Paşinyanın Trampdan TƏHLÜKƏLİ xahişi – Bakıda məhkəməsi gedən o caniləri...

Erməni ekspertlərindən ibarət nümayəndə heyəti iki günlük səfərlə artıq Bakıdadır. Ötən ay Azərbaycandan bir qrup analitik İrəvanda olmuşdu. Yəni bunu hər şeydən öncə cavab addımı, eyni zamanda, böyük barışıq naminə növbəti səylərdən biri kimi qiymətləndirmək lazım gəlir.

Ağ Evdəki 8 avqust anlaşmasından sonra qarşılıqlı etimadı möhkəmlətmək yönündə ilk olaraq məhz vətəndaş cəmiyyətlərinin fəallaşması təqdiredicidir. Hərçənd qarşıda uzun yol var. Aradakı düşmənçiliyin heç nə olmayıbmış kimi, öz-özünə yox olacağını düşünmək sadəlövhlük olar...

İstənilən halda biz qonşuyuq, Marsa-zada heç kim köçəsi deyil. Odur ki, nə qədər çətin də olsa, cəhdlər davam eləməli, gediş-gəliş, danışıqlar olmalı, müzakirələr aparılmalıdır. Özü də erməni tərəf buna daha çox maraq göstərməlidir. Ona görə ki, iki xalqı arasında yaranmış dərin uçurumun, qarşılıqlı nifrətin tək baiskarı o!

Baxaq görək, iqtidarlı-müxalifətli erməni toplumu bu ağır sınaqdan çıxmağa, əsas qonşuları ilə sülh və əmin-amanlıq içində yaşamağa nə dərəcədə hazırdır? Buna iradəsi, müdrikliyi çatacaqmı?

“Sülh-barışıq” deməklə barışıq olmur. Bundan ötrü ən azından Ermənistan konstitusiyası vaxt itirilmədən beynəlxalq hüquqa uyğunlaşdırılmalı, oradan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəalar çıxarılmalı, həmçinin gerbdəki Ağrı dağının (“Ararat”) simvolu ləğv edilməlidir. Qarşılıqlı etimada ən böyük töhfə də elə bu olacaq.

Qısası, qarşı tərəf bütün dünyaya əyani nümayiş və sübut eləməlidir ki, artıq millət olaraq tam “islah” olub, haqqın yoluna gəlib və bir daha Türk xalqına qarşı xarici güclərin əlində maşa, bölgədə yeni müharibəyə səbəb olmayacaq.

Şübhə yox ki, məsələdə hakimiyyətdən az şey asılı deyil. İnsafən Nikol Paşinyan hələ də “miatsum”dan tam qurtulmamış cəmiyyətinə 29.9 kv km-lik “real Ermənistan”ı “həzm etdirmək” üçün permanent səylər göstərir. Ölkəsinin Rusiyanın “cibindən çıxmasının” vacibliyini izah edir, amma və lakin...

İki gün öncə həmin bu Paşinyan sən demə, İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Elison Hukerlə görüşdə Vaşinqtondan Bakıda məhkəməsi gedən erməni quldurların “geri qaytarılmasını təmin etmək üçün” kömək istəyib. Baş nazir belə bir açıqlamanı hökumət iclasından sonra jurnalistlərə verib.

WhatsApp Image 2025-11-21 at 13.33.28.jpeg (37 KB)

Sitat: “Görüş zamanı mən bu məsələyə xüsusi toxundum və qeyd etdim ki, Prezident Tramp məsələnin həllinə sadiqliyini ifadə edib. Mən həmçinin məsələ ilə bağlı ikitərəfli səylərimizi qeyd etdim. Dövlət katibinin müavinindən ABŞ-ın bu istiqamətdə gördüyü səylər barədə məlumat verməsini xahiş etdim. Onu da xahiş etdim ki, məsələ əsas prioritet olaraq qalsın”.

İndi bunu necə anlayaq? Axı belə bir xahiş Bakı ilə pozitiv sülh gündəliyinə tamamən ziddir. Hamıdan yaxşı elə Paşinyana məlumdur ki, məhkəməsi gedənlər hansı “yuvanın quşları”dır. Onların içində milyarder, Kremlin uğursuz emissarı Ruben Vardanyan da var ki, faktiki Nikol Paşinyana və onun iqtidarına düşmən kəsilib. Ötə yandan, az öncə baş nazir Qarabağdan könüllü getmiş ermənilərin geri dönüşünü gündəmə gətirməyin sülh prosesinə ziyan verəcəyini söyləmişdi. Nə oldu bəs?

Bu “nala-mıxa” vurmanın adı nə? Məhkəməsi bitməkdə olan ermənilərin “məsələsinə” bu şəkildə fokuslanmaq sülh prosesinə ziyan deyil? Axı söhbət özəlliklə qarşılıqlı etimad tədbirlərini möhkəmlətməkdən gedir. Tarixi təcrübə isə göstərir ki, canilərin sərbəst buraxılması yox, məhz cəzalandırılması sülhə töhfə ola bilər. Bakı niyə bunu əksini etməlidir ki.

Yeri gəlmişkən, erməni müttəhimlərin bir çoxuna prokuror ömürlük, yerdə qalanlarına isə qismən yüngül (20-15-10 il) cəzalar tələb edib. Yəqin ki, elə də olacaq. Məgər onlar Azərbaycanda yaşayan minlərlə dinc ermənilərdəndirmi ki, Tramp xahiş eləsin, Azərbaycan Prezidenti də buraxsın? Tramp müharibənin təzədən alovlanmasınımı istəyir?

Düşünmürük. Cinayətkarların cəzasız buraxılması məhz yeni müharibəyə aparacaq? Separatçılıq, insanlıq əleyhinə cinayətlər törədənlər layiqli cəzalarını almayınca, cinayətlər də təkrarlana bilər. Bakıdakı prosesin əsas bəşəri hədəfi bu...(musavat.com)

Zahid SƏFƏROĞLU

Rəylər

Aşağıdakı məlumatları qeyd edin