Rusiyadan Azərbaycana HƏYASIZ hədə - Bakıdan ŞİLLƏ kimi cavab

Rusiya postsovet ölkələrinin suverenliyi və müstəqilliyi ilə heç cür barışa bilmir. Bunu şimaldan gələn və səngimək bilməyən hədələr bir daha sübut edir. Özü də Ukraynaya hərbi təcavüz fonunda bu cür təhdid və şantaj siyasəti getdikcə daha qabarıq və həyasız forma almaqdadır. Bu dəfə Kremlin “danışmanları”ndan olan avrasiyaçı politoloq, bədnam Aleksandr Duqin fərqlənib.

Duqin Azərbaycanı separatizmlə hədələdi

Artıq xəbər verdiyimiz kimi, Duqin postsovet dövlətlərinin, o cümlədən Azərbaycanın suverenliyinə açıq şəkildə qarşı çıxaraq deyib ki, “Moskva Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müstəqilliyi ilə barışmamalıdır”.
Xatırladaq ki, ötən həftə Kremlin başqa bir təbliğat ruporu, telejurnalist Vladimir Solovyov faktiki, eyni imperiya tezislərindən çıxış edərək, adı çəkilən ölkələri “xüsusi hərbi əməliyyatla” hədələmişdi. Rusiya XİN sözçüsü Mariya Zaxatova qalmaqalı yumşaltmağa çalışsa da, üstündən iki gün keçməmiş Kremlin başqa bir köpəyi növbəti sayıqlaması ilə gündəmə gəlib. Deməli, söhbət əsla təsadüfdən yox, Kremlin məqsədyönlü təxribat və şantaj kampaniyasından gedir. Çünki bu adamlar heç vaxt öz sözlərini demirlər.

Bəs bu təxribata rəsmi Bakının cavabı olacaqmı, olmalıdırmı? Son vaxtlar Rusiyadan belə hədələrin artması nə ilə bağlıdır? Səfir XİN-ə çağırıla bilərmi?

Elşad Musayev “Yeni Müsavat”ı təbrik edib

 

Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, Rusiya imperiya təfəkkürü ilə idarə olunur və bu səbəbdən də keçmiş sovet respublikalarının müstəqilliyini həzm etmir: “Duqin və digər imperialist zehniyyəti özündə daşıyanlar hələ də barışa bilmirlər ki, bu ölkələr 35 ildən çoxdur müstəqildirlər. Eyni zamanda, Azərbaycan və digər ölkələrin xarici siyasəti Rusiyanın xoşuna gəlmir. Moskva istəyir ki, MDB dövlətləri onun sözü ilə oturub-dursunlar. Lakin bu ölkələr artıq tərəfdaş və müttəfiq ölkələrlə əlaqələri gücləndirir, Rusiyanın təsir imkanlarını azaldır. Azərbaycan Rusiyanın ölkəmizdə “5-ci kolon”un sıradan çıxarıb, onun təzyiq alətlərini əlindən alıb, sülhməramlı qüvvələri ərazilərimizi tərk edib, “Rus evi” qapadılıb, “Sputnik Azərbaycan”ın fəaliyyəti dayandırılıb. Bu qərarların hər biri məhz Rusiyanın “5-ci kolon” adlanan qüvvələrinin zəiflədilməsinə hesablanıb. Ona görə Duqin kimilər isterika içərisindədir”.

Rusiya ilə saziş Qarabağ mövzusunda nə vəd edir...

Siyasi analitik Züriyə Qarayeva hesab edir ki, Rusiya postsovet məkanında dəyişikliklərlə razılaşa bilmir. Lakin ekspert qonşu ölkənin Cənubi Qafqaza və Mərkəzi Asiyaya köhnə doktrina ilə təsir göstərmək gücünün də qalmadığını müşahidə edir. Onun fikrincə, söhbət Rusiyanın potensialından getmir, təbii, böyük dövlətdir, sadəcə, müharibə onu zəiflədib və təzyiq rıçaqlarını məhdudlaşdırıb. "Nəzərə almaq lazımdır ki, dünyada geosiyasi reallıqlar dəyişir. Bu yeniləşmə iqtisadi gücü siyasi və hərbi gücdən önə çıxarır. Rusiya hərbi-siyasi təzyiqlərlə keçmiş SSRİ ölkələrini özünün orbitində saxlayırdı. İndi geoekonomik proseslər ölkələrin imkanlarını genişləndirib və iqtisadi əməkdaşlıq həm də bu dövlətlərin digər supergüclərlə münasibətlərini strateji tərəfdaşlıq, yaxud müttəfiqlik səviyyəsinə yüksəldib. Belədə isə Rusiya həmin güclərin maraqlarına qarşı gedə bilmir, keçmiş sovet respublikalarını istədiyi kimi sıxışdırmağa imkan vermir. Belə demək olarsa, səbəb təkcə Rusiyanın apardığı işğalçı müharibə deyil", - ekspert vurğulayıb.

Onun fikrincə, Duqin Avrasiya ideyasının əsas müəlliflərindən biridir və keçmiş sovet ölkələrinin müstəqilliyinə qarşı getməsi də məhz həmin içi puç strategiyadan irəli gəlir: "Duqin avrasiyaçılığı gücləndirməyə çağırır və bizim kimi ölkələrə təzyiq göstərməyi təklif edir. Əgər Ukraynada üç günə Kiyevi götürmək olsaydı, bəlkə də onun ideyası reallaşardı. İndi isə gecdir və elə Duqin kimi ideoloqlar bu məsələdə Putini aldatdılar və fiaskosu öncədən görünən müharibəyə saldılar".

Emil Salamoğlu

Rəylər

Aşağıdakı məlumatları qeyd edin