Paşinyan: "Bakı ilə razılaşma yoxdur" - YENİ BƏYANAT
Nikol: “Heç bir baş nazir Ermənistanın ərazi bütövlüyünün bərpasından imtina edə bilməz”
Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin ərazi bütövlüyü və Azərbaycanla sərhədlərin demarkasiyası prosesinə dair yeni bəyanat verib. O, İrəvanda keçirdiyi hökumət iclasında bildirib ki, Ermənistan rəhbərliyinin heç bir nümayəndəsi – istər baş nazir, istərsə də başqa vəzifəli şəxs – “ölkənin ərazi bütövlüyünün bərpası gündəliyindən imtina edə bilməz”.
Paşinyanın sözlərinə görə, bu proses yalnız diplomatik və hüquqi yollarla, yəni sərhədlərin demarkasiyası vasitəsilə reallaşmalıdır. O, bir daha vurğulayıb ki, Ermənistan hərbi ssenarilərdən uzaqdır və beynəlxalq öhdəliklərinə sadiq qalır:
“Ərazi bütövlüyünün bərpası məsələsi silah və təzyiqlə deyil, sülh yolu ilə, danışıqlar masasında həll edilməlidir. Biz hərbi ssenariləri istisna edirik və üzərimizə götürdüyümüz öhdəliklərə sadiq qalırıq.”
Baş nazir həmçinin bildirib ki, “vətəndaşların iradəsi nəzərə alınmadan ərazilərin dəyişdirilməsi mümkün deyil.” Bu fikirlə o, Ermənistan daxilində ərazi güzəştləri və anklavlarla bağlı yaranmış ictimai narahatlıqlara cavab verməyə çalışıb.
Paşinyan əlavə edib ki, anklavlarla bağlı Azərbaycanla hələ konkret razılaşma əldə olunmayıb:
“Müxtəlif ssenarilər müzakirə olunur, amma yekun qərar yoxdur. Hər iki tərəfin hüquqi və texniki komissiyaları işini davam etdirir.”
Ekspertlərə görə, Paşinyanın bu bəyanatı Ermənistan cəmiyyətində artan təzyiqlərin və müxalifətin sərhəd danışıqları ətrafında yaratdığı narazılıqların fonunda səslənib. Onun “ərazi bütövlüyünün bərpası” ifadəsi isə bir tərəfdən daxili auditoriyaya hesablanmış mesaj, digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istiqamətində atılan addımların legitimləşdirilməsi cəhdi kimi dəyərləndirilir.
Məlumat üçün, hazırda Ermənistan və Azərbaycan arasında demarkasiya prosesi davam edir və bu çərçivədə Tavuş-Qazax istiqamətində bir neçə kəndin statusu müzakirə obyektidir.
0 Rəy