COP29-a gələn dünya liderləri Qarabağa gedəcək? - AÇIQLAMA

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. COP29-un keçirilməsi üçün Bakı Olimpiya Stadionu seçilib. İştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbir kimi qiymətləndirilir.

 

Dünyanın müxtəlif ölkələrindən 80 minə yaxın qonaq tədbirdə iştirak edəcək. Qonaqlar arasında müxtəlif ölkələrin liderləri, nüfuzlu siyasətçilər və iş adamları da olacaq.

 

Bəs ölkəmizə gələn qonaqların işğaldan azad olunmuş ərazilərə səfəri təşkil oluna bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Qarabağdan olan deputatı Ceyhun Məmmədov bildirib ki, COP29 tədbiri üçün ölkəyə gələn qonaqların işğaldan azad olunan Qarabağ ərazilərinə ekskrusiyası ölkəmizin həqiqətlərini göstərmək baxımından böyük töhfə verə bilər:

 

"Azərbaycan növbəti dəfə çox böyük beynəlxalq tədbirə ev sahibliyi edir. Bu təbirin tarixinə, iştirakçılarına baxanda kifayət qədər böyük əhəmiyyətə malik olduğu görünür. Hesab edirəm ki, dövlət qurumları bu barədə düşünürlər. Mən də düşünürəm ki, bu insanlar ölkəmizə gəlmişkən Qarabağa gedib oradakı prosesləri əyani şəkildə görsələr,çox yaxşı olardı. Erməni vəhşiliyinin  və Azərbaycan həqiqətlərinin göstərilməsi baxımından bu,  ciddi töhfə verə bilər. Bu çox önəmli və vacib məsələdir. Bir daha deyirəm ki, mən dövlət qurumlarının da bu barədə düşündüyünə əminəm. Əlbəttə, belə imkan olarsa, mütləq ölkəmizə gələn, səfər edən şəxslərin Qarabağa getməsi, gözləri ilə görülən işlərə şahidlik etməsi məsələsi də gündəlikdə saxlanılacaq".

 

C.Məmmədov vurğulayıb ki, Azərbaycan COP29-un yaratdığı imkandan maksimum öz mənafeyi üçün yararlanmağa çalışacaq:

 

"Bu tədbir, adətən, bir şəhərdə kompakt formada keçirilir. Qonaqlar bir az əvvəl gələ, yaxud bir az sonra gedə  bilərlər. Hər halda COP29 çox böyük tədbirdir. Tədbirin Bakıda keçirilməsi Azərbaycana göstərilən böyük diqqət və etimaddır. Dövlətimiz də, dövlət qurumlarımız da bu imkandan maksimum dərəcədə ölkəmizin mənafeyi naminə istifadə etməyə çalışacaq".

Milli Məclisin Qarabağdan olan digər bir deputat Aqil Məmmədov söyləyib ki, məsələ aidiyyəti qurumlar tərəfindən düşünülməmiş olmaz:

 

"Bu gün Azərbaycanda çoxlu sayda beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Amma COP29 tədbiri həcm, mahiyyət və əhəmiyyəti baxımından daha üstündür. Qonaqların qarşılanması, yerləşdirilməsi, eyni zamanda tədbirlərdə iştirakı xüsusi proqramla tənzimlənəcək. Hesab edirəm ki, qonaqların işğaldan azad olunmuş ərazilərimizə aparılması məsələsi mütləq şəkildə gündəmdədir. Ölkəmizə gələn çoxsaylı diplomatik və digər sahələr üzrə nümayəndələrin imkan daxilində işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunur. Burada məqsəd erməni vandalizminin fəsadlarının göstərilməsidir. Onlar bununla ermənilərin o əraziləri 30 ildə necə dağıtdığını, Azərbaycanın isə 44 günlük Vətən müharibəsindən sonra torpaqları dirçəldib, yenidən qurduğunu görəcəklər. Bütün bunlar vacib məsələlərdir. Baş verənləri təbliğatla çatdırmaq, bir də əyani şəkildə şəxslərin bunu gözü ilə görməsi var. Bu, çox vacib məsələdir. Məncə, bu, tədbirlər planında nəzərdə  tutulmamış olmaz. Düşünürəm ki, məsələ gündəmdədir. Bunu yüksək dəyərləndirirəm".

 

Deputat vurğulayıb ki, Azərbaycanın ev sahibliyi yüksək səviyyədə olacaq:

 

"Doğrudan da, Azərbyacan üçün böyük sınaqdır, ona böyük etimad göstərilib. 80 minə yaxın qonağın iştirak edəcəyi tədbirin keçirilməsi, bütün dünyanın o istiqamətdə köklənməsi, Azərbaycanın alternativ enerji mənbələrinin yaradılması istiqamətində addımları, bu tədbirlərin Azərbaycanda keçirilməsinin əhəmiyyəti var. İnanırıq ki, Azərbaycan dövləti bu beynəlxaq tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin