"Ermənistan Türkiyə ilə normallaşma istəyirsə, Zəngəzur dəhlizini açmalıdır"

İyulun 30-da Türkiyənin normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla ermənistanlı həmkarı Ruben Rubenyan sərhəddə görüşüb. Xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər. Onlar həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər

 

Bu, onların sayca beçinci görüşü idi. Bundan əvvəl diplomatlar 2022-ci ildə Vyanada görüş keçiriblər. Bu görüşdə tərəflər quru sərhədinin tez bir zamanda üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər.

 

Beşinci görüşdə isə tərəflər normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə “Sabah”a müsahibəsində bildirib ki, Ermənistanla sərhədlər Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən sonra açılacaq. O, rəsmi Bakı ilə İrəvan arasında danışıqlar prosesinin davam etdiyini qeyd edərək deyib: “Biz danışıqların mümkün müsbət başa çatması ssenarisinə hazır olmalıyıq. Əgər normallaşma prosesi müsbət sonluqla başa çatarsa, onda biz sərhəd qapılarını aça bilərik”.

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə-Ermənistan arasında təmaslar Azərbaycanın İkinci Qarabağ müharibəsindən qələbəsindən sonraya təsadüf edir:

 

“Sonrakı prosesdə Prezident İlham Əliyevin mövqeyi belə idi ki, Türkiyə Ermənistanla siyasətini sərbəst müəyyənləşdirə bilər. Bundan sorna təmas qrupu yaradıldı və Türkiyə-Ermənistan arasında görüşlər keçirilməyə başlandı. Bu görüşlər indi də davam edir. Tükiyənin mövqeyində isə dəyişiklik yoxdur. Belə ki, əgər Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə Azərbaycanla razılıq əldə edilməli, sülh sazişi imzalanmalı, Zəngəzur Dəhlizi açılmalıdır”.

 

Onun sözlərinə görə, bu gün top Ermənistanın meydanındadır: “Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırsa, bu, Qafqazda sabitliyin təmin edilməsinə, Ermənistanın regional layihələrə qoşulmasına, ölkələrarası iqtisadi əlaqələrin yaradılmasına şərait yaradar ki, bu yolla böyük güc mərkəzlərinin asılılığından da qurtula bilər. Əslində bu Ermənistanın özünün xeyrinədir”.

 

Politoloq sonda qeyd edib ki, Ermənistanın son dövrlərdə silahlandırıldığını görürük:

 

“Müxtəlif ölkələr Ermənistana silah-sursat satır və Azərbaycan sərhədində atəşkəs pozulur. Bütün bunlar bölgədə vəziyyəti gərginləşdirir. Bütün şərqdə münaqişələrin olduğu dövrdə Cənubi Qafqazda sabitliyə ehtiyac var. Bunu Nikol Paşinyan da anlayır, sadəcə addım atmaqdan ehtiyat edir. İlin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmasa da çərçivə sazişinin imzalanması ehtimalı var. Burada da niyyətlər göstəriləcək. Dövlət başçımız Şuşada keçirilən Qlobal Media Forumunda da dedi ki, sülh sazişi mətninin 90%-i hazırdır. Bizimlə sülh sazişi imzalanan kimi də Türkiyə sərhədləri açacaq və diplomatik münasibətlər qurulacaq. Bu Ermənistanın özü üçün faydalıdır”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin