"Prezident təqaüdü bütün mina qurbanlarına aid deyil" - Hafiz Səfixanov

Mina qurbanları problemi müasir dövrdə həm humanitar, həm də təhlükəsizlik baxımından ciddi narahatlıq doğuran məsələlərdən biri olaraq qalır. Qarabağda baş verən münaqişələrdən sonra ərazilərdə qalan minalar illər keçməsinə baxmayaraq, mülki əhali üçün ölüm və yaralanma riski yaradır, bölgələrin təhlükəsiz istifadəsini məhdudlaşdırır və sosial-iqtisadi inkişafı ləngidir. Bu problemdən zərər çəkən insanlar təkcə fiziki xəsarətlərlə deyil, həm də psixoloji travmalar və sosial adaptasiya çətinlikləri ilə üzləşirlər. Mina qurbanlarının reabilitasiyası və cəmiyyətə inteqrasiyası isə dövlətlər və beynəlxalq təşkilatlar üçün mühüm prioritetlərdən biri hesab olunur.

Hafta.az-ın müsahibi "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri və mina təhlükəsi ilə mübarizə üzrə  ekspert Hafiz Səfixanov olub. Shushainfo.com olaraq həmin müsahibəni təqdim edirik

- Son günlər mina hadisələrinin yenidən artması fonunda bu problemin aktuallığını necə qiymətləndirirsiniz?

- İkinci Qarabağ müharibəsindən sonra biz, şəxsən mən mütəxəssis rəhbəri, uzun müddət bu problemlə məşğul olan bir şəxs kimi qarşılaşacağımız vəziyyəti belə təsəvvür etmirdik. Çünki biz həmin vaxta qədər çoxlu sayda beynəlxalq tədbirlərdə iştirak edir, hesabatlar hazırlayırdıq. Hətta ən pessimist beynəlxalq ekspertlər belə bizə deyirdilər və hesabatlarında yazırdılar ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərə qayıtdıqda maksimum yüz min mina ilə qarşılaşa bilər.
Amma bizim qarşılaşdığımız vəziyyət tamamilə fərqli oldu. Şəhərlər və kəndlər yerlə-yeksan edilib, bəzi ekspertlərin də bildirdiyi kimi, milyon yarımdan artıq partlamamış mina və hərbi sursat mövcuddur. Bunun acı nəticələrini isə Azərbaycan əhalisi artıq beş ildir yaşayır. Mina qurbanlarının sayı durmadan artır.

Bugünkü günə olan statistikanı qeyd edim: 2020-ci ilin 10 noyabr tarixindən sonra 260 hadisə qeydə alınıb. Nəticədə 422 nəfər çəxs mina partlayışlarından zərər çəkib - həlak olub və ya yaralanıb. Onların 73 nəfəri həlak olub, 349 nəfəri isə yaralanıb. Həlak olan 73 nəfərin 58 nəfəri isə mülki şəxslərdir, yaralananların da 171 nəfəri səhv etmirəmsə, mülki şəxslərdir. Bu da problemin miqyasını açıq şəkildə göstərir.

Çox təəssüf ki, biz hər həftə, hər ay belə acı xəbərlər alırıq. Son hadisə dünən baş verdi, ANAMA-nın mina təmizləyən əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində həyatını itirdi. O, ailə başçısı idi, bildiyim qədərilə azyaşlı övladı da var. Allah rəhmət eləsin.

- Bu istiqamətdə maarifləndirmə işləri nə dərəcədə effektivdir?

- Mina təhlükəsinə qarşı mübarizənin təməli ondan ibarətdir ki, hətta ən kiçik təcrübədə belə beynəlxalq standartlara əsasən mina təmizləmə əməliyyatları ilə maarifləndirmə tədbirləri paralel şəkildə aparılmalıdır. Maarifləndirmə fəaliyyəti, əsasən, mina təhlükəsinin mövcud olduğu ərazilərdə əhalinin məlumatlandırılmasına yönəldilir.

Azərbaycanda da bu standartlara uyğun olaraq, müharibə başa çatdıqdan sonra dövlət tərəfindən müvafiq fərmanla 2021-ci ildə ANAMA yenidən təşkil olunmuşdur. Bununla yanaşı, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri də mina təmizləmə işlərinə cəlb edilmişdir. Daha sonra bir neçə aidiyyəti qurumun daxil olduğu komissiyalar yaradılmışdır. Bu qurumlar mina təmizlənməsi və humanitar minatəmizləmə əməliyyatlarının həyata keçirilməsinə cavabdehdir.

Humanitar minatəmizləmə fəaliyyəti ciddi beynəlxalq standartlara və yüksək tələblərə əsaslanır. Azərbaycanda da mina təmizləmə işləri məhz bu ciddi tələblərə uyğun şəkildə həyata keçirilir. Bununla yanaşı, geniş maarifləndirmə işləri aparılır. İşğaldan azad olunmuş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərlə, həmin ərazilərdə fəaliyyət göstərən infrastruktur layihələrinin əməkdaşları ilə, eləcə də tələbə və şagirdlərlə mütəmadi maarifləndirmə tədbirləri keçirilir.

Bununla belə, bu sahədə ciddi problemlər də mövcuddur. Problemlərdən biri ondan ibarətdir ki, bəzi vətəndaşlar təhlükəsizlik qaydalarına laqeyd yanaşır, özbaşına hərəkətlərə yol verirlər. Onlar bəzən xəbərdarlıq nişanlarını yerindən çıxarır, qoruyucu hasarlara zərər yetirir, hətta onları sökürlər. Bu isə qətiyyən yolverilməzdir və qanunla qadağandır. Çünki həmin ərazilər məhz insanların ora daxil olmaması və mina qurbanlarının sayının artmaması üçün hasarlanmışdır.

İu gün Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqaz regionunda qeydə alınan ümumi mina qurbanlarının sayından daha çoxdur və təəssüf ki, bu göstərici artmaqda davam edir. Buna görə də vətəndaşlar bu məsələyə daha məsuliyyətli və şüurlu yanaşmalı, təhlükəni düzgün dərk etməlidirlər.

- Prezidentin mina qurbanlarının ailələrinə təqaüd verilməsi haqqında sərəncamını necə qiymətləndirirsiniz?

- Prezidentin müvafiq sərəncamı ümumilikdə bütün mina qurbanlarının ailələrinə deyil, konkret olaraq mina təmizləmə zamanı partlayışa məruz qalaraq həlak olan və ya həmin partlayış nəticəsində yaralanıb sonradan vəfat edən şəxslərin ailələrinə şamil edilir. Sərəncama əsasən, bu kateqoriyaya aid ailələrə Prezident təqaüdü verilməsi nəzərdə tutulur. Bildiyimə görə, bu təqaüdün məbləği 700 manat təşkil edir. Hesab edirəm ki, bu, həmin ailələr üçün müəyyən mənada zəruri və əhəmiyyətli maliyyə dəstəyi olacaqdır. Ümid edirik ki, ölkənin iqtisadi imkanları genişləndikcə bu təqaüdün məbləğinin artırılması da mümkün olacaq. Şübhəsiz ki, bu təqaüd ailələrin sosial rifahına müəyyən müsbət təsir göstərəcək. Lakin istərdik ki, ümumiyyətlə, mina təmizləmə fəaliyyəti zamanı insan itkiləri baş verməsin və belə hallara ehtiyac qalmasın.

- Mina qurbanları üçün mövcud sosial təminat mexanizmləri yetərlidirmi və bu sahədə əlavə hansı dəstək mexanizmlərinə ehtiyac var?

- Azərbaycanda mina qurbanları üçün ayrıca, xüsusi sosial təminat mexanizmi mövcud deyil. Bunun əsas səbəblərindən biri Azərbaycanın minaların qadağan olunmasını nəzərdə tutan BMT konvensiyasına qoşulmamasıdır. Bu səbəbdən də bu sahəni tənzimləyən xüsusi qanunvericilik aktı yoxdur. Nəticə etibarilə mina qurbanları digər əlilliyi olan şəxslər kimi, o cümlədən müharibə əlilləri üçün nəzərdə tutulmuş ümumi qanunvericilik çərçivəsində dövlət qayğısı ilə əhatə olunurlar.

Onlar dövlət tərəfindən müavinətlərlə təmin edilir, pulsuz protezlərlə və digər reabilitasiya vasitələri ilə təmin olunurlar. Əmək bazarına inteqrasiya məsələsinə gəldikdə isə, bu istiqamətdə mövcud olan əsas mexanizm məşğulluq proqramlarıdır. Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən proqramlara müraciət etməklə mina qurbanları da digər vətəndaşlar kimi bu imkanlardan yararlana bilirlər.

Mina qurbanlarının məşğulluq sahəsində qarşılaşdıqları əsas çətinliklər, əslində, ümumi vətəndaşların üzləşdiyi problemlərlə böyük ölçüdə üst-üstə düşür. Onların əhəmiyyətli hissəsi kənd və regionlarda yaşayan insanlardır və bir qisminin təhsil səviyyəsi orta təhsildən yuxarı deyil. Bu səbəbdən onlar daha çox yerli səviyyədə – kiçik biznes, ailə təsərrüfatı və kənd təsərrüfatı fəaliyyətləri ilə məşğul olurlar. Dövlətin məşğulluq proqramları çərçivəsində bu şəxslər müvafiq kurslar keçə, peşə hazırlığı əldə edə və hətta müəyyən avadanlıqlarla təmin olunaraq öz kiçik bizneslərini qura bilərlər.

- QHT-lərin mina qurbanlarına dəstəyi hansı istiqamətləri əhatə edir?

- Qeyri-hökumət təşkilatlarının mina qurbanlarına dəstəyi də əsasən bu istiqamətləri əhatə edir. Lakin qeyd etmək lazımdır ki, QHT-lərin maddi və institusional imkanları məhduddur və onlar bütün mina qurbanlarını əhatə etmək gücündə deyillər. Rəsmi məlumatlara görə, Azərbaycanda mina qurbanlarının sayı 3500-dən çoxdur.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin