Erməni diplomat: Vensin səfərinin ağırlıq mərkəzi İrəvan deyil, Bakı idi
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakıya səfərləri siyasi çəkisinə və strateji istiqamətinə görə fərqli xarakter daşıyıb. Protokol hissəsi, görüşlərin atmosferi, verilən bəyanatlar və müzakirələrin məzmunu göstərir ki, səfərin əsas ağırlıq mərkəzi İrəvanda deyil, məhz Bakıda olub.
Musavat.com erməni mediasına istinaədn xəbər verir ki, bu fikri yerli diplomat Vaaqn Melikyan səsləndirib.
Onun sözlərinə görə, iki səfər diqqətlə müqayisə edildikdə — mərasim detallərindən danışıqların məzmununa qədər — belə bir təəssürat yaranır ki, Ermənistan paytaxtı ABŞ vitse-prezidenti üçün daha çox aralıq dayanacaq rolunu oynayıb. İrəvanda vurğular əsasən daxili siyasi gündəmə və seçki ərəfəsində hakimiyyətə dəstəyə yönəlib. Strateji və daha dərin məsələlər isə artıq Bakıda, fərqli və daha tərəfdaşlıq xarakterli formatda müzakirə edilib.
Melikyan qeyd edib ki, beynəlxalq siyasətdə sadə bir prinsip mövcuddur: zəiflərə ciddi yanaşmırlar. Dövlət öz mövqeyini inamlı və rasional şəkildə ortaya qoya bilmirsə, onunla bərabər səviyyədə danışıq aparılmır.
“Bu gün getdikcə daha çox təsdiqlənən bir formul var — güc hüquq yaradır. Kağız üzərində yazılan beynəlxalq normalar və qaydalar real güc balansı qarşısında geri çəkilir. Dünya nizamının yeni arxitekturası formalaşır və bunun ilk əlamətləri artıq görünür. Bu kontekstdə aydındır ki, Bakı özünü daha sərt və israrlı şəkildə mövqeləndirə bilib”, – deyə diplomat bildirib.
Melikyanın fikrincə, səfər Ermənistan üçün ciddi dividendlər qazanmaq imkanı yarada bilərdi — lakin bu, yalnız düzgün qurulmuş diplomatiya və sərt danışıqlar mövqeyi ilə mümkün idi. Onun qənaətincə, bu şans faktiki olaraq qaçırılıb.
0 Rəy