“Sənə məktub yazıram, yazıram ki, bağışla Qarabağı bizə...”

Ermənistanın eks-prezidenti Serj Sakisyanın 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinə göndərdiyi və Azərbaycana qarşı donos səciyyəsi daşıyan məktubunda bir sıra maraqlı məqamlar var.

Onlardan biri budur: “Ermənistan Kazan sənədinə əlavələr və qeydlərlə razılıq vermişdi — eyni qaydada Azərbaycan da bunu etməli idi. Təəssüf ki, Azərbaycan Prezidenti növbəti dəfə son anda bu sənədi imzalamaqdan imtina etdi və həm həmsədrlərin, həm də beynəlxalq birliyin çağırışlarına baxmayaraq geri çəkildi. Daha da təəssüf doğuran məqam odur ki, bunun ardınca Bakı hətta 2007-ci ildən üzərində işlənən Madrid prinsiplərindən də imtina etməyə başladı”.

Bu, onu göstərir ki, həm ATƏT-in Minsk qrupunun amerikalı, fransalı və rusiyalı həmsədrlərinin, həm də “beynəlxlaq birlik” adlandıran mücərrəd toplumun çağırışları tam olaraq Azərbaycanın ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına cavab verməyib. Azərbaycan lideri ona görə “Ermənistanın əlavə və qeydlərlə razılıq verdiyi” sənədi imzalamayıb. Hətta “Madrid prinsipləri” də qol qoyulası sənəd olmayıb.

Aydın məsələdir ki, Azərbaycan tərəfi həmin sənədin sətirlərinin arasında “Bizans hiyləgərliyi” görüb, həmsədrlərin və “beynəlxalq birliyin” sözləşibmişlər kimi, rəsmi Bakını oyuna gətirmək istədiyini, onu imzasından tutmaq istədiyini sezib, həm həmsədrlərə və“beynəlxalq birliy”ə, həm də Ermənistana son anda dirsək göstərib.

Serj Sarkisyanın təəssüfünə səbəb olan budur: illərlə hazırlanmış məkrli planın son anda pozulması.

O, Putinə məktubunun sonrakı abzaslarında Ermənistanın Dağlıq Qarabağı özünə birləşdirməsinin hüquqi həllinə səbəb olacaq şərtləri də sadalayır. Bu tezislərə görə, Dağlıq Qarabağın sülh prosesinin bütün mərhələlərində iştirakı təmin olunmalı imiş. Belə olsa qondarma “DQR” tərəfə çevriləcək, beynəlxalq status qazanacaqdı.

Azatoviçin ikinci tezisi Dağlıq Qarabağ ərazisində keçiriləcək ümumi referendumla bağlıdır. Onun fikrincə, “SSRİ dövrünün son siyahıyaalmasına uyğun nisbətlərin tanınması” ilə Dağlıq Qarabağda referendum keçirilməliydi. Aydın məsələdir ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi mahaldan son nəfərinə qədər qovulduğu, qırğına məruz qaldığı üçün keçmiş muxtar vilayətin erməni əhalisi mütləq çoxluğa sahib idi və referendumda “DQR”-in müstəqilliyinə səs verərək, Azərbaycanı fakt qarşısında qoyacaq, “beynəlxalq birliy”in əlinə isə bəhanə, dəstəvuz verəcəkdi.

Sarkisyan umurmuş ki, Dağlıq Qarabağın yekun statusu müəyyən olunana qədər Kəlbəcər və Laçın rayonları tam şəkildə Qarabağın (yəni işğalçı Ermənistanın) nəzarətində saxlanılmalıdır. Əslində isə ermənilərin bu rayonları Azərbaycana qaytarmaq fikri lap əvvəlcədən yox idi və sonra da olmayacaqdı. Çünki qondarma “DQR” Ermənistanla bu rayonlar vasitəsilə birləşirdi.

Ermənistanın uğursuz prezidentinin, sonradan Nikol Paşinyanın tulasifət etdiyi adamın Putinə göndərdiyi məktubda sadaladığı digər niyyətlərində də yalnız məkr, hiylə, mənfi səciyyəli maksimalizm, güzəştsizlik var. Onun hər bir cümləsi son nəticədə Ermənistanın Azərbaycandan böyük ölçüdə ərazi qoparmasına hesablanıb.

Şərtlər elədir ki, Azərbaycan onları istəsə belə yerinə yetirə bilməyəcəkdi. Elə olanda Sarkisyanın məktubda qeyd etdiyi şərt aktuallaşacaqdı. O şərt də belədir: “Əgər Azərbaycan öhdəliklərini yerinə yetirməzsə, həmsədrlərin Dağlıq Qarabağın müstəqilliyinin tanınması prosesinə başlaması”.

Bax, əsas məsələ də budur. Bütün hiylə bu sətirlərdə gizlədilib: “Həmsədrlərin Dağlıq Qarabağın müstəqilliyinin tannması prosesinə başlaması”.

Özlərini dünyada hamıdan ağıllı sayan qövm avam-avam düşünürmüş ki, Azərbaycan tərəfi bu incəliyi anlamayacaq, sənədə qola çəkəcək və Ermənistanın əli-qolu açılacaq.

Sonrakı hadisələri bilirsiniz. Azərbaycan tərəfi bir daha əmin oldu ki, bundan sonra yüz il danışıqlar getsə də, koçaryanlar, sarkisyanlar, ohanyanlar konstruktiv dialoqa gəlməyəcək, hər hansı güzəştə getməyəcəklər, nəyin bahasına olursa, olsun, Qarabağın dağlıq hissəsini, bir xeyli də düzən ərazillərini Azərbaycandan qoparmağa çalışacaqlar.

Məhz ondan sonra həmsədrlərin illərlə dediyi “bu münaqişənin müharibə yolu ilə həlli yoxdur” arqumentinin puçluğu aydın oldu. Ortaya çıxdı ki, əslində Qarabağ münaqişəsinin sülh yolu ilə həll yoxdur, əlac yalnız hərbi yola qalıb.

2020-ci ilin payızındakı 44 günlük savaş və 2023-cü ilin sentyabrında baş verən 1 sutkalıq lokal hərbi əməliyyat həmsədrlərin demaqogiyasını ortaya qoydu. Hazırda real sülh danışıqları gedir və məlum olur ki, tərəflər sülhə heç vaxt olmadığı qədər yaxındırlar.

Sarkisyanın Putinə yazdığı məktub isə Azərbaycan tərəfinin necə çətin bir dilemma qarşısında qaldığını, düşmənin kompromissizliyini, bu münaqişənin guya ki, sülh yoluyla tənzimlənməsinə çalışan həmsədrlərin yandaşlığını göstərir.

Biz Qarabağı bu cür tələlərə düşməyərək azad etmişik.(musavat.com)

Xalid KAZIMLI

Rəylər

Aşağıdakı məlumatları qeyd edin