Sülhə düşmən baxış: Surenyants “təhdidi”
Siyasi şərhçi Suren Surenyants növbəti dəfə revanşist və anti-Azərbaycan mövqeyindən çıxış edərək, Azərbaycan-Ermənistan münasibətlərində atılan məhdud iqtisadi addımları siyasiləşdirən və təhrif edən açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Surenyants Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqı liderlərinin görüşü zamanı Azərbaycan Prezidenti ilə bağlı səsləndirdiyi təşəkkürü - yəni Azərbaycan ərazisi vasitəsilə Ermənistana yük tranzitinin bərpasını və ikitərəfli ticarət üçün şəraitin yaradılmasını - “aldadıcı görüntü” kimi təqdim etməyə çalışır. Onun iddiasına görə, bu addımlar regionda gərginliyin azalması anlamına gəlmir və “sülhün imitasiya edilməsi”dir.
Əslində isə Suren Surenyantsın yazısı siyasi analizdən daha çox klassik erməni revanşizminin ideoloji manifestini xatırladır. O, Azərbaycan–Ermənistan münasibətlərində sülh müqaviləsinin olmamasını birtərəfli şəkildə Bakının üzərinə yıxır, Azərbaycanın suveren tələblərini isə “şərtlər” və “təzyiq alətləri” kimi qələmə verir. Xüsusilə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini qabardan Surenyants bunun beynəlxalq hüquq və regional reallıqlarla bağlı olduğunu bilərəkdən görməzdən gəlir.
Surenyants daha da irəli gedərək Azərbaycanın öz ərazisində saxladığı erməni terrorçularını “hərbi əsir” kimi təqdim edir və Bakıda aparılan məhkəmə proseslərini şübhə altına alır. Bu, faktiki olaraq Azərbaycanın hüquq-mühafizə və məhkəmə sisteminə açıq hörmətsizlik, eyni zamanda terror, diversiya və müharibə cinayətlərinə bəraət qazandırmaq cəhdidir.
Onun əsas hədəflərindən biri də iki ölkə arasında ehtimal olunan iqtisadi münasibətlər olub. Surenyants yeni addımların iqtisadi əhəmiyyətini bilərəkdən kiçildir və bunu “siyasi simvolizm” adlandırır. Halbuki söhbət onilliklər boyu qapalı saxlanılmış kommunikasiyaların mərhələli şəkildə açılmasının real nəticəsindən gedir. Ermənistanın enerji bazarına Azərbaycan məhsulunun daxil olması isə psixoloji və geosiyasi baxımdan İrəvan üçün daha həssas məqamdır - bunu da Surenyantsın narahat tonundan açıq şəkildə görmək mümkündür.
Surenyants bu addımı Ermənistan cəmiyyətində “təhlükə” kimi təqdim etməyə çalışır və onu guya Paşinyan hakimiyyətinin daxili siyasi maraqlarına xidmət edən vasitə adlandırır.
Onun yazısında tez-tez təkrarlanan “sülhün imitasiya edilməsi”, “siyasi balansın pozulması”, “təzyiq alətləri” kimi ifadələr bir daha göstərir ki, erməni revanşist düşüncəsi üçün real sülh deyil, status-kvonun qorunması və ya itirilmiş mövqelərin geri qaytarılması xülyası əsas prioritetdir.
0 Rəy