İrəvanda panika - Moskva və Bakının Zəngəzur planı nə?

Lavrovun sərt bəyanatından qorxuya düşən Ermənistan rəhbərliyi yenidən Paşinyanın utopik layihəsini ortaya atıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda “Birinci kanal”a müsahibəsində “Ermənistan rəhbərliyi Cənubi Qafqazda kommunikasiyaların açılması haqqında razılaşmanı sabotaj edir” bəyanatı İrəvanı ciddi narahat edib.  

“Rusiya olaraq sülh müqaviləsinin tezliklə bağlanması və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın Sünik rayonundan keçən kommunikasiyalara gəldikdə, məhz Ermənistan rəhbərliyi baş nazir Nikol Paşinyanın imzaladığı razılaşmanı sabotaj edir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özül tam həcmdə aktuallığını qoruyub saxlayır”, - deyə Lavrov qeyd edib

Ermənistan Xarici İşlər Nazirliyinin katibi Ani Badalyan deyib ki, bu bəyanat Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində Rusiyanın  konstruktiv iştirakını şübhə altına alır.

“Rusiya Xarici İşlər Nazirliyinin rəsmilərinin Ermənistanla bağlı həqiqətə uyğun olmayan, açıq-aşkar qərəzli, çox vaxt hörmətsiz şərhləri yeni deyil və biz bunlara reaksiya vermirik. Bununla belə, qeyd etməyə bilmərik ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin bəyanatı nəinki açıq-aşkar təəssüf doğurur, həm də Rusiya Federasiyasının münasibətlərin normallaşması prosesində konstruktiv iştirakını şübhə altına alır. Ermənistanla Azərbaycan arasında bir vaxtlar vasitəçi rolunu üzərinə götürmüş, 2020-ci il 9 noyabr tarixli bəyanatı imzalayan və bunun əsasında sülhməramlı qüvvələrini regiona yerləşdirən ölkənin xarici işlər naziri bunu görməyə bilməz. Sənəddə imzasının olmasına, bu bəyanatda nəzərdə tutulmuş proseslərdə Rusiyanın iştirakı və məsuliyyətinə baxmayaraq, bu bəyanatda pozulmayan  əsas məqam yoxdur. Biz həmçinin hesab edirik ki, Rusiyanın xarici işlər naziri yaxşı bilir ki, açıq sənədlərdən başqa, Ermənistan heç bir başqa sazişin tərəfi deyil və buna görə də onları sabotaj edə bilməz. Ermənistan hökumətinin təqdim etdiyi ”Sülh kəsişməsi" artıq beynəlxalq aləmdə geniş tanınıb və bir neçə dəfə Rusiya Federasiyasının rəsmilərinə də təqdim edilib. Biz təsdiq edirik ki, bu layihə çərçivəsində regional kommunikasiyaların açılması istənilən vaxt baş verə bilər. “Sülh kəsişməsi” layihəsi bir sıra beynəlxalq tərəfdaşlar tərəfindən müsbət cavab alıb və biz Rusiya Xarici İşlər Nazirliyindəki həmkarlarımızı onun həyata keçirilməsini sabotaj etməməyə və Cənubi Qafqazda sülhün əldə edilməsi səylərini pozmamağa çağırırıq". Ani Badalyan qeyd edib ki, İrəvan  sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyib və onun uğurla həyata keçirilməsi üçün əlindən gələni edəcək.

Yada salaq ki, Nikol Paşinyan ötən ilin oktyabrıtda Tiflisdə keçirilən “İpək Yolu” forumunda çıxışı zamanı “Sülh kəsişməsi” layihəsini ortaya atıb. Təhlilçilərin fikrincə, “Sülh kəsişməsi” və ya əsl adı ilə “erməni qovşağı” layihəsinə gəldikdə isə çeynənmiş fikirlər, kopyalanmış ideyalar və oğurluq prinsiplərlə zəngindir. Birincisi, təklif edilən layihə Azərbaycan, Gürcüstan, Türkiyə və İran arasında uzun müddətdir ki, reallaşıb. Onsuz da Azərbaycan, Gürcüstan, Türkiyə və İran Ermənistanın iştirakı olmadan yeni meqa layihələri müzakirə edir, dəniz yolu və dəmir yolu, digər nəqliyyat infrastrukturlarını ehtiva edən məsələlər barədə razılığa gəliblər və gəlirlər.

Lavrovun sərt bəyanatından qorxuya düşən Ermənistan rəhbərliyi niyə yenidən Paşinyanın utopik layihəsini ortaya atıb?  İrəvan Lavrovun bəyanatını Zəngəzur dəhlizinin silah gücünə açılması kimimi başa düşür?

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva bütün hallarda Qərbin Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğunu qeyd etdi: “Hazırda Zəngəzur dəhlizi Azərbaycandan daha çox Rusiyaya lazımdır. Çünki Qərbin Kremlə qarşı siyasi və iqtisadi sanksiyalarının miqyası genişləndikcə Moskva bu dəhlizin imkanlarından daha çox yararlanmaq istəyir. Bunu Ermənistanda və Qərbdə də çox yaxşı başa düşürlər. Ona görə də Qərb hazırda hər vəchlə bu dəhlizin açılmasına qarşıdır. Çox güman ki, Rusiya prezidentinin Bakıya səfəri çərçivəsində də bu məsələ ölkə başçıları arasında bir daha nəzərdən keçirilib. Zəngəzur dəhlizinin bu il ərzində açılması Ermənistan üçün son şans ola bilər. Əgər İrəvan bu dəhlizin açılmasına geridə qalan 4-5 ay ərzində razılıq verməsə, o zaman Kreml İrəvanda hakimiyyət dəyişikliyi üçün bütün gücünü səfərbər edəcək. Azərbaycanın hərbi yolla Zəngəzur dəhlizinə ”yaşıl işıq" yandırması məsələsi heç vaxt gündəmdə olmayıb. Bunu işğalçı ölkədə də, Qərbdə də yaxşı anlayırlar. Üstəlik, Azərbaycan bir çox marşrutların əsas donoru və istifadəçisidir. Yəni, Bakı üçün Zəngəzur dəhlizinin bir neçə aparıcı alternativi mövcuddur. Rusiya isə belə imkanlardan mərhumdur. Sergey Lavrovun son açıqlaması Kremlin İrəvana qarşı son xəbərdarlığı kimi başa düşülməlidir. Əgər İrəvan Moskvanın qırmızı xəttini keçərsə, o zaman heç Birləşmiş Ştatlar da İrəvanı xilas edə bilməyəcək. Onu da xüsusi vurğulamaq lazımdır ki, Nikol Vovayeviçin “erməni qovşağı və sülh kəsişməsi” layihəsi “ölü” doğuldu. Çünki bölgənin əksər dövlətləri, başda İran və Gürcüstan bu projeyə qarşıdır. Qonşuların razılığı olmadan Ermənistan kimi iqtisadiyyatı dalana dirənmiş bir ölkə heç nə edə bilməyəcək. Zəngəzur dəhlizinin qapalı qalması həm də İrəvanı iqtisadi burulğana sürükləyir. Görünən odur ki, 2024-cü ilin payız-qış kampaniyası İrəvan üçün Moskvanın təzyiqləri fonunda keçəcək. Hətta Paşinyana sui-qəsd və onun fiziki məhvi də reallaşa bilər. Kreml üçün başlıca amil düşdüyü durumdan çıxmaqdır. Rusiya hazırda etibarlı və inamlı marşrutla öz məhsullarını İran və Türkiyə bazarlarına çıxarmaq istəyir. Soros və onların İrəvandakı tör-töküntüləri isə buna maneə yaratmağa çalışır. Düşünürəm ki, Rusiya istənilən vaxt Gümrüdəki 102-ci bazanın hərbi kontingentini İrəvanın küçələrinə yeridə bilər".

Azər Hüseynov:"İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini  iqtisadi qısqaca almalıyıq"

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Amerika və Fransanın regionumuzda iştirakının simvolik olduğuna işarə etdi: “Azərbaycan bilir ki, regional probemləri inşaAllah elə regional güclərin vasitəsilə həll etmək lazımdır. Heç kim 2000-3000 km-dən və ya daha uzaqdan problemləri nizamlayacaq deyil. Bunun üçün gərək regionda bütün güclə hərbi iştirakın olsun. Hərbi güc diplomatiyanın arxasıdır. Necə ki, kağız pulun arxası ya qiymətli metallardır, ya da neft-qazdır. Bölgəni, yəni Cənubi Qafqazı əhatə edən böyük hərbi güclər kimdir. Rusiya, Türkiyə, İran. Amerika ən yaxşı halda Yaxın Şərqdədir. Birbaşa regiona hərbi təması yoxdur. Ermənistanda hazırda olan Amerikanın hərbi iştirakı regionda simvolikdir. Fransa uzaqdadır. Onun da bölgədə hərbi iştirakı simvolikdir. Hələ ki, bu belədir. Azərbaycan Rusiya ilə tərəfdaş-müttəfiq ziqzaqında işləyir. Türkiyə ilə müttəfiqdir. İranla təməldə normallaşmadadır. İndi baxaq Ermənistana. Rusiya ilə mehriban ”düşməndir". Türkiyə ilə münasibətlərdə iddiasından hələ əl çəkməyib. İranla dost görünsə də, sərin küləklər artıq bir az əsib. Ermənistanın Qərb meylini artıq balans etmək istəyən Paşinyan da dayandıra bilmir.".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin