Azərbaycanın və İlham Əliyevin olduğu yerdə yalnız uğur var– Daşkənd qərarı da bunu deyir
Prezident İlham Əliyev son üç ildə Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olub. Bu səfərlərin sonuncusu noyabrın 16-da reallaşdı. Dövlətimizin başçısı Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etdi. Üç il ərzində Mərkəzi Asiya ölkələrinin dövlət başçıları Azərbaycana 23 dəfə səfər ediblər. Təkcə qarşılıqlı səfərlərin miqyası ölkələrimiz və dövlət başçılarımız arasındakı yüksək münasibətlərin göstəricisi sayıla bilər. Əslində tarixi əlaqələr və münasibətlər bu əlaqələrin məntiqəuyğun şəkildə inkişaf etdiyini deməyə əsas yaradır.

Ölkə başçımız Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında da bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir. Dövlət başçımız qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.
Sitat: “Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk”.

Prezident İlham Əliyev xüsusilə qeyd edib ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir:
“Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir. Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır”. Dost-düşmənə ünvanlı önəmli mesajdır. Xüsusilə də qardaş xalqların yaddaşına yazılacaq qiymətli faktlardır.

Prezidentin dediyi kimi, bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür. Həmçinin vurğulandı ki, Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Faktlar da öz sözünü deyir.
Sitat: “Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir”. Dost-qardaş ölkələrin nəhəng potensialı regionumuzun daha da inkişafı, böyüməsi, dünyaya açılması baxımından əlavə imkanlar deməkdir.

Prezident İlham Əliyev Qazaxıstan paytaxtından sonra Özbəkistanın başkəndində də Zəngəzur müjdəsini səsləndirdi.
Sitat: “Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir”.

Mərkəzi Asiya üçün Zəngəzur dəhlizi həm Turanın qapısı, həm də iki qitə arasında kommunikasiya baxımından əlavə imkanlar yaradır. Bu, həm də ölkələrimiz və xalqlarımız arasında daha sıx rabitənin yaranması baxımından əlverişli gələcək deməkdir. Bir sıra paytaxtlar bu birlikdən vahiməyə düşürlər, ancaq çox nahaq yerə, müttəfiqliyimiz kimlərəsə zərər gətirməyəcək, əksinə, faydalanmaq imkanı əldə edəcəklər, yetər ki, bizə toxunmağa, qırmızı xətləri keçməyə cəhd göstərməsinlər! Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki işlərin 2026-cı ilin ortalarınadək yekunlaşacağını dövlət başçımız Astana səfəri zamanı da xatırlatmışdı, eyni zamanda ad çəkməsə belə, Ermənistana üzərinə götürdüyü öhdəlikləri gecikmədən icra etməyə və 2028-ci ilin sonunadək dəhlizin tam şəkildə işə salınması zərurəti haqda mesajını çatdırmışdı. Növbəti dəfə Zəngəzur dəhlizindən Daşkənddə bəhs olunması Azərbaycanın bu layihəyə “olmazsa, olmaz”lardan biri kimi yanaşdığını əminliklə söyləmək imkanı verir. Odur ki, irəvandakılar gecikmədən işlərə başlamalıdırlar, çünki artıq Mərkəzi Asiyadan da “qatar gəlir!” Yeri gəlmişkən, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elisоn Huker Ermənistanın paytaxtı İrəvandadır. Yerli medianın xəbərinə görə, diqqət mərkəzində “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi (Zəngəzur dəhlizi-E.P.) dayanır. Azərbaycan Vaşinqton razılaşmalarından sonra Mərkəzi Asiyadan da əlidolu qayıtdı, bu gedişat həm də Zəngəzur dəhlizi – Tramp marşrutu ilə bağlı gerisayıma start verilməsi deməkdir. Təbii ki, Ağ Ev də tələsir və tələsdirir...Ermənistanı. Bu siyasəti diqtə edən Azərbaycandır!

Daşkənd toplantısının xüsusi önəmindən bəhs edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bildirib ki, Zəngəzur dəhlizi qəbul edilmiş Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində iqtisadi, ticarət, nəqliyyat-logistika əməkdaşlığı üçün çox yaxşı imkanlar və perspektivlər vəd edir. Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən daha bir platformada VARIQ! Söhbət noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsindən gedir. Azərbaycan bu vaxta kimi ön müxtəlif təşkilatlarda təmsilçilik hüququ qazanıb, ikitərəfli və çoxtərəfli əməkdaşlığımız uğurlu nəticələr verib, diplomatiya siyasətimizin aktivlərinə kifayət qədər əlavələr edilib. Ölkəmiz iki illik (2012–2013) BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, hələ o zaman torpaqlarımız işğal altında idi, Qarabağa ədalət axtarırdıq. Bu gün isə öz torpaqlarını təkbaşına, güclü ordusu ilə azad edən ölkə olaraq daha ön sıralardayıq, dünyanın bir saylı ofisinin rəhbərindən belə, dövlətimiz və liderimiz barədə yüksək fikirlər eşidirik. Belə bir durumda Mərkəzi Asiya ölkələri, qardaş dövlətlərlə əməkdaşlığımızın daha üst səviyyəyə qaldırılmasına yönəlik siyasətimizə kimsə maneə yarada bilməz, necə ki, bunu bacarmırlar da. Bir müddət öncə Türk Dövlətlər Təşkilatının təmsilçisi olan Mərkəzi Asiya respublikalarının bir sıra liderləri də Qəbələ Zirvəsindəydilər və yüksək səviyyədə keçirilən toplantıda iştirak etdilər. Növbəti görüş yeri Daşkənd oldu və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması barədə qərarın qəbulu tarixi bir hadisə oldu. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycanın bu uğurunu həm də Türk dünyasının uğuru olaraq dəyərləndirib. “Bu inkişaf Orta Dəhlizin və Zəngəzur xəttinin güclənməsini təmin etməklə yanaşı, nəqliyyatla birlikdə rabitə dəhlizləri, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahələrində daha sıx inteqrasiyanı mümkün edərək Türk dünyasının gələcəyə yönəlik strateji bütövlüyünü möhkəmləndirir. Qardaşlığımızı daha güclü regional memarlığa çevirən bu addımı məmnuniyyətlə qarşılayıram”, -Yıldırım əlavə edib.

Bəli, Turan dünyası üçün tarixən körpü rolunu oynayan Azərbaycanın bu qurumun tam hüquqlu iştirakçı kimi qəbulu dövlətimiz adına daha bir uğurdur, həm də dövlət başçımıza böyük etimadın göstəricisidir.
İştirakçı dövlətlərin başçılarının qəbul olunan qərara reaksiyalarına diqqət edək:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev: “Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik. Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul etdiklərinə görə bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm”.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev: “Bu gün Azərbaycanın tamhüquqlu iştirakçı qismində bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik. Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminik”.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov:
“Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Bu gün əminliklə deyə bilərik ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin formatı baş tutub. Bu format öz səmərəliliyini sübut edib, təkcə regionumuzda mövcud problemlərin müzakirə olunduğu deyil, həm də yeni təşəbbüslərin və təkliflərin fəal şəkildə irəli sürüldüyü real, özünəməxsus yeganə platformaya çevrilib”.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon: “Hörmətli İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edirəm. Sevindirici haldır ki, məkanımız beynəlxalq və regional proseslərin mühüm iştirakçısının timsalında öz əhəmiyyətini inamla artırır. Bu, balanslaşdırılıb və region ölkələrinin artan maraqlarının inkişafına səyləri nümayiş etdirir”.
Tədbirdə çıxış edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov da dövlətimizin başçısına Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırıb.

Bu münasibət səbəbsiz deyil. Tarixi əlaqələr, həmçinin ilbəil yüksələn münasibətlər öz yerində. Azərbaycanın və dövlətimizin liderinin olduğu təşkilatlar hər zaman bu əməkdaşlıqlardan faydalanıblar. Azərbaycan hətta Qoşulmama Hərəkatına sədrlik etdiyi illərədək bu təşkilat o qədər də populyar deyildi. Azərbaycanın rəhbərlik etdiyi dönəmdə və ondan sonra isə BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının reytini kifayət qədər qalxdı, qurumun ayrı-ayrı şəbəkələri yaradıldı, beynəlxalq ictimai rəyə təsir imkanları yarandı.
Azərbaycan Prezidentinin personasına böyük beynəlxalq diqqətin nə qədər yüksək olduğunu elə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında və cari il ərzində keçirilən digər beynəlxalq tədbirlərdə də qürurla müşahidə etmişik. Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Sülh Sammitində də Prezident İlham Əliyevə Ağ Ev-in lideri Donald Tramp və digər dövlət başçılarının böyük diqqəti hamımızın yadındadır. Belə olduğu təqdirdə Mərkəzi Asiyadakı qardaş ölkələrin ölkəmizə və dövlət başçımıza böyük etimadı heç də təəccüblü deyil. Xəzərin o tayındakı regional əməkdaşlıq bütövlükdə yerləşdiyimiz coğrafiya üçün əlavə imkanlar açır. Həm də daha geniş planda Avropa və Asiya arasındakı əməkdaşlığın perspektivlərinə işıq saçır. Faktiki olaraq Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir, tarixi, mədəni, mənəvi əlaqələrimiz siyasi mərkəz halına gəlir. Mərkəzi Asiya artıq 5 ölkə deyil, Azərbaycan da Mərkəzi Asiyanın tərkib hissəsidir, əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvüdür. Bu, Azərbaycanın daha da böyüməsinin məntiqi nəticəsi, həmçinin Mərkəzi Asiyadakı “5-liyin” coğrafiyasını genişləndirməsi istiqamətində daha bir uğurdur. Təməl qoyuldu, bundan sonra keçirilən tədbir və görüşlərdə hökumət başçıları, nazirliklər, dövlət və içtimai təşkilatlar və s. səviyyələrdə iştirak olacaq, əməkdaşlıq bütün sferaları əhatə edəcək.

Ancaq Xəzərin o üzü ilə əməkdalıq heç də Azərbaycanın yerləşdiyi Cənubi Qafqazı inkar etməsi anlamını vermir. Əksinə, Cənubi Qafqazın açar dövləti olan Azərbaycanın Mərkəzi Asiya ilə uğurlu əməkdaşlığı digər Qafqaz ölkələri üçün də əlavə perspektivlər açır. Biz eyni zamanda Cənubi Qafqaz platformasında da fəaliyyətimizi davam etdiririk, eyni zamanda Mərkəzi Asiya istiqamətində fəaliyyətimizi genişləndiririk. Azərbaycanın Daşkənd uğuru Azərbaycan və Pakistanın timsalında qardaş ölkələrin liderlərinin də iştirakı ilə Bakıda keçirilən möhtəşəm hərbi paraddan sonraya təsadüf etdi. 145 ölkə arasında dünyanın 60-cı ən güclü ordusuna sahib Azərbaycan bütün platformalarda uğurlar qazanmaqdadır. Türküstandan gələn xəbər isə çox xoş oldu. Bizi birləşdirən o qədər dəyərlər var ki...Daha biri əlavə olundu.
Dövlətimiz və dostlarımız üçün düşərli olsun!
0 Rəy