“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ
“Xankəndi” futbol klubunun Müşahidə Şurasının sədri Elgün Səmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
– “Xankəndi” klubu üçün yeni mərhələ başlayır. Bir tərəfdən Röyal Nəcəfov baş məşqçi təyin olunub, digər tərəfdən klubun Xankəndiyə qayıdışı yaxınlaşır. Bu iki hadisəni klubun inkişafı baxımından necə qiymətləndirirsiniz?
– Hər iki hadisə klubun gələcəyi baxımından mühüm mərhələdir. Yeni baş məşqçinin təyinatı idman istiqamətində qarşıdakı dövr üçün yeni planların formalaşdırılması deməkdir. Digər tərəfdən, Xankəndidə ev oyunlarını keçirməyimiz klubun əsas məqsədlərindən birinin reallaşmasıdır. Biz istəyirik ki, “Xankəndi” təkcə futbol komandası deyil, şəhərlə və onun insanları ilə sıx bağlı olan bir klub kimi formalaşsın.
– Röyal Nəcəfovun baş məşqçi kimi seçilməsində hansı amillər əsas rol oynadı? Klub ondan nə gözləyir?
– Baş məşqçi seçimində bir neçə amili nəzərə aldıq. Burada yalnız məşqçinin futbol biliyi deyil, komanda ilə işləmək bacarığı, məsuliyyəti və klubun növbəti mərhələdəki planlarına uyğunluğu da vacibdir. Röyal Nəcəfovla bağlı gözləntimiz komandanın oyun keyfiyyətinin və nəticələrinin yaxşılaşdırılması, eyni zamanda daha sistemli futbol modelinin formalaşdırılmasıdır.
– Röyal Nəcəfovla müqavilənin mövsümün sonunadək bağlanması diqqət çəkir. Bu müddət klub üçün bir növ nəticələrin qiymətləndirilməsi mərhələsi olacaq?
– Bu müddət ərzində həm nəticələri, həm də komandanın inkişaf dinamikasını görmək istəyirik. Amma bizim üçün yalnız qısamüddətli nəticələr əsas meyar deyil. “Xankəndi” yeni formalaşan klubdur və burada dayanıqlı komanda qurmaq üçün müəyyən zaman və düzgün planlama lazımdır.
– Komandanın qarşısında mövsümün sonunadək konkret hansı idman hədəfləri dayanır?
– Əsas məqsəd komandanın turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq, daha stabil nəticələr əldə etmək və mümkün qədər yuxarı pillələr uğrunda mübarizə aparmaqdır. Bununla yanaşı, komandanın gələcək mövsümlər üçün daha sağlam təməl üzərində qurulmasını istəyirik.
– Bir ay sonra Xankəndiyə qayıdış gözlənilir. Klub üçün bu qayıdış nə deməkdir?
– Komandanın Xankəndidə oynaması bizim üçün sadəcə stadionun dəyişməsi deyil, klubun öz şəhərinə qayıtmasıdır. Biz bu günü səbirsizliklə gözləyirik. Xankəndi şəhər stadionunda ilk ev oyununda komandanın meydana çıxması həm futbolçular, həm klub əməkdaşları, həm də azarkeşlər üçün xüsusi hadisə olacaq.
– Xankəndi şəhər stadionunda hazırda təmir işləri davam edir. Klub ilk ev oyununa necə hazırlaşır?
– Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır. Rəsmi açılış mərasimindən sonra ilk ev oyununun tarixi də müəyyənləşəcək. Klub olaraq biz də bu prosesə uyğun şəkildə hazırlıqlarımızı aparırıq. Burada əsas məsələ ilk ev oyununu həm komanda, həm də azarkeşlər üçün yaddaqalan etməkdir.
– Sizcə, Xankəndidə ilk ev oyununun atmosferi necə olacaq?
– Düşünürəm ki, çox fərqli atmosfer olacaq. Çünki söhbət sadəcə bir futbol oyunundan getmir. İnsanlar uzun müddətdən sonra öz şəhərlərində “Xankəndi”nin oyununu izləyəcəklər. Biz istəyirik ki, stadion azarkeşlərin, tələbələrin, gənclərin və şəhər sakinlərinin bir araya gəldiyi məkanlardan birinə çevrilsin.
– Komandada azarkeş mədəniyyətinin formalaşdırılması ilə bağlı hansı planlar var?
– Güclü klubun arxasında güclü azarkeş auditoriyası da olmalıdır. Bu istiqamətdə müxtəlif təşəbbüslər üzərində düşünürük. Məqsəd yalnız oyun günü stadionu doldurmaq deyil, klubla davamlı əlaqəsi olan azarkeş icması formalaşdırmaqdır. “Xankəndi” azarkeşlərinin özlərini klubun bir parçası hiss etməsi bizim üçün vacibdir.
– Klubun Xankəndidə oynamağa başlaması Qarabağ Universitetinin tələbələri üçün də yeni imkanlar yaradır. Tələbələrin oyunlara cəlb olunması ilə bağlı planlarınız varmı?
– Qarabağ Universiteti ilə Xankəndi şəhərinin gələcəyi arasında xüsusi bağ var. Universitet tələbələri şəhərin ictimai həyatının mühüm hissəsidir. Onların “Xankəndi”nin oyunlarında iştirakını və komandaya azarkeşlik etməsini çox istəyirik. Bu, həm tələbələr üçün maraqlı təcrübə, həm də klub üçün yeni azarkeş auditoriyasının formalaşması baxımından əhəmiyyətlidir.
– Klubun yalnız əsas komandadan ibarət olmaması, gələcəkdə akademiyanın yaradılması barədə də fikirlər səslənir. Bu istiqamətdə konkret planlar varmı?
– Bəli, klubun gələcəyini yalnız əsas komandanın nəticələri ilə məhdudlaşdırmaq olmaz. Akademiyanın yaradılması bizim uzunmüddətli planlarımızın əsas istiqamətlərindən biridir. Məqsəd gələcəkdə Xankəndidə futbol mühitinin formalaşdırılması və yerli gənclərin bu sistemə cəlb edilməsidir.
– “Xankəndi”nin gələcəkdə öz yetirmələrindən ibarət komanda formalaşdırması mümkündürmü?
– Bu, əlbəttə, arzuladığımız istiqamətlərdən biridir. Bunun üçün isə əvvəlcə futbol akademiyası, uşaq-gənclər komandaları və düzgün seleksiya sistemi qurulmalıdır. Bir gündə nəticə əldə etmək mümkün deyil. Amma bu gün atılan addımlar gələcəkdə Xankəndidən peşəkar futbolçuların yetişməsinə imkan yarada bilər.
– Komandanın inkişafında yalnız futbol nəticələri deyil, Xankəndinin tanıdılması baxımından klubun rolu da müzakirə olunur. Siz bu məsələyə necə yanaşırsınız?
– “Xankəndi”nin öz şəhərinin adı ilə çıxış etməsi böyük məsuliyyətdir. Klub müxtəlif şəhərlərdən və ölkələrdən gələn insanların Xankəndi ilə tanışlığı üçün də bir platformaya çevrilə bilər. Biz istəyirik ki, Xankəndiyə gələn azarkeşlər burada yalnız futbol oyunu izləməsin, şəhəri də tanısınlar. Bu baxımdan klubun şəhərin turizm və ictimai həyatına töhfə vermək imkanları var.
– Gələcəkdə “Xankəndi”nin oyunlarının futbol matçından daha böyük bir tədbirə çevrilməsi mümkündür?
– Əlbəttə. Futbol artıq yalnız 90 dəqiqəlik oyun deyil. Stadion ətrafında azarkeş zonaları, klub məhsulları, müxtəlif tədbirlər və ailələr üçün fəaliyyətlər təşkil etmək mümkündür. Biz gələcəkdə Xankəndidə oyun günlərini şəhərin sosial həyatının maraqlı hissələrindən birinə çevirmək istəyirik.
– Klub mağazası və rəsmi atributların satışa çıxarılması ilə bağlı planlar varmı?
– Klubun öz atributlarının olması azarkeş mədəniyyətinin formalaşmasının vacib hissəsidir. Forma, şərf, bayraq və digər məhsulların təqdim edilməsi ilə bağlı planlarımız var. İstəyirik ki, insanlar komandaya olan bağlılıqlarını yalnız stadionda deyil, gündəlik həyatda da nümayiş etdirə bilsinlər.
Hər klubun uzunmüddətli idman hədəfləri olmalıdır. Amma bunun üçün mərhələli şəkildə inkişaf etmək lazımdır. Əvvəlcə dayanıqlı struktur, güclü heyət, akademiya, azarkeş bazası və uyğun infrastruktur formalaşdırılmalıdır. Bunlar qurulduqca daha böyük hədəflər üçün imkanlar da genişlənəcək.
– Futbol yalnız peşəkar idman növü deyil, eyni zamanda gənclərin sağlam həyat tərzinə yönəlməsində mühüm vasitədir. “Xankəndi” bu baxımdan hansı rolu oynaya bilər?
– Futbolun cəmiyyət üçün ən böyük üstünlüklərindən biri onun insanları hərəkətə, komandada olmağa və sağlam həyat tərzinə təşviq etməsidir. Xüsusilə gənclər arasında idmana marağın artırılması bizim üçün vacib istiqamətlərdəndir. İstəyirik ki, “Xankəndi” yalnız peşəkar futbolçuların çıxış etdiyi klub olmasın, eyni zamanda uşaqların və gənclərin idmana marağını artıran bir platformaya çevrilsin.
– Xankəndidə yaşayan və burada təhsil alan gənclərin futbol və ümumilikdə idmana cəlb olunması ilə bağlı hansı addımlar atıla bilər?
– Bunun üçün futbolu gənclərin gündəlik həyatının bir hissəsinə çevirmək lazımdır. Məktəblərlə, Qarabağ Universiteti ilə və digər qurumlarla əməkdaşlıq çərçivəsində müxtəlif futbol layihələri, turnirlər, məşqlər və maarifləndirici tədbirlər təşkil etmək mümkündür. Məqsədimiz gənclərin asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq və onların Xankəndinin ictimai həyatında daha fəal iştirakına imkan verməkdir.
– Akademiyanın yaradılması və fəaliyyəti klubun uzunmüddətli planlarında hansı yer tutur?
– Akademiya klubun gələcəyi üçün ən vacib istiqamətlərdən biridir. Əgər dayanıqlı sistem qurmaq istəyiriksə, bunun təməli uşaq və yeniyetmə futbolundan başlamalıdır. Akademiyanın əsas məqsədi istedadlı uşaqları erkən yaşda müəyyənləşdirmək, onların futbol bacarıqlarını inkişaf etdirmək və gələcəkdə peşəkar futbolçu kimi yetişmələrinə şərait yaratmaqdır.
– Akademiya gələcəkdə Xankəndidən olan futbolçuların əsas komandaya yüksəlməsi üçün bir yol ola bilər?
– Əsas məqsədlərdən biri də budur. İstəyirik ki, gələcəkdə Xankəndidə futbola başlayan bir uşaq akademiyanın müxtəlif yaş qruplarından keçərək peşəkar səviyyəyə yüksələ və bir gün “Xankəndi”nin əsas komandasında meydana çıxa bilsin. Bu, həm klub, həm də həmin gənclər üçün çox böyük motivasiya olar.
– Müşahidə Şurasının sədri kimi klubun gələcəyi ilə bağlı sizin üçün ən vacib məsələ nədir?
– Mənim üçün ən vacib məsələ “Xankəndi”nin dayanıqlı klub kimi formalaşmasıdır. Burada nəticə də vacibdir, amma nəticəni təmin edən sistem daha vacibdir. İstəyirik ki, klubun inkişafı bir mövsümlə və ya bir neçə futbolçu ilə məhdudlaşmasın, uzun illər davam edən struktur yaradılsın.
– Bir neçə il sonranı düşünəndə, “Xankəndi”ni necə görmək istəyirsiniz?
– İstəyimiz “Xankəndi”nin ölkə futbolunda özünəməxsus yeri olan, dayanıqlı və peşəkar klub kimi formalaşmasıdır. Bunun üçün təkcə əsas komandanın nəticələrinə deyil, klubun bütün strukturunun inkişafına diqqət yetirmək lazımdır. Akademiyanın yaradılması, azarkeş mədəniyyətinin formalaşdırılması, klub infrastrukturu, uşaq və gənclər futbolunun inkişafı bizim üçün vacib istiqamətlərdir. Ən əsası isə istəyirik ki, “Xankəndi” illər sonra da öz şəhərinin adı ilə qürurla çıxış edən və yeni nəsil futbolçular yetişdirən klub olsun.
İstərdik ki, “Xankəndi” deyəndə insanların ağlına ilk növbədə mübarizə, birlik və öz şəhərinə bağlılıq gəlsin. Bu klubun adında böyük bir şəhərin adı var və həmin adı daşımaq bizim üçün həm böyük qürur, həm də məsuliyyətdir. İstəyirik ki, “Xankəndi” zaman keçdikcə yalnız futbol komandası kimi deyil, insanları birləşdirən, gəncləri futbola cəlb edən və şəhərlə güclü bağları olan bir klub kimi tanınsın.
– Əgər bu gün komandanın gələcək azarkeşlərinə bir cümlə ilə müraciət etmək imkanınız olsaydı, nə deyərdiniz?
– Deyərdim ki, bu klubun hekayəsi hələ yeni başlayır və Xankəndidə olan hər kəs həmin hekayənin bir parçasıdır. “Xankəndi”nin ən böyük gücü yalnız meydandakı futbolçular deyil, tribunadakı azarkeşləridir. Xankəndidə ilk ev oyunundan başlayaraq bütün azarkeşlərimizi komandamızın yanında olmağa, bu klubun gələcəyini birlikdə qurmağa dəvət edirəm.
0 Rəy