Vasitəçilərsiz görüş: Ermənistan-Azərbaycanın üçüncü tərəfə ehtiyacı var?
Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilib. Dinləmədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin Avropa və Avrasiya bürosu üzrə köməkçisinin müavini Aleksander Sokolovksi iştirak ediblər.
Senator və məmurlar Azərbaycana qarşı qərəzli fikirlər səsləndiriblər. Daha sonra ABŞ Senatı Azərbaycana hərbi yardımları dayandıran sənəd qəbul edib. Rəsmi Bakı dinləmələrdə səsləndirilən birtərəfli və qərəzli fikirlərin səmərəsiz, əsassız və qəbuledilməz olduğunu bildirib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. "Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir", - Nazirlik vurğulayıb.
ABŞ-ın bu qərarını Modern.az-a şərh edən britaniyalı politoloq Neil Uatson bildirib ki, Konqres həmişə erməni lobbisinin güclü təsiri altında olub.
"Bunun nəticəsində biz 907-ci maddəyə gətirib çıxaran qərəzliliyi görmüşük. İkitərəfli münasibətləri dalana dirəyən ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun rolunu heç vaxt unutmamalıyıq", - o qeyd edib.

O bildirib ki, Azərbaycan ərazisinin 20 faizi 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olub:
“ABŞ həmişə güclü olan tərəf kimi aldadılmış mesajlar verib. Eyni zamanda Amerikanın dini hüququna xitab edən erməni əsilli Amerika əhalisini və elektoratını sakitləşdirməyə çalışıb.
Son zamanlar Ermənistan-Azərbaycan sülh danışıqlarına Amerika yolu var ki, bu da Rusiya yolunun buraxdığı boşluğu doldurur. Çünki Rusiya heç bir sülh danışıqlarının tərkib hissəsi ola bilməz. Amma normal olaraq, ABŞ öz şəxsi maraqlarını güdür və Cənubi Qafqazda müəyyən mövqe qazanmağa çalışır", - politoloq vurğulayıb.
Neil Uatson deyir ki, bu yaxınlarda Ermənistanda hərbi təlimlər keçirib və bu, onun Azərbaycandan çox Ermənistana sadiq olduğunu göstərir:
"Ona görə də Konqresdəki bəyanatlar təəccüblü deyil. Bundan başqa, Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra Azərbaycan-Rusiya münasibətləri güclənib və buna görə də ABŞ bunu Rusiya ilə ideoloji münaqişəsinin genişləndirilməsi kimi qiymətləndirir. Fikrimcə, Azərbaycan və Ermənistan liderləri heç bir vasitəçi olmadan görüşməli və üçüncü tərəfin müdaxiləsi olmadan sülh sazişini birdəfəlik həll etməlidirlər”.
0 Rəy