“Xocalıya gəlişimiz şəhidlərimizi də sevindirib" - İlk qayıdışın sakinləri

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə köç başlayıb. Mayın 28-29-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Xocalıya yola salınıb. İlk mərhələdə ümumilikdə 44 ailənin - 169 nəfərin Xocalı şəhərində daimi məskunlaşması təmin edilb.

Mayın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüb söhbətləşiblər.

32 ildən sonra Xocalıya köçən Ceyran Əzizova təəssüratlarını Modern.az-la bölüşüb: 


"Dünən Xocalıya köçən ilk 24 ailənin içində biz də varıq. Mən 1964-cü ildə Xocalıda anadan olmuşam. Orta məktəbi Xocalıda bitirmişəm. Xocalını tərk edəndə üç il idi ki, ailə qurmuşdum. Həyat yoldaşım, bir çox yaxın qohumlarım soyqırımı zamanı şəhid olub. Ağrı-acılarımız çox böyük idi.

Nəhayət Xocalının işğaldan azad olunması ilə yaramıza su səpildi. İndi fəxr edirəm ki, artıq öz evimizdəyik.

1992-ci ildə Xocalıdan 3 nəfərlə çıxmışdıq. Ermənilərin törətdiyi qətliam zamanı həyat yoldaşım Məmmədov Vasif həmin gecə girov götürüldü. Onu girovluqda öldürüb, üstündən tankla keçmişdilər. Biz 15 il ərzində əvvəlcə Naftalanda, sonra Sabirabadda yaşadıq. Daha sonra Bakı Şəhəri Evtikmə kombinatında məskunlaşdıq.
Prezidentin qərarı ilə Mehdiabad qəsəbəsində şəhid ailələrinə verilən evlə təmin olunduq. Xocalıya köçlə bağlı müraciət etdim. Çünki bizim evimiz dağıdılmamışdı. Zədə alsa da, təmir olunası halda idi. İndi burada üç şəhid ailəsi qonşuyuq.
32 ildən sonra doğma rayonumuza - öz evimizə köçmüşəm. O qədər möhtəşəm hisslər yaşayırıq ki, sözlə ifadə etməyə də çətinlik çəkirəm. İndi Xocalıdayam, sanki heç buradan getməmişdim. Biz Xocalıdan çıxanda torpağın da rəngi qaçmışdı. İndi hər tərəfdə xoş mənzərə yaşanır. Xocalıda sanki bir nur var. Keçmiş illərə qayıtmış kimiyəm. Yaşıllıq, gözəl mənzərə insana o qədər doğma gəlir, elə bir ruh verir ki, o kədərli xatirləri yada salmaq istəmirsən”.
 



Ceyran Əzizova deyir ki, Xocalıda evlərin işığını yandırandan sonra “artıq gəlmişik” demək dünyalara dəyər:


“Buranın gözəlləşməsini, insanların köçünü görüb-yaşamaq fərqli duyğudur. Gələcəkdə tədbirlərimiz də olacaq. Burada “Çalınmamış son zəng” tədbiri keçirməyi planlaşdırırıq. 1992-ci ilin fevralından sonra burada "Son zəng"  çalınmadı. Bizim şəhid müəllimlərimiz, şəhid şagirlərimiz var. İyunin 15-də onların xatirəsini yad edib "Son zəng"i çalmaq fikrimiz var.
Mayın 28-də cənab Prezidentlə, birinci xanım Mehriban Əliyeva ilə, onların qızı Arzu xanımla görüşdük, hamısına bir daha təşəkkürümü çatdırıram ki, bu möhtəşəm hissi bizə yaşatdılar. Ordumuza minnətdaram. Şəhidlərimizə rəhmət diləyirəm. 44 günlük savaşda bir yumuruq olan xalqımıza təşəkkür edirəm.

İndi sizinlə danışa-danışa dağlara baxıram. Mənim evim elə yerdədir ki, Bozdağ, Kətikdağ, Murovdağ görünür. O qədər gözəl mənzərə var ki, hava gözəl, oksigen bol... Bütün məcburi köçkünlərə səslənirəm, vətənimizə - yurd yerlərinə qayıdaq. Ocağımızı yandıraq, qoy şəhidlərimizin ruhu şad olsun. Xalqımıza "çox sağ olun!"  deyirəm ki, bu günlərdə bizi tək buraxmır”.
 



Xocalı sakini Müşfiq Abbasov deyir ki, 1992-ci il soyqırımında şəhid olanlarının ruhu indi şaddır: 


“Xocalıdan çıxanda 23 yaşım var idi. 32 ildən sonra qarlı gecədə tərk etdiyimiz Xocalıya qayıtmışam. Özüm təqaüddə olan polis polkovnikiyəm. Antiterror tədbirlərindən sonra Xocalı azad edildi. O vaxtdan bu günə qısa müddət ərzində böyük quruculuq işləri aparıldı. Dünən cənab Prezidentlə görüşümüz çox gözəl keçdi. Hamımız çox sevincliyik. Axı öz torpağımıza qayıtmışıq. Dövlətimiz sağ olsun. Bizim evimiz yeni tikilib. Xocalıda dağıdılan, yandırılan evlərdən əsər-əlamət qalmayıb.
Buranın havası, suyu üçün çox darıxmışıq. Artıq Xocalıya həyat qayıdıb. Hesab edirəm ki, indi şəhidlərimizin də ruhu şaddır”.
 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin