Azərbaycan–Özbəkistan strateji müttəfiqliyində yeni mərhələ
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də keçirdikləri görüş zamanı müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsini nəzərdə tutan sənədlər imzalandı. Bu sənədlər, iki qardaş ölkə arasında strateji əməkdaşlığın yalnız bu günlə deyil, uzunmüddətli perspektivlərlə planlaşdırıldığını göstərdi.Ən mühüm sənədlərdən biri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025–2029-cu illər üçün Yol xəritəsi” oldu. Bu sənəd, siyasi, iqtisadi, mədəni, humanitar və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir.
Müttəfiqlik yol xəritəsi, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsini, regional sabitliyin və təhlükəsizliyin qorunması sahəsində koordinasiyalı addımlar atmasını da əhatə edir. Prezident İlham Əliyev çıxışında Azərbaycan–Özbəkistan münasibətlərinin nümunəvi xarakter daşıdığını vurğulayıb.Digər mühüm sənədlər ətraf mühitin mühafizəsi, informasiya təhlükəsizliyi və gömrük sahəsində əməkdaşlıqla bağlıdır. Məsələn, mobil cihazların oğurlanması, surəti köçürülməsi və digər cinayət xarakterli hallarla bağlı məlumat mübadiləsinin təşkili barədə razılaşma hüquq-mühafizə sahəsində birgə mübarizə mexanizmlərini gücləndirəcək.Gömrük orqanları arasında “Səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş” isə ticarət dövriyyəsinin asanlaşdırılması və logistika proseslərinin sürətləndirilməsi üçün strateji addım hesab olunur. Bu sənədlər həm də Orta Dəhliz layihəsinin uğurla reallaşdırılmasına töhfə verəcək.
Prezident Şavkat Mirziyoyev iki ölkə arasında münasibətlərin təkcə qardaşlıq ruhunda deyil, eyni zamanda strateji tərəfdaşlıq və qarşılıqlı etimada əsaslandığını bildirib. Prezident İlham Əliyev isə bu əməkdaşlığın yeni geosiyasi reallıqlar fonunda daha da aktuallaşdığını qeyd edib.İmzalanmış yol xəritəsi çərçivəsində müdafiə sənayesi, kibertəhlükəsizlik, sərhəd nəzarəti və hərbi texniki əməkdaşlıq kimi sahələrin də tənzimlənməsi nəzərdə tutulur. Bu, regionda sülh və sabitliyin qorunmasına birbaşa töhfə verəcək strateji mexanizmdir.Siyasi əlaqələrlə yanaşı, bu sənədlər mədəni-humanitar əməkdaşlığın da gücləndirilməsini ehtiva edir. Qardaşlaşma protokolları – Sumqayıt şəhəri ilə Daşkənd vilayəti, Qəbələ ilə Navoi şəhərləri arasında – xalqlar arasında dostluğun dərinləşməsinə və mədəni mübadilələrin artmasına şərait yaradacaq.
İyulun 2-də imzalanan müttəfiqlik və təhlükəsizlik sahəsində sənədlər Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişafı üçün möhkəm hüquqi və siyasi baza formalaşdırdı. İki liderin uzaqgörən siyasəti nəticəsində regionda həmrəyliyə, qarşılıqlı dəstəyə və sabit inkişafa əsaslanan yeni əməkdaşlıq modeli qurulur.
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
shushainfo.com
0 Rəy