Müasir Azərbaycanın formalaşan güc modeli
Müasir Azərbaycan gücünü yalnız resurslarından deyil, ardıcıl və prinsipial dövlət siyasətindən alan ölkə kimi tanınır. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə və sonrakı mərhələdə separatizmə son qoyulması dövlətimizin suverenliyini tam bərpa etməklə yanaşı, regionda uzun illər mövcud olan qeyri-müəyyənliyə də nöqtə qoydu. Bu proseslərin hər biri düşünülmüş siyasi qərarların, vaxtında atılan addımların və qətiyyətli liderliyin nəticəsi idi. Azərbaycan artıq öz taleyini özü müəyyən edən, regional proseslərə təsir göstərən güclü dövlət kimi çıxış edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən daxili və xarici siyasət milli maraqlara əsaslanmaqla yanaşı, beynəlxalq hüquq və ədalət prinsiplərinə söykənir. Məhz bu balanslı yanaşma ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edib. Azərbaycan müharibədən sonra yalnız qalib statusunu qorumaqla kifayətlənməyib, eyni zamanda sülh, əməkdaşlıq və inkişaf çağırışları ilə çıxış edərək regionun gələcək perspektivlərinin formalaşmasında aparıcı rol oynamağa başlayıb.
Qlobal miqyasda Prezident İlham Əliyevin siyasi fəaliyyəti beynəlxalq təşəbbüslərlə zəngindir. Qoşulmama Hərəkatına sədrlik dövründə irəli sürülən ideyalar təşkilatın nüfuzunun artmasına, üzv ölkələrin həmrəyliyinin möhkəmlənməsinə töhfə verib. Xüsusilə pandemiya dövründə bərabərliyə, humanizmə və qarşılıqlı dəstəyə çağırışlar Azərbaycanın qlobal məsuliyyət daşıyan dövlət kimi mövqeyini gücləndirdi. Humanitar yardımlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq bu siyasətin praktiki ifadəsi oldu.
Eyni zamanda, ölkə başçısının həyata keçirdiyi enerji və iqtisadiyyatın şaxələndirilməsi siyasəti Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb. Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bu gün həm də “yaşıl enerji” istiqamətində atdığı addımlarla gələcəyə hesablanmış inkişaf modelini təqdim edir. Prezident İlham Əliyevin şəxsi nüfuzu, idarəçilik bacarığı və sözünə sadiqliyi ölkəmizə olan beynəlxalq etimadı möhkəmləndirərək Azərbaycanın güclü dövlət obrazını daha da aydın şəkildə formalaşdırır.
Anar Xəlilov
Şuşa Rayon Statistika İdarəsinin rəisi, YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının Sədr müavini
0 Rəy