İrəvanın vaxtı bitir... - o sənədin 18-ci “bəndi”
Bakının konstitusiya ilə bağlı haqlı tələbinin gözardı edilməsi yeni müharibəyə gətirib çıxara bilər; analitiklərə görə, yeni eskalasiyaya səbəb Ermənistandır
2025-ci ilin 1/4-i arxada qaldı. Əfsus ki, Ermənistan rəhbərliyi hələ də Azərbaycan və Türkiyə ilə barışığa tələsirmiş kimi görünmür. Yoxsa ötən 3 aydan böyük sülh naminə lazımınca faydalanardı. Doğrudur, bu arada tərəflər arasında 17 bəndlik sənəd layihəsi razılaşdırılıb.
Lakin ədalətli və əbədi sülh önündə bütün əngəllərin aradan qalxdığını söyləmək mümkün deyil. Ən ciddi maneə isə əlbəttə ki, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəalardır. Buna açar şərt və ya obrazlı şəkildə 18-ci “bənd” də demək olar. Bakının bu haqlı tələbinin gözardı edilməsi isə yeni müharibə riskinin qalması və artması deməkdir.
Erməni politoloq Beniyamin Poqosyana görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi 2026-cı ilin ortalarından əvvəl imzalanmayacaq. O qeyd edib ki, sazişin imzalanması Ermənistan Konstitusiyasının dəyişdirilməsinə bağlıdır və bu, Azərbaycanın əsas tələbidir. “Sülh müqaviləsinin 2026-cı ilin ortalarından əvvəl imzalanacağını gözləmirəm. Konstitusiya layihəsi yalnız 2026-cı ilin yay-payız aylarında referendum üçün hazır olacaq. Ermənistan hakimiyyəti seçkilərdə sülh sazişinin razılaşdırılmış mətnini və yeni konstitusiya layihəsini seçicilərə təqdim edəcək. Nikol Paşinyan hökuməti bunu sülh və müharibə arasında seçim kimi təqdim etməyə çalışacaq, yəni onlar seçilsə və sonra yeni konstitusiya qəbul olunsa, o zaman sülh şansı yaranacaq, amma başqa qüvvə qalib gəlsə, müharibə ehtimalı xeyli yüksək olacaq”, - Poqosyan qeyd edib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri gələn il keçiriləcək. Bəs rəsmi İrəvan vəziyyətin kritikliyinin fərqindədirmi? Tutaq ki, sənəd imzalandı, diplomatik əlaqələr nə qədər müddətə qurula, qarşılıqlı şəkildə səfirliklər açıla bilər?
Paşinyan bu və ya digər səbəbdən hakimiyyətdən getsə, yeni qüvvə 17 bəndlik anlaşmaya sadiq qalacaqmı? Yaxud Azərbaycan və Türkiyə ilə barışıqdan sonra İrəvan terrorçulara qoyulmuş abidələri (“Nemezis”, Njde və s.) sökəcəkmi?

Zaur Məmmədov
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun fikrincə, yeni eskalasiyaya səbəb Ermənistandır. Onun sözlərinə görə, Ermənistan sülh müqaviləsinə hazır deyil və Azərbaycana qarşı təxribatlarını davam etdirir: “Ermənistan ordusu faktiki olaraq artıq bir aya yaxın vaxtdır ki, şərti sərhədlərdə atəşkəsi pozur. Mart ayının ilk həftələrində Ermənistanın Müdafiə Nazirliyi bunu inkar edirdisə, son 1 həftə ərzində erməni sakinlərinin videoçəkilişləri zamanı yaşadıqları kəndlərdə atəş səslərinin eşidilməsi ilə bağlı paylaşımları faktları inkar edən nazirliyi və eyni bəyanatlar səsləndirən Avropa İttifaqının mülki monitorinq missiyasını ifşa etdi. İstisna deyil ki, ABŞ-Rusiya danışıqlarının nəticəsi kimi Rusiyanın bölgəyə qayıdışından qorxan Paşinyan öz hakimiyyətini qorumaq üçün hərbi eskalasiyaya gedir və Ermənistan üzərində Qərbin təhlükəsizlik qarantiyasını genişləndirmək istəyir”.
:1200.jpg)
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova isə konstitusiya dəyişikliyini qaçılmaz sayır: “Paşinyan buna getməyə hazırlaşır. Ancaq cəmiyyəti öyrəşdirmək və hazırlamaqla referenduma yaxınlaşır. Bu gün səslənən bəyanatlar daxili auditoriyanı sakitləşdirməyə hesablanıb. Erməni rəsmiləri deyə bilməzlər ki, Bakının tələbi əsasında qanunvericiliyə dəyişiklik etməyə hazırlıq görülür. Sadəcə, bu proses yubanacaq. Çünki müharibə tez başa çata bilər, sülh isə gec əldə olunur. Xüsusən də qarşı tərəf ermənilərdirsə, o zaman onların cığallıq edəcəyini həmişə gözləməliyik. Amma bəzən hərb meydanında zəfər sülh quruculuğundan tez başa gəlir”.
R.Məmmədovanın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə illər lazım olacaq: “İlk növbədə yollar blokadadan çıxmalıdır ki, regionda sabitlik əbədilik qazansın. Bunun üçün Ermənistan tələsməlidir. Paşinyan iqtidarının vaxtçı çatmaya bilər və prosesin tərs dönüşünə şahid ola bilərik. Ona görə addımları sürətləndirməlidirlər. İkincisi, konstitusiya dəyişməlidir ki, yekun sülh sənədi imzalansın. Əks təqdirdə, Azərbaycan hər hansı sazişə qol çəkməyəcək. Yarımçıq razılaşma gələcəkdə başımıza iş aça bilər. O ki qaldı ermənilərin faşistlərin, terrorçuların abidələrini sökməsi, bunlar gələcəyin işidir, zaman tələb edir. Bizim üçün prioritet məsələ danışıqları sürətləndirmək və dialoqu intensivləşdirmək olmalıdır. Çünki danışıqlarda fasilə yarananda ortalığa müxtəlif təxribatlar girir, kənar müdaxilələr olur. Bu da pauza yaranmasına gətirib çıxarır”.
Qeyd edək ki, Ermənistan Prezidenti Vaaqn Xaçatryan martın 31-də İrəvanda almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı sülhdən danışıb. Sitat: “Ermənistan Azərbaycanla sülh yaratmağa çalışır və hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər. Biz sülh sazişinin imzalanması ilə bağlı işimizi ardıcıl aparırıq. Bizim qarşımızda regionda, xüsusən də Azərbaycanla sülhün bərqərar olması vəzifəsi durur və bu məqsədə çatmaq üçün var gücümüzlə çalışırıq. İnanırıq ki, mövcud və olacaq çətinliklər aşılandır və istənilən məsələni danışıqlar masası arxasında həll etmək olar”. Xaçatryan həmçinin qeyd edib ki, müharibə və münaqişələr dövrü arxada qalıb və Cənubi Qafqazda yeni müharibələr üçün artıq resurslar yoxdur. Ermənistan Prezidenti əlavə edib ki, hazırda masada hazır sənəd var.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
İranın vurulacağı yeni tarix - “Tehran ya güzəştə gedəcək, ya da...”

1067 03.04.2025 09:10 Siyasət A A
“İrana qarşı mümkün hücum Amerika, İsrail və ya onların hər ikisi tərəfindən birgə həyata keçirilə bilər”.
Bu barədə İsrailin Kanal-14 televizyası məlumat yayıb (Axar.az).
“İsrail və ABŞ misli görünməmiş zərbə vurmaqla təkcə İranın nüvə proqramını yox, həm də SEPAH-ı iflic vəziyyətə salmaq niyyətindədir, bu zərbə İslam respublikasının ciddi zəifləməsinə və hətta süqutuna səbəb ola bilər”, - məlumatda bildirilib.
Kanal əlavə edib ki, Trampın son təhdidləri ilə yanaşı, İsrail hərbi hava qüvvələrinin intensiv təlimləri İranın nüvə obyektlərinə belə bir hücuma hazırlığın ciddi əlamətləridir.
İsrailli politoloq Mixail Pellivertə görə isə İran ABŞ-ın şərtləri ilə razılaşmalı olacaq, əks halda, hərbi eskalasiya qaçılmaz görünür. “Müharibə ehtimalı, təəssüf ki, çox yüksəkdir. İndi çox şey İrandan, onun nüvə proqramının inkişafı ilə bağlı siyasətini nə qədər yumşaltmağa hazır olacağından asılı olacaq. Çünki İranın bu istiqamətdə böyük irəliləyiş əldə etdiyi hər kəsə aydındır. İndi ondan tələb olunan tək şey nüvə tədqiqatını dayandırmaq və Yaxın Şərqdəki anti-Qərb, anti-İsrail qüvvələrdən dəstəyi kəsməkdir”, - politoloq Minval.az-a müsahibəsində qeyd edib. Bu gözləntilər və xəbərdarlıqlar nə dərəcədə əsaslıdır? İrana zərbə hazırlığı indi hansı mərhələdədir? Dinc danışıqlar limiti doğrudanmı bitir? Trampın 100 günü bitənədək (mayın 1) İran vurula bilərmi?

Siyasi şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a deyib ki, vaxtilə ABŞ necə Talibanı yaratmış, daha sonra onu məhv etməyə çalışmış, lakin buna nail olmadığı üçün ən sonda müəyyən şərtlər altında varlığına razılaşmışdısa, eləcə də İranın nüvə siyasətinin 1950-ci illərdə formalaşdırılması ABŞ ilə əlaqədardır: “ABŞ-ın dəstəyi ilə 1967-ci ildə Tehran Universitetində keçirilən sınaqla 5 meqavat gücündə nüvə reaktoru təsis olunmuş və uran 93 faiz zənginləşdirilmişdi. 1970-ci illərdəki İslam İnqilabından sonra ABŞ İranın nüvə tədqiqatlarına nəzarəti itirdiyinə görə təzyiq siyasətinə keçid etdi. Lakin on illərlə (46 il) davam edən iqtisadi sanksiyalar heç bir nəticə vermədi. İran nüvə tədqiqatlarına davam etməklə yanaşı, Yaxın Şərqdə proksi güclərə hərbi dəstək verməklə bölgədə ABŞ və İsrailin maraqlarına təhdid yaratmağa başladı. Bu təhdid HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumu ilə letal hal aldıqdan sonra ABŞ İran siyasətini daha da sərtləşdirmək qərarı aldı. Düzdür, ABŞ-ın İranın nüvə təsislərinə hücum etməklə bağlı iddiaları hələ Trampın birinci prezidentlik dövrünün sonlarında da vardı. Lakin 2020-ci ildə Tramp hakimiyyətdən getdi”.
Siyasi şərhçi deyir ki, indi isə Tramp ikinci prezidentliyi dönəmində yenidən İrana təhdidləri gündəmə gətirib: “Bu təhdidlərə görə bir tərəfdən İran XİN-in rəhbəri Abbas Araqçi diplomatiya alətləri ilə gərginliyi azaltmağa çalışaraq deyir ki, İranın nüvə silahı əldə etmək niyyəti yoxdur və 2015-ci ildə imzalanan 5+1 sazişindən ABŞ 2018-ci ildə çıxsa da, indiyədək İranın vədinə əməl etməməsi barədə hər hansı sübut-fakt təqdim edə bilməyib. Bununla yanaşı, aydındır ki, İran nüvə silahı əldə etməyin bir addımlığındadır. Buna görə də İranın Ali dini lideri Xameneyi Trampın təhdidlərinə cavab olaraq iddia edir ki, əgər hücum baş verərsə, İranın nüvə silahı əldə etməkdən başqa "çıxış yolu" qalmayacaq. Xameneyinin baş müşaviri, yəni İrandakı dini sistemin təməl daşlarından biri olan Ali Laricani isə deyib ki, ABŞ və İsrailin hücumu İranın nüvə silahını yaratma prosesinin qarşısını ala bilməz, çünki yetəri qədər güclü təhlükəsizlik sistemi ilə təchiz olunub. Burada iki ssenari var: ABŞ və İsrailin hücumuna məruz qalarsa, İran nüvə silahı yaratdığını dünyaya elan edəcək, lakin bu halda onu “Şimali Koreyalaşma” gözləyir. Bu, İran üçün əbədi sanksiya, həmçinin region üçün daimi gərginlik deməkdir. Elə buna görə də İranın vurulacağı ilə bağlı artan xəbərlər fonunda İran Prezidenti Pezeşkian Azərbaycana səfər edərək regional təhlükəsizlik təminatları ilə bağlı Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq. Həmçinin BMT müvafiq bəyanat yayıb tərəfləri danışıq masasına dəvət edib, MAQATE rəhbəri gərginliyi azaltmaq üçün İrana səfər edəcək. İkinci ssenari isə İranın ABŞ və İsraillə razılaşmasıdır. Bu halda İran Yaxın Şərqdəki proksi gücləri dəstəkləməkdən imtina etməlidir. Lakin bu, İranın regional gücünün sonlanması deməkdir ki, İranın dövlət adamlarının buna getməyəcəyi aydındır. Odur ki, yaxın vaxtlarda hərbi qarşıdurma ssenarisinin reallaşacağı gözlənilir. İran hücum təhdidlərinə cavab olaraq artıq bəyan edib ki, ABŞ hərbi bazalarını vuracaq. İran birbaşa olaraq İsraili, Amerika hərbi bazalarını, hətta ABŞ-ın regiondakı ərəb müttəfiqlərini belə hədəf ala bilər, həmçinin proksiləri olan Bab əl-Məndəb və Hörmüz keçidlərini bağlayaraq, qlobal nəqliyyat infrastrukturunun fəaliyyətini ləngidə bilər. Başqa ifadə ilə, bu müharibənin nəticələrini, sadəcə, tərəflər deyil, çoxları hiss edə bilər".
Siyasi şərhçi bildirib ki, hətta Qərb ekspertləri İranın ABŞ və İsrailin hücumları qarşısında məğlub olacağını ehtimal etmirlər: “Əksinə, qarşıdurmanın sonunda ABŞ-la İranın razılaşmaya gələcəyini təxmin edirlər”.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
0 Rəy