“Visa”nın baş vitse-prezidenti: "Azərbaycanda rəqəmsallaşmaya olan maraq strategiyamızın tətbiqini asanlaşdırır”
Texnologiyaların sürətli inkişafı və Azərbaycan iqtisadiyyatının fəal şəkildə rəqəmsallaşması fonunda qabaqcıl ödəniş həllərinin tətbiqi, kiçik biznesə dəstək və kibertəhlükəsizlik xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal ödənişlər sahəsində qlobal liderlərdən biri olan “Visa” şirkəti ölkənin maliyyə landşaftının transformasiyası, nağdsız cəmiyyətə sürətli keçid və əhalinin bütün təbəqələrinin ödəniş həllərinə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayır.
“Visa”nın Ukrayna, Gürcüstan, MDB ölkələri və Cənub-Şərqi Avropada baş vitse-prezidenti və regional meneceri Kristina Doroş “Report”a müsahibəsində “Visa”nın Azərbaycanda 2030-cu ilə qədər strateji prioritetləri, şirkətin əsas təşəbbüsləri və innovativ məhsulları, həmçinin süni intellektdən (Sİ) istifadə, nəqliyyat infrastrukturunun inkişafı və fintex-startapların dəstəklənməsi barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Bütün dünyada dələduzların fəallığının artması müşahidə olunur. “Visa” müştərilərin qorunması və kibertəhlükəsizliyin artırılması üçün hansı həllər təklif edir? Banklar və tənzimləyici ilə dələduzluğa qarşı mübarizə tədbirləri ilə bağlı müzakirələr aparılırmı?
- Şübhəsiz ki, bu, son dərəcə aktual məsələdir. Texnologiyalar inkişaf etdikcə, dələduzların onlardan ödəniş alətlərinə qanunsuz giriş üçün də istifadə etməsi mümkünlüyünün şahidi oluruq.
Bununla əlaqədar “Visa” şirkəti fəaliyyət göstərdiyi 65 il ərzində öz şəbəkəsinin (VisaNet) tam təhlükəsizliyini təmin edir və tərəfdaş banklara yeni təhdidlərlə effektiv şəkildə mübarizə aparmağa kömək edir. Statistikamız göstərir ki, gün ərzində şəbəkəyə minlərlə hücum olur və biz bunlarla uğurla mübarizə aparırıq. Tərəfdaşlarımızın da bu çağırışların öhdəsindən eyni dərəcədə uğurla gələ bilməsi üçün ödənişlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni həllər hazırlayaraq banklara təklif edirik. Çünki müştərilərimizin təhlükəsizliyi və etimadı işimizin təməl daşıdır.

Bu gün ən vacib alətlərdən biri də süni intellektdir. “Visa” şirkəti 30 ildən artıqdır ki, dələduzluğa qarşı mübarizə və risklərin idarə edilməsi üçün süni intellektə əsaslanan texnologiyalar tətbiq edir. Əvvəlcə bunlar maşın öyrənməsi və böyük verilənlərin analizi texnologiyaları idi. Generativ süni intellektin yaranması ilə real vaxt rejimində böyük məlumat zəncirlərini təhlil edə və onlarda potensial dələduzluq əlamətlərini üzə çıxara bilən modellər qurmaq üçün daha çox imkanımız yarandı.
Risklərin idarə edilməsi üzrə əsas həllərdən biri “Visa Protect”dir. Bu yaxınlarda ona qeyri-“Visa” kartları ilə ödənişlər üçün “Visa Advanced Authorization” və “Visa Risk Manager” texnologiyaları əlavə edilib. Bu həllər real vaxt rejimində, böyük həcmdə anonimləşdirilmiş məlumatlar (kart nömrəsi, tranzaksiya məbləği, əməliyyat tarixi) əsasında potensial dələduzluq əməliyyatlarını aşkar etməyə imkan verir. Hər əməliyyata müəyyən risk qiymətləndirmə balı (score) təyin edilir və bank artıq öz risk siyasəti əsasında tranzaksiyanı təsdiq edib-etməməyə qərar verir.
Son beş il ərzində “Visa” dələduzluğa qarşı mübarizə və riskləri idarəetmə alətlərinin hazırlanması və tətbiqinə 12 milyard ABŞ dolları sərmayə qoyub. Təkcə 2024-cü ildə biz 40 milyard ABŞ dollarından çox məbləğdə potensial dələduzluğun qarşısını almışıq. “Visa” bu istiqaməti fəal şəkildə inkişaf etdirir, eləcə də tərəfdaşlarımızın və istifadəçilərimizin dələduzluq cəhdlərindən maksimum qorunması üzərində işləyir.
Bundan əlavə, tokenizasiya dələduzluq səviyyəsinin azaldılmasında böyük rol oynayır. Bu texnologiya tranzaksiya prosesində real kart məlumatlarını unikal rəqəmsal identifikator olan tokenlə əvəz etməyə imkan verir və o, üçüncü şəxslərin əlinə keçsə belə, onu istifadə etmək mümkün deyil. Məhz buna görə də “Visa Token Service” əsasında qurulan “Apple Pay” və ya “Google Pay” xidmətləri vasitəsilə təmassız ödəniş maksimum təhlükəsizdir. Yəni bu texnologiya vasitəsilə bank kartı rəqəmsallaşdırılaraq smartfona və ya başqa bir cihaza əlavə edilə bilər. Beləliklə, bu kartın gündəlik alış-veriş zamanı təmassız ödənişlərdə istifadəsi mümkündür.
Hazırda bizim vəzifəmiz eyni yüksək təhlükəsizlik standartlarını elektron ticarət sahəsinə köçürməkdir. Bu vəzifəni uğurla yerinə yetirən həllərdən biri “Click to Pay”dir. O, “PassKey” texnologiyası ilə birlikdə onlayn alış-veriş zamanı biometrik autentifikasiya və tokenizasiyadan istifadə etməyə imkan verir. Bu, internet üzərindən alış-verişi fiziki mağazada ödənişlərdə olduğu kimi təhlükəsiz etməyə imkan verir. Hazırda biz bu texnologiyanı fəal şəkildə inkişaf etdiririk. Əminik ki, “Click to Pay” kimi həllər bütün sənaye üçün sıçrayış olacaq - onlar təhlükəsizlik səviyyəsini artırmaqla bərabər, həm də istifadəçi təcrübəsini yaxşılaşdıracaq.
- “Visa”nın Azərbaycanda strateji prioritetləri hansılardır?
- Ümumiyyətlə, strategiyamız Azərbaycanda fəaliyyət göstərdiyimiz bütün illər ərzində dəyişməz qalır. Biz tərəfdaşlarımızla: banklar, fintex şirkətləri və Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlığı inkişaf etdiririk. Yeri gəlmişkən, tənzimləyici öz rolundan əlavə, həm də rəqəmsal təşəbbüslərin bir növ təşviqatçısıdır və yeni ideyalara və yeni həllərin tətbiqinə açıqdır.
Əsas məqsədimiz ölkənin nağdsız iqtisadiyyatının gücləndirilməsinə və rəqəmsallaşmasına kömək edən innovativ ödəniş həllərinin inkişafıdır.

Bununla bağlı konkret nümunə gətirim: Bakıda qaldığım oteldən "Fintex Summit 2025"in keçirildiyi məkana getmək üçün taksi çağırdım. Nağd pulum olmadığına görə ödənişi kartla etməli idim. Terminalı olmayan sürücü kartla ödənişi qəbul etmək üçün “Visa Tap to Phone” texnologiyasını dəstəkləyən xüsusi proqramın quraşdırıldığı telefonundan istifadə etdi. Əslində, bu texnologiya Android əməliyyat sistemi ilə işləyən NFC çipli smartfonu təmassız ödənişləri qəbul etmək üçün ödəniş terminalına çevirir. Əvvəllər bankomatdan nağd pul çıxarıb sürücüyə ödəniş etməli idimsə, indi hər şey bank sistemi çərçivəsində, şəffaf və təhlükəsiz şəkildə baş verir. Azərbaycanda artıq 9 bank bu texnologiyanı dəstəkləyir. Bu, “Visa” texnologiyalarının real həyatda necə işlədiyini göstərən gözəl nümunədir.
- “Fintex Summit 2025”də çıxışınız zamanı “Visa”nın yeni strategiyasının - "Strategiya 2030"un hazırlanmasından söz açdınız. Onun əsas istiqamətləri nədən ibarətdir və əvvəlki strategiyadan nə ilə fərqlənir? Sənəddə Azərbaycanla bağlı müddəalar nəzərdə tutulurmu?
- Əlbəttə, şirkətin inkişafının hər bir mərhələsi yeni reallıqları əks etdirir. Dünya, iqtisadiyyat və rəqəmsal mühit sürətlə dəyişir və strategiyamız bu çağırışlara cavab verməlidir. Qlobal trendləri nəzərə alaraq, “Visa” 2030-cu ilə qədər olan dövr üçün üç strateji prioriteti müəyyən edib.
Birincisi, istehlakçı ödənişlərinin, yəni əsas biznesin inkişafıdır. Biz ənənəvi ödəniş həllərini və infrastrukturu təkmilləşdirir, onları daha səmərəli, rahat və təhlükəsiz edirik.
İkinci prioritet "vəsaitlərin hərəkəti" adlandırdığımız istiqamətin aktiv inkişafıdır. Burada söhbət artıq təkcə klassik alış-verişdən deyil, ssenarilərin geniş spektrindən gedir: fiziki şəxslər arasında köçürmələr, kiçik müəssisələr arasında hesablaşmalar, sosial ödənişlər və əksinə - e-gov vasitəsilə ödənilən yığımlar və rüsumlar. Məqsədimiz bu axınları maksimum rəqəmsallaşdırmaq, rahat, şəffaf və təhlükəsiz etməkdir.
Üçüncü istiqamət əlavə dəyərə malik xidmətlərin (“Value-added services”) inkişafıdır. Bunlar ekosistemimizin imkanlarının əsas ödənişlərdən kənara çıxmasına imkan verən həllərdir. Bunların arasında risklərin idarə edilməsi alətləri, dələduzluğa qarşı mübarizə üzrə həllər, konsaltinq, marketinq xidmətləri, həmçinin süni intellektə əsaslanan həllərin tətbiqi də yer alır. Bütün bunlar müştərilərimizə və tərəfdaşlarımıza “Visa” ilə qarşılıqlı fəaliyyətdən daha çox fayda əldə etməyə kömək edir.
Azərbaycana gəlincə, biz sözsüz ki, onu vacib bazar hesab edirik və qlobal strategiyanın elementlərini yerli reallıqlara və ehtiyaclara uyğunlaşdıracağıq. Artıq indidən həm özəl, həm də dövlət sektorları tərəfindən rəqəmsallaşmaya ciddi maraq görürük. Bu, bizə strategiyamızın yanaşmalarını Azərbaycanda da tətbiq etməyə imkan verir.
- Həm dünyada, həm də Azərbaycanda nəqliyyat sektorunda ödəniş infrastrukturunun inkişafı ilə bağlı uğurlu nümunələr göstərə bilərsinizmi? Yaxın gələcəkdə ölkədə yeni nəqliyyat həlləri gözlənilirmi?
- Əvvəla, vurğulayım ki, “Visa” təkcə qlobal şirkət deyil, biz özümüzü Azərbaycanın rəqəmsal ekosisteminin bir hissəsi hesab edirik. Ölkədə rəqəmsal transformasiya üzrə səylərimizin uğuru bir çox hallarda qlobal həlləri yerli reallıqlara nə dərəcədə effektiv uyğunlaşdıra biləcəyimizdən asılıdır. Əminik ki, buna nail oluruq, çünki “Visa”nın qlobal strategiyasının əsas istiqamətləri artıq Azərbaycanda uğurla həyata keçirilir.
Əsas biznesin və istehlakçı ödənişlərinin inkişafına gəlincə, artıq Azərbaycanda “Tap to Phone” kimi texnologiyalar və ya “Apple Pay” və “Google Pay” vasitəsilə ödənişlərlə tokenizasiya texnologiyası əlçatandır.
Şirkətin strategiyasının əsas elementi həmçinin müxtəlif istiqamətlərdə: kartdan karta, kartdan bank hesabına, B2B Connect vasitəsilə hüquqi şəxslər arasında vəsaitlərin köçürülməsinə imkan verən “Visa Direct” platformasıdır. Bu həllər artıq Azərbaycanda bir sıra banklar tərəfindən tətbiq edilib və fəal şəkildə istifadə olunur.
Nəqliyyat sektorunda rəqəmsal ödənişlər xüsusi əhəmiyyət kəsb edir. Bu, milyonlarla insanın gündəlik qarşılaşdığı bir haldır və burada ödənişin effektivliyi birbaşa hərəkətin rahatlığına və sürətinə təsir edir. Nəqliyyatda təmassız ödənişin tətbiqi eyni anda bir neçə məsələnin həllinə imkan verir: nağd pulla əməliyyatları minimuma endirir, sərnişin axınını sürətləndirir, uçotu şəffaflaşdırır və xərcləri azaldır. Buna görə də bu sahədə təmassız ödəniş sistemlərinin tətbiqi son dərəcə vacibdir.

“Visa” artıq bütün dünyada 750-dən çox nəqliyyat sistemində təmassız ödənişlərin aktivləşdirilməsi üzrə layihələr həyata keçirib və bu sahədə geniş praktiki təcrübəmiz var.
“Visa” şəhər mobilliyi üçün dərin texniki biliklər və çoxillik təcrübədən istifadə edilməklə hazırlanmış geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Perspektivli istiqamətlərdən biri “Mobility as a Service” (MaaS) konsepsiyasıdır, bu, müxtəlif nəqliyyat növlərini (metro, avtobus, skuter, taksi) vahid ödəniş və logistika sistemində birləşdirməyə imkan verir. Məsələn, səhər skuterlə metroya gedirsiniz, sonra metro ilə hərəkət edirsiniz, daha sonra avtobusa minirsiniz - bütün marşrut boyunca gedişlərin məbləği bir hesabda toplanır və günün sonunda bir əməliyyatla ödənilir. Bu, istifadəçi təcrübəsini xeyli sadələşdirir və böyük həcmdə nəqliyyat tranzaksiyalarının emalının effektivliyini artırır.
Azərbaycanda da uğurlu nümunəmiz var. 2021-ci ildə “Visa” ABB, Mərkəzi Bank, ödəniş xidmətlərinin təchizatçısı “IBA Group” və "Azərbaycan Dəmir Yolları" ilə birlikdə Abşeron dairəvi dəmir yolu xəttində təmassız ödəniş sistemini tətbiq edib. Bu, ölkədə dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması üzrə ilk layihə olub. Bu həll ödəniş prosesini əhəmiyyətli dərəcədə sadələşdirilməsinə və sərnişinlər üçün rahatlıq səviyyəsinin artırılmasına imkan verib.
Əminəm ki, Bakı sakinlərinin çoxu artıq bu sistemin üstünlüklərini qiymətləndiriblər. Biz təkcə dəmir yolunda deyil, həm də metroda və şəhər nəqliyyatının digər seqmentlərində təmassız ödənişlərin qəbulunu genişləndirmək üçün nəqliyyat sahəsinin əsas oyunçuları ilə sıx işləməyə davam edirik. Azərbaycanda bu istiqamətin potensialı çox yüksəkdir.
- “Visa” yaxın illərdə kiçik və orta biznes (KOB) üçün hansı məhsul və təşəbbüslərə diqqət yetirməyi planlaşdırır?
- Kiçik və orta biznes istənilən ölkənin iqtisadiyyatının böyük hissəsini formalaşdırır. Sahibkarların müasir rəqəmsal həllərə, o cümlədən ödəniş alətlərinə çıxışının olması son dərəcə vacibdir. Bu, təkcə gündəlik əməliyyatları sadələşdirmir, həm də inkişaf üçün yeni imkanlar açır.
Məsələn, rəqəmsal ödənişləri qəbul etməklə kiçik biznes onlayn satış imkanı əldə edir. Bu o deməkdir ki, sahibkar artıq yalnız öz rayonu və ya şəhəri ilə məhdudlaşmır, bütün ölkəni, istədiyi halda isə beynəlxalq bazarları da əhatə edə bilər. Bundan əlavə, rəqəmsal ödənişlərdən istifadə kredit tarixçəsini formalaşdırmağa kömək edir ki, bu da maliyyəyə çıxışı asanlaşdırır və biznesin inkişafına təkan verir.
“Visa” KOB üçün həllər çeşidinin genişləndirilməsi üzərində fəal işləyir. Belə alətlərdən biri “Visa Business Card”dır. Kiçik biznes üçün artıq standarta çevrilmiş bu məhsul biznes xərclərini rahat və təhlükəsiz şəkildə ödəməyə və maliyyə uçotunu aparmağa imkan verir.
Aktiv şəkildə inkişaf etdirdiyimiz yeniliklərdən biri “Request to Pay” həllidir. Belə bir nümunə gətirim: siz fərdi sahibkarsınız və sosial şəbəkələr vasitəsilə Azərbaycan suvenirlərini satırsınız. Sizin saytınız, onlayn mağazanız və IT komandanız yoxdur. Lakin “Request to Pay” həlli ilə bunlara ehtiyacınız da yoxdur. Siz sadəcə bank tətbiqi vasitəsilə alıcının telefon nömrəsinə ödənişlə bağlı sorğu göndərirsiniz. Alıcı bildiriş alır və ödənişi ya təsdiq, ya da rədd edə bilər. Əgər o razılaşırsa, vəsait “Visa Direct” texnologiyası vasitəsilə onun kartından silinir və satıcının biznes kartına daxil olur. Alıcı sorğunu qəbul etmirsə, sifariş emal edilmir. Bu həll ödənilməmiş sifarişlərlə bağlı məsələni rahat və təhlükəsiz həll etməyə imkan verir.
Bu cür həllər mikrobiznesə və özünüməşğul şəxslərə böyük sərmayələr və mürəkkəb infrastruktur olmadan rəqəmsal iqtisadiyyatda iştirak etməyə kömək edir. Biz KOB-a böyümək, rəqəmsallaşmaq və qlobal ekosistemə inteqrasiya etmək üçün daha çox imkanlar təqdim etmək məqsədilə Azərbaycanda da bu cür təşəbbüsləri inkişaf etdirməyi planlaşdırırıq.

- Siz "Hesabı böl" (split bill) funksiyasını da tətbiq etmisiniz. Onu bu istiqamətə aid etmək olarmı?
- Bəli, tamamilə haqlısınız - bu, “Request to Pay”dən istifadə ilə bağlı daha bir ssenaridir. Məsələn, dostlarınızla nahar etdiyiniz zaman bu funksiya hesabı asanlıqla və rahat şəkildə bölməyə kömək edir. Tez-tez rast gəlinən daha bir ssenari isə messencerlərdə valideyn çatlarıdır. Sinifdə pul yığmaq lazım olduqda yığımı təşkil edən şəxs uzun müzakirələr əvəzinə bütün iştirakçılara telefon nömrəsi ilə ödəniş sorğusu göndərə bilər və hər kəs dərhal ödənişi təsdiq edə və lazımi məbləği köçürə bilər. Bu, prosesi çox sadələşdirir və vaxta qənaət edir.
Kiçik biznes haqqında danışarkən, qlobal təşəbbüsümüz olan “She's Next Empowered by Visa”nı qeyd etməyə bilmərəm. Bu proqram bütün dünyada qadın sahibkarlığının dəstəklənməsinə yönəlib.
Əlbəttə, bütün sahibkarlara kömək lazım olduğunu başa düşürük. Lakin obyektiv səbəblərdən qadınlar çox vaxt əlavə çətinliklərlə üzləşməli olurlar: bunlar eyni vaxtda həm biznesi idarə etmək, həm də ailəyə vaxt ayırmaq zərurəti, mütəxəssis biliklərinə məhdud çıxış, inam və ya dəstək çatışmazlığıdır.
“She’s Empowered by Visa Next” təşəbbüsü qadınlara peşəkar dəstək almağa, təhsil proqramlarına çıxış vasitəsilə bacarıqlarını inkişaf etdirməyə, dəstək və motivasiya hiss etməyə kömək edir. Çünki bu yolda tək olmadığını, ilham ala, təcrübə mübadiləsi apara və həmfikirlər tapa biləcəyin bir icmanın olduğunu bilmək xüsusilə dəyərlidir.
Biz fəxrlə qeyd edirik ki, artıq 5 ildən çoxdur ki, “She's Next” təşəbbüsünü bütün dünyada, 2021-ci ildən etibarən isə Azərbaycanda həyata keçiririk. Bu il ölkədə təşəbbüsün “Kapital Bank” və “Birbank Biznes”in dəstəyi ilə həyata keçirilməsi də sevindirici haldır. Biz brlikdə bu mühüm istiqaməti inkişaf etdirməyə və qadınları sahibkarlıq sahəsində uğura aparan yolda dəstəkləməyə davam edəcəyik.
- “Visa” Azərbaycanda akseleratorlar, investisiyalar və ya texnoloji tərəfdaşlıq vasitəsilə startapları və ya fintex şirkətlərini dəstəkləməyi planlaşdırırmı?
- Əlbəttə. Bu gün bunlar sadəcə plan deyil, ən azı yeddi ildir ki, fəal şəkildə həyata keçirdiyimiz işdir. Bu istiqamətdə əsas təşəbbüslərimizdən biri qlobal “Visa Everywhere Initiative” proqramıdır. Bu, rəqəmsal maliyyə və texnologiyalar sahəsində işləyən fintex şirkətləri və startaplar üçün müsabiqədir. İştirakçılar öz “case”lərini, həllərini təqdim edir və qiymətli resurslara çıxış əldə edirlər. Müsabiqəyə hazırlıq çərçivəsində onlar həlləri sınaqdan keçirmək və ideyalarını inkişaf etdirmək üçün platformalarımızdan test rejimində istifadə edə bilərlər.
Biz həmçinin onlara bilikləri bölüşmək, təcrübə mübadiləsi aparmaq və banklarla tərəfdaşlıq qurmağı öyrənməyə kömək etmək üçün mentor dəstəyi təqdim edirik. Bu, əla texnoloji ideyaları olan, lakin bank infrastrukturu və inteqrasiya yolları haqqında anlayışı olmayan kiçik komandalar üçün xüsusilə vacibdir.
Proqram mərhələli şəkildə - əvvəlcə regional səviyyədə həyata keçirilir, sonra finalçılar San-Fransiskoda görüşürlər. Qaliblər öz layihələrinin inkişafı üçün ekspert dəstəyi və qrantlar alırlar. Regionumuzdan olan startapların iştirak etməsini və qalib gəlməsini görmək xüsusilə xoşdur. Belə ki, 2021-ci ildə Gürcüstanın “Payze” startapı Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrikanın təxminən 90 ölkəsindən olan nümayəndələrinin startapları ilə yarışaraq müsabiqənin regional finalının qalibi oldu.
- Ödənişlərdə mövcud olan hansı trendləri və innovasiyaları yerli bazarda görmək mümkündür? Azərbaycanda süni intellekt əsaslı texnologiyaların fəal inkişafı və ya biometrik ödənişlərin tətbiqi gözlənilirmi?
- Bəli, birmənalı şəkildə gözlənilir. Biz artıq tərəfdaşlarımızla birlikdə Azərbaycanda çox iş görmüşük və irəli getməyə davam edəcəyik.
Bu gün biz böyük həvəslə insanların alqı-satqı həyata keçirdiyi üsulları yenidən qiymətləndirmək üçün süni intellektdən necə fəal şəkildə istifadə etdiyimiz barədə danışırıq.
2025-ci il aprelin 30-da “Visa Product Drop”un qlobal təqdimatı keçirilib. Tədbir arzu edən hər kəsin izləməsi üçün onlayn yayımlanıb. Bu tədbirdə biz altı yeni innovativ məhsul və həllin istifadəyə verildiyini elan etdik. Bu, maliyyə texnologiyalarının gələcəyi haqqında bir saat yarımlıq dolğun məzmundur. Fikrimcə, bu həqiqətən də həyəcanvericidir.
Fintexin gələcəyi və trendlər haqqında sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, hazırda biz generativ süni intellekti – artıq bir çoxumuzun şəxsi effektivliyi artırmaq və ya iş məqsədləri üçün istifadə etdiyi həmin Sİ agentlərinin ödəniş texnologiyaları ilə əlaqələndirilməsi üzərində fəal işləyirik. İdeya ondan ibarətdir ki, sizin Sİ agentiniz təkcə övladınız üçün sosial şəbəkələrdəki çevrəsini və seçimlərini nəzərə alaraq ən yaxşı oyuncağı tapmaqla kifayətlənməsin, həm də alışa görə “Visa” ilə vərdiş etdiyiniz kimi, sürətli, təhlükəsiz və rahat şəkildə ödəniş edə bilsin. Bu, bizə internet vasitəsilə alış-veriş etmə üsullarımıza yeni gözlə nəzər salmağa kömək edəcək və Sİ əsaslı ticarət üçün yeni imkanlar açacaq.
0 Rəy