Turan Ordusunun qurulmasına az qalıb! - AÇIQLAMA

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasından sonra Türk Dövlətləri Təşkilatına üzv ölkələr münasibətlərini günü-gündən dərinləşdirir. Türk dünyası üçün ilk mühüm sənəd Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi olub. Bu bəyannaməyə görə ölkələr üçüncü dövlətin hərbi hücumuna məruz qaldıqda birgə hərəkət edəcəklər. 

 

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəndə səfəri zamanı Özbəkistanla müttəfiqlik haqqında sənədin imzalanması da bu istiqamətdə atılan mühüm addımlardandır.

 

Azərbaycan siyasi, iqtisadi sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığı dərinləşdirməyin tərəfdarıdır. Təkcə 2023-cü il ərzində Azərbaycanla Türkiyə arasında 14 hərbi təlim keçirilib. Həmçinin təşkilata üzv olan digər ölkələr arasında da birgə hərbi təlimlər baş tutur.

 

Avqustun 20-dən 23-dək Qazaxıstanın Almatı vilayətinin Jetısu rayonun­dakı Koktal poliqonunda “Altın kıran - 2024” (“Qızıl qar­tal-2024”) Azərbaycan–Qazaxıstan taktiki-xüsusi təlimləri keçirilib. Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı mə­lumata görə, bu ölkənin Hava De­sant-Hücum Qoşunlarının və Azərbay­can Ordusunun taktiki-xüsusi təlimləri ilk dəfə baş tutub.

 

Beləliklə birgə hərbi təlimlər Türk dövlətləri arasında hərbi əməkdaşlığı və hərbi təşkilatın yaradılmasını şərtləndirir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Türk Dövlətlərinin birgə hərbi birliyi yaradılacaq:

 

"Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında hərbi təlimlər əvvəllərdə keçirilib, indi də keçirilir və bundan sonra da daha genişmiqyaslı keçiriləcək. Artıq biz qeyri-rəsmi olaraq, Turan iqtisadi gücünün formalaşmasına paralel olaraq, hərbi imkanlarımızı da təşkilat çərçivəsində daha da artırmağa çalışırıq. Azərbaycan həm Özbəkistan, həm Qazaxıstan, həm də Türkiyə ilə kifayət qədər hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq edir. Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanmasından sonra Özbəkistan ilə də müttəfiqlik haqda müqaviləni imzaladıq. Bu da onu göstərir ki, artıq Turan birliyi çərçivəsində hərbi, siyasi, diplomatik və iqtisadi sahədə əməkdaşlığa dair zəmin yaranır. Bu imzalanan sənədlərin digər ölkələrə də sirayət etməsi, digər ölkələrlə də müttəfiqlik haqda sənədlərin imzalanması gələcəkdə hərbi potensiallarımızı birləşdirməyə imkan verəcək. Beləliklə, türk dövlətlərinə, Turana qarşı olan ölkələrdən yarana biləcək təhdidləri birgə səylər nəticəsində aradan qaldırmağa çalışacağıq".

 

Hərbi ekspert vurğulayıb ki, Turan Ordusunun qurulması vacibdir və qurulacaq:

 

"Turan artıq qurulur. Turan qurulursa, onu müdafiə edəcək ordusu da  qurulmalıdır. Qərb ölkələri birləşib NATO yaradıbsa, keçmiş SSRİ-yə daxil olan müstəqil dövlətlərin üzvləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradıbsa, niyə Türk Dövlətləri özünün hərbi potensialını ortaya qoyacaq, Turan Ordusunu yaratmasın. Bu, bizim haqqımızdır. Turan Ordusu mütləq yaradılacaq. Buna heç kim mane ola bilməz".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin