Zəngəzur dəhlizi uğrunda mübarizə QIZIŞIR

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra kommunikasiyaların açılması ilə bağlı bu ölkənin rəsmi şəxsləri tərəfindən bir neçə çıxışlar olub. Elə Putin Bakıda olarkən Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanı kommunikasiyaların açılması məsələsini sabotaj etməkdə ittiham edib. Ötən gün isə Zəngəzur dəhlizi məsələsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.

“Azərbaycanın əsas ərazisini Ermənistan ərazisindən keçməklə Naxçıvan muxtariyyəti ilə birləşdirə biləcək marşrut kommunikasiyalarının bloklanması üzrə məsələ üçtərəfli işçi qrupu çərçivəsində digər marşrutlarla yanaşı müzakirə edilir”, - o deyib.

Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasını yubatmaqla öz imzasına hörmət etmədiyini göstərir:

"Üçtərəfli bəyantın 9-cu maddəsinə əsasən, Ermənistan Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında sərnişinlərin, yüklərin manesiz hərəkətinə zəmanət verməlidir. Nəqliyyat dəhlizi üzərində də nəzarəti Rusiya Federal Təhlükəsiz Xidməti həyata keçirməlidir. Ermənistan Baş naziri Nikol Paşinyan bu sənədə imza atıb. Daha sonra Qərbdən gələn tapşırıqla Zəngəzur dəhlizinin açılmasının qarşısı hər vasitə və yolla Ermənistan tərəfindən alınıb. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfi birgə bəyanatda olan müddəaların heç birini yerinə yetirməyib. İndiyə qədər birgə bəyanatın müddəaları Azərbaycanın gücü ilə həyata keçirilib. Bununla da Ermənistan rəhbəri bir daha öz imzasına etinasız yanaşdığını nümayiş etdirir. Ona görə də, ümumiyyətlə, Ermənistana etimad etmək düzgün deyil". 

E.Mirbəşiroğlunun fikrincə, son günlər Ermənistanın bölmələrimizi atəşə tutması Rusiyanın kommunikasiya xətlərinin açılması məsələsini intensivləşdirməsi ilə bağlıdır:

"Belə bir vaxtda bölmələrimizi atəşə tutmaqla Ermənistan Qərbin yenə də hər vasitə ilə Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışdığını göstərir. Düzdür, ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu bildirib. Amma ABŞ özünün nəzarəti altında nəqliyyat kommunikasiyasının açılmasını istəyir. Bu, heç kimdə şübhə yaratmır. Başqa coğrafiyalarda da ABŞ istər enerji daşıyıcılarının ötürülməsi xətti, istərsə də nəqliyyat kommunikasiya infratrukturlarını öz nəzarətində saxlamağa çalışır. Ermənistan ərazisindən Naxçıvanla kommunikasiya yaradılacaqsa, ABŞ, eləcə də Qərb dairələri bu kommunikasiyanı öz nəzarəti altında saxlamağa çalışırlar. Çünki Ermənistan Baş naziri beynəlxalq nəzarət mexanizminin olması məsələsini irəli sürdükdə elə ABŞ-nin və ya onun Fransa ilə birgə nəzarətini nəzərdə tutub. Bu baxımdan düşünürəm ki, yenə də Ermənistan tərəfi təxribatlar törətməklə vəziyyəti gərginləşdirməyə, diqqəti nəqliyyat dəhlizinin açılmasından yayındırmağa çalışır. Lakin zamanla da olsa, regionda planlaşdırılan bütün nəqliyyat kommunikasiya dəhlizləri açılacaq".

Politoloq Elxan Şahinoğlu isə vurğulayıb ki, Kremlin yeganə yapışmaq istədiyi məsələ Zəngəzur dəhlizidir:

"Rusiya Prezidenti Vladimir Putin Bakıya səfərinin ardınca, əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanla, bir neçə gün sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Putin anlayır ki, Ukrayna ilə müharibə fonunda və Rusiya üçün indiki ağır vəziyyətdə Cənubi Qafqazdakı maraqlarını qorumaq çətindir. Kreml Bakı ilə İrəvan arasında vasitəçi ola bilmir, sülh sazişinin mətninin hazırlanmasında və sərhəd danışıqlarında iştirak imkanlarını itirib. Kremlin yeganə yapışmaq istədiyi mövzu Zəngəzur dəhlizidir. Rusiya həm bu dəhlizdən istifadə, həm də dəhlizə nəzarət etmək istəyir və bu zaman 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına istinad edir. Bakı və İrəvan Rusiyanın dəhlizdən istifadəsinə müsbət yanaşır, ancaq dəhlizə nəzarət Azərbaycanla Ermənistanın maraqlarına ziddir və Putinin telefon zəngləri durumu dəyişə bilmir".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin