Əliyev Putin görüşünün DETALLARI - Mühüm qərarlar verildi

Rusiya prezidentinin Azərbaycana xüsusi xarakterli səfəri dünyanın diqqət mərkəzində; liderlər iqtisadi sferada əməkdaşlığın artrılmasını razılaşdırdılar, Cənubi Qafqazı, Ukrayna məsələsini müzakirə etdilər

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycan Respublikasına iki günlük dövlət səfərinə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə şam ediblər.

Avqustun 19-da isə Putin Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

İlham Əliyev və Putin birlikdə Ağ Şəhərə gedirlər – VİDEO

Putin həmçinin avqustun 19-da Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini anaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Dövlət səfərində olan Rusiya prezidentinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub.

Sonra Prezident İlham Əliyevin Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə məhdud tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnun olduğunu bildirib: “Qeyd etmək istərdim ki, biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. 2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm də nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk”.

İlham Əliyev və Putin mətbuata birgə bəyanatlarla ÇIXIŞ EDİBLƏR – FOTO/VİDEO

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq: “Bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin, həm də münasibətlərimiz üçün xoş olacaq”.

Vladimir Putin də bildirib ki, Azərbaycanlaə Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir: “Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir və Sizin bu ilin aprelində Moskvaya səfəriniz ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verib. İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz ki, 4 milyarddan bir az çox (illik əmtəə dövriyyəsi - red.) yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialına uyğun deyil. Həqiqətən burada təkcə energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiya da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270 müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil”.

Prezident Putin Azərbaycanda rus dilinə göstərdiyi diqqətə və bu dilin öyrənildiyi məktəblərin işinə görə Azərbaycana minnətdar olduğunu da söyləyib. Rusiya prezidenti xatırladıb ki, Azərbaycanda 300 rusdilli məktəb, eləcə də Rusiyanın aparıcı ali məktəblərinin filialları fəaliyyət göstərir.

Putin sonra deyib: “Hər kəs yaxşı bilir ki, Rusiya da böhranlarla üz-üzədir, ilk növbədə Ukrayna istiqamətində... Lakin Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə tarixən cəlb olunması bizə bu hadisələrdə iştirak etmək zərurətini diktə edir.

Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı əlbəttə ki, tərəflərin tələb etdiyi ölçüdə olacaq. Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiyası, demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq.

Rusiya Federasiyası Cənubi Qafqazdakı vəziyyətin həllində tərəflər üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır.

Mən bilirəm ki, Azərbaycan Ermənistanla bütün məsələlərin tam həllinə yönəlib. Rusiya sülhün imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar".

Putin Azərbaycana səfərindən sonra Prezident İlham Əliyevlə danışıqların nəticələrini Ermənistanın baş naziri Nikol Paşinyana bildirəcəyini deyib.

Məhdud tərkibli görüşdən sonra Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə geniş tərkibdə görüşü keçirilib.

Prezident Əliyev bildirib ki, Prezident  Putinin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlər üçün müstəsna əhəmiyyətə malikdir: “Bu gün artıq Sizinlə fikir mübadiləsi apardıq və ölkələrimiz arasında münasibətlərin - dostlar, qonşular və müttəfiqlər arasında münasibətlərin necə inkişaf etməsindən məmnunluq ifadə etdik. Bütün sahələrdə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Yəni həqiqətən də müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və bizim qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Biz bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Əminəm ki, Sizin səfəriniz ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiqamətində növbəti mühüm addım olacaq”.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin mətbuata bəyanatlarla  çıxış ediblər | HAKİMİYYET.İNFO.AZ -İctimai-Siyasi Media Portalı

V.Putin bildirib ki, məhdud tərkibli görüşdə prioritet xarakter daşıyan bir sıra məsələləri müzakirə etməyə nail olublar: “Biz hələ müvafiq sənədləri imzalamalıyıq. Həmkarlarımızın, eləcə də bizim qeyri-formal şəraitdə dünən söhbət etmək imkanı olub. Bu gün də onlar öz aralarında danışa və yaxın perspektivdə addımları müəyyən edə biləcəklər”.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanmış Azərbaycan-Rusiya sənədlərinin mübadiləsi mərasimi keçirilib.

Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Hər iki lider Rusiya-Azərbaycan münasibətlərinin strateji partnyorluq münasibətləri olduğunu ifadə ediblər.

Siyasi analitiklər hesab edir ki, Rusiya liderinin Bakıya iki günlük səfəri, səfər zamanı verilən açıqlamalar hər iki dövlətin münasibətlərinin daha da dərinləşməsi istiqamətində iradənin olduğunu nümayiş etdirdi. Vladimir Putinin açıqlamaları Rusiyanın Cənubi Qafqazda üçtərəfli sazişlər əsasında regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin bərpa edilməsində maraqlı olduğunu da deməyə əsas verir.  Eyni zamanda Putinin açıqlaması Prezident İlham Əliyevlə danışıqlarda Ermənistanla Azərbaycan arasında sülh sazişi məsələsinin, Ukrayna mövzusunun da müzakirə edildiyindən xəbər verir.

Eləcə də Putinin Azərbaycan-Rusiya iqtisadi, ticarət əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğu açıq ifadə edilib.

Beləliklə, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə ölkə gündəminin, hətta dünya gündəminin əsas mövzularından biri oldu. Hazırda Rusiya, onun Ukraynada apardığı müharibə, kollektiv Qərbin bu müharibədə iştirakı, prezident Vladimir Putinin indiyədək tutduğu və indən sonra tutacağı mövqe bütün dünyanın diqqət mərkəzindədir.

Belə bir vaxtda Putinin Azərbaycana səfəri bu iki ölkənin xaricində də maraq doğurur.

Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti, bu kontekstdə qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır. Rəsmi Bakının prioritetlərindən biri regionda qalıcı sülhə, təhlükəsizliyə nail olmaqdır. V.Putin də Prezident Əliyevlə görüşdə Azərbaycanın sülh istiqamətində çalışdığını etiraf etdi.

Rusiya isə regionun böyük ölkələrindən biridir. Son iki əsrin 170 ilini bu ölkə ilə Azərbaycan eyni sərhədlər daxilində yaşayıb, 33 ildir bir-birindən uzaqlaşmadan eyni geosiyasi məkanda mövcuddur. Bu illər ərzində iki ölkə arasında sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələr yaranıb.

Rusiya təkcə öz regionunun deyil, həm də dünyanın aparıcı dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olaraq çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlamağa, söz sahibi kimi çıxış etməyə çalışır.

Azərbaycan müstəqilliyini bərpa edəndən bəri Rusiya ilə əlaqələr ərazi bütövlüyü, bərabərhüquqluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında davam və inkişaf edir. Bəzən arada yaranan problemlər bir qayda olaraq gərginliyə yol verilmədən, qarşılıqlı razılaşma yolu ilə həll edilir. Bu, iki ölkə arasında yaxın dostluq münasibətlərinin, dövlətlərarası dialoqun yüksək səviyyədə olmasının nəticəsində mümkün olur.

Azərbaycanla Rusiya arasında vaxtilə sıx şəkildə mövcud olan iqtisadi əlaqələrin yeni dönəmdə daha da inkişaf etməsi göz qabağındadır. Bu tərəqqini ifadə edən konkret rəqəmlər var. Məsələn, 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlib, 2024-cü ildə daha yüksək nəticə gözlənilir. İnkişaf özünü əsasən sənaye və kənd təsərrüfatı məhsullarının qarşılıqlı ixrac-idxalında, turizm sektorunda, yük daşımalarının həcminin artmasında göstərir.

2 il əvvəl, fevralın 22-də Moskvada Azərbaycan və Rusiya dövlət başçıları iki ölkə arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb. Sənəddə iki ölkə arasında siyasi, iqtisadı və daha bir çox sahələrdə əməkdaşlığın inkişafının vacibliyindən bəhs edilir.

Rusiya ilə Azərbaycan arasında Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq böyük iqtisadi əhəmiyyətə malikdir. Bu, Rusiyanın öz mallarını Hind okeanı hövzəsinə qədər daşımaq imkanı yaradır. Öz növbəsində Azərbaycanın da bu nəqliyyat arteriyasına (həm şimala, həm də cənuba doğru) qoşulmaq imkanı yaranır. Bu dəhliz dünyada mövcud olan qlobal nəqliyyat dəhlizləri arasında xüsusi önəmə malikdir və ölkələr arasında iqtisadi əlaqələrin qırılmazlığını təmin edir. Azərbaycan Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirib, bu, kommunikasiyaların etibarlı bəndi olduğunu sübut edib.

Azərbaycan dövlətinin yeritdiyi müstəqil siyasət təbii ki, öz milli maraqlarına uyğundur və bütün tərəflərlə əməkdaşlığı nəzərdə tutur. Rəsmi Bakı zaman-zaman kəskin şəkildə qütbləşən dünyada tərəf tutmadan, həm Qərblə, həm də Rusiya, İran və digər ölkələrlə yaxşı əlaqələr saxlamağa çalışır. Elə qüdrətli ölkələr var ki, hər zaman kiçik ölkələrdən tərəf tutmağı tələb edirlər, amma onların təzyiqinə boyun əymədən öz neytral mövqeyində qalmaq hər baxımdan əlverişlidir. Azərbaycan həm BRİKS, ŞOS kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlığa malikdir, ancaq onların hamısı rəsmi Bakını “öz tərkinə almaq” imkanından məhrumdur. Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvlərindən biri olaraq, hərbi-siyasi platformalara qoşulmur, amma özü ikitərəfli qaydada öz strateji tərəfdaşlarını seçir, onlarla uyğun sazişlər imzalayır.

Azərbaycan bir-biri ilə amansız müharibə aparan Rusiya və Ukrayna ilə yaxın münasibətlərə malikdir. Rəsmi Bakı hər iki dövlətlə öz münasibətlərini qoruyub saxlamağa çalışır. Kanat üzərində öz müvazinətini saxlamağa bərabər olan bu neytral mövqedə olmasına görədir ki, Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır və Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir.

Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasətin düzgünlüyünü zaman və baş verən hadisələr təkrar-təkrar təsdiqləyir. Onun məharətli diplomatiyası sayəsində, Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan bir sıra tarixi problemlərinin həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Başqa yol yox idi. Qarabağ probleminin həlli bu ölkənin neytral mövqe tutmasından çox asılı idi. Azərbaycan Rusiyanın uzun illərdən sonra nəhayət Qafqaz ölkələri arasında bərabərlik işarəsi qoymasına nail oldu və bu, öz bəhrəsini verdi. Çünki Azərbaycan Ermənistanla bərabər deyildi, güclü və haqlı idi, sadəcə, ortadakı arbitrin ədalətli olması lazım idi.

Hazırda ukraynalı ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd edir, bunu yüksək qiymətləndirirlər.

İndi ölkəmiz dünyada dialoq məkanı kimi tanınır. Həm Rusiya, həm də Ukrayna Azərbaycana, onun liderinə etimad göstərir. Həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində Azərbaycanın imkanlarından istifadə oluna bilər. Elə olsa, regiona sülh və əmin-amanlıq gələr, eyni zamanda ölkəmizin beynəlxalq nüfuzunun daha artmasına töhfə olar.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki,  Moskva ilə Kiyev arasında danışıqlara başlamaq üçün Bakının məkan kimi seçilə bilməsi ehtimalı gündəmdədir: “Bakının belə bir təcrübəsi var. Putin Ukraynanın Rusiya ərazisinə hücumundan sonra Kiyevlə sülh danışıqlarını istisna etsə də, Kreml sahibi vəziyyətin onun və ölkəsinin zərərinə istiqamətləndiyini anlamamış deyil. Onun real vasitəçiyə və ya danışıqlar üçün tərəfsiz məkana ehtiyacı var”.

E.Şahinoğlunun fikrincə, Belarus vasitəçi roluna yaramır: “Kiyev qəbul etməyəcək. Türkiyənin vasitəçiliyinə Kreml ehtiyatla yanaşır. Çünki Moskva Türkiyə ilə Ukraynanın hərbi sahədə əməkdaşlığından narazıdır. Bir ara Çin vasitəçiliyini təklif etmişdi, ancaq Pekinin balansı Rusiyanın xeyrinə pozması Kiyevin və onu dəstəkləyən Qərbin maraqlarına ziddir. Yerdə qalır Qətər və Azərbaycan”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin