan olan soydaşımız Rövşən Əhmədov dədə-baba yurdlarından sosial şəbəkədə paylaşım edib, Ermənistan qarışıb, haylar azərbaycanlıların öz yurdlarına qayıtmaq istəyini süngü ilə qarşılayırlar.

Əkrəm Əylislinin “Daş yuxular” romanı 2012-cil ildə Rusiyanın “Drujba narodov” jurnalında rusca çap ediləndən bir neçə ay sonra Ermənistanda “Nork” nəşriyyatında Leonid Zulfuqaryanın tərcüməsi ilə çap edildi. Bu fakt sizə bir söz demi?
Əkrəm Əylislinin “Daş yuxular”ı gerçəkdən sülhə xidmət etsəydi, ermənilər onu gözlərinə təpərdilərmi?
Bu gün, münaqişə bitəndən sonra, iki ölkə arasında sərhəd dəqiqləşdirilməsinin həyata keçirilməsi prosesi həyata keçirilərkən sülh gündəliyini pozmaq istəyən qüvvələr yenidən Əkrəm Əylislidın istifadə edirlər və təəssüf ki, yazıçı bu “missiya”nı məmnuniyyətlə həyata keçirir.
Müsahibədə Əkrəm Əylisli “Mən nə qəhrəman, nə də satqın deyiləm, sadəcə olaraq başqasının dərdinə yazığı gəlmək qabiliyyətinə malik normal bir yazıçı və humanistəm”-deyir. Amma hətta uşaqlıqda qəbiristanlıqdan qorxmadığını deyən yazıçı Qarabağda darmadağın edilmiş qəbiristanlıqları, Qərbi Azərbaycanda – Ermənistanda yer üzündən silinən 740 müsəlman qəbiristanlığını belə, o anda xatırladımı? Yazığı gəldiyi başqaları başımıza nə müsibətlər gətiriblər 30 il ərzində, onlardan niyə yazmır? Niyə axı, bir ölkənin ərazisinin işğaldan azad edilməsi onun nəzərində yazıçı üçün böyük hadisə sayılmamalıdır? Bəlkə Azərbaycan ərazilərini öz “Ocaq”ı ilə od-alova bürüyən, epişteynsayağı davranışlarını qələmə almış uşaq qatili Zori Balayan kimi erməni yazıçıları onun bu, ifrat humanizminə dəstək verib... Başqa bir söz demirəm, görəsən, Əkrəm Əylisli 11 fevralda baş tutan London tədbirinin proqramında “Tiqran Aleksanyandan səslənən erməni musiqisi” təqdimatı haqda nə düşünür? İnana bilmirəm ki, “Nobel” naminə “Sarı gəlin”dən də imtina etmək istəsin..

0 Rəy