Köçəryandan növbəti sərsəmləmə
Ermənistanın ikinci prezidenti Robert Köçəryan növbəti dəfə sərsəm açıqlaması ilə gündəmə gəlib. O, son 8 ildə ölkə rəhbərliyinin “regionun ən güclü və döyüş qabiliyyətli ordusunu (?! - red.) bilərəkdən zəiflətmək, parçalamaq və sıradan çıxarmaq üçün hər şeyi etdiyini” iddia edib.
Musavat.com bildirir ki, Köçəryan bununla bağlı xüsusi bəyanat verib.
Onun sözlərinə görə, bu dövrdə Ermənistan ordusunun döyüş ruhu sarsıdılıb, potensialı azaldılıb və nəticədə ölkə təhlükəsizlik baxımından ciddi problemlərlə üzləşib. O, vəziyyətin tezliklə dəyişdiriləcəyinə, ordunun yenidən gücləndiriləcəyinə və bunun “sabit sülhə” gətirib çıxaracağına ümid etdiyini də bildirib.
Ermənistanda iqtidar nümayəndələri isə “güclü ordu”dan danışan Köçəryanın uzun illər ölkəyə rəhbərlik etdiyini və dövlət institutlarının formalaşmasında birbaşa məsuliyyət daşıyan əsas şəxslərdən biri olduğunu xatırladırlar. Məhz onun hakimiyyəti dövründə formalaşan siyasi sistem və idarəetmə modeli sonradan Serj Sərkisyanın rəhbərlik etdiyi rejim tərəfindən davam etdirilib və daha da dərinləşdirilib. Bu illər ərzində korrupsiya, qohumbazlıq, oliqarx idarəçiliyi və dövlət resurslarının talanması Ermənistanı tədricən sosial-iqtisadi tənəzzülə sürükləyib.
Bir vaxtlar korrupsiya, qeyri-şəffaflıq və idarəetmə böhranı ilə yadda qalan dövrlərin memarlarından biri olan sabiq prezidentin indi “ordu dərdi çəkməsi” isə iqtidar cəbhəsinə görə cəmiyyətdə ironik qarşılanır.
0 Rəy