“Ermənistan Zəngəzur dəhlizini bizə vermək istəmir” - SENSASİON MÜSAHİBƏ

“Qarabağ erməniləri fəallaşıblar və Ermənistanın dəstəyi ilə üzərimizə gələcəklər”

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Yeni Müsavat”a müsahibə verib. Həmsöhbətimiz Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatlarını şərh edib, rəsmi İrəvanın və havadarlarının sülh pozuculuğu istiqamətində addımlarını ifşa edib, həmçinin Qarabağdan könüllü getmiş ermənilərin revanşının arxasındakı mənfur niyyətləri açıqlayaraq atılmalı addımlardan bəhs edib.

63 yaşlı Qafar Çaxmaqlı: Həmişə hər şeyi sıfırdan başlamışam - MÜSAHİBƏ

- Qafar bəy, sizcə, Nikol Paşinyan parlamentdəki çıxışı ilə nə demək istəyirdi? Bu, nə şou, nə əl-qol hərəkətləri idi? Anlaqsız təsiri bağışlayan şəxsin dediklərindən gəldiyiniz qənaət, ermənişünas alim kimi, çox maraqlıdır.

- Paşinyan son zamanlar müxalifətə qarşı çox aqressivdir və bu onunla əlaqədardır ki, müxalifət onun atdığı hər addımı kəskin bir dillə tənqid edir. Bu çıxışında da Paşinyan emosional şəkildə Köçəryan-Sərkisyan çütlüyünü hədəf alır. Paşinyan demək istəyir ki, onları, yəni keçmiş prezidentləri dəfələrlə debata çağırmışam, reaksiya vermirlər, çünki bilirlər ki, onları “divara çırpacam”. Əsas söhbət Qarabağın Azərbaycanın tərkibində tanınmasından gedir. Ona qarşı həm parlament, həm də parlamentdən kənar müxalifətin ittihamı odur ki, 2022-ci ilin oktyabrında Praqada o, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğuna imza atıb. Ermənistanın baş naziri bir çox çıxışlarında qeyd edib ki, bu şəxslərin hakimiyyəti illərində Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu təsdiq olunub. Paşinyanın parlamentdə son çıxışını bəzi dairələr onun psixoloji durumu ilə əlaqələndirirlər və bəziləri ona həkim lazım olduğunu söyləyirlər. Bu adam bəzən həqiqətən nə dediyini bilmir.

- Nikol Paşinyan hər dəfə sülhdən danışandan sonra şərti sərhədlərdə gərginlik yaşanır, təxribatlar başlayır. Mart ayında sülh müqaviləsini imzalamağa hazır olduğunu dedi və bu günədək Ermənistan tərəfdən hərbi aktivlik artmaqdadır, atəş səsləri kəsilmir. Budəfəki parlament çıxışının ardınca nə gözləyirsiniz?

- Bu, faktdır ki, Ermənistan sülh gündəmini davam etdirməklə birlikdə özünün hərbi potensialını artırmaq yolunu tutub. Müdafiə naziri ölkə-ölkə gəzməkdə, silah müqavilələrinə imza atmaqdadır. Artıq Hindistandan, Fransadan, İrandan və başqa ölkələrdən hücum silahları almaqdadır və onların kimə qarşı yönələcəyi də bəllidir. Ermənistan müharibəyə hazırlaşırmı? Birmənalı cavab vermək mümkün deyil, amma sərhədlərimizdə edilən təxribatlar göstərir ki, Ermənistanın siyasi hakimiyyəti o qədər də sülhpərvər deyil. Ermənistanın hərbi birləşmələri Zəngəzur istiqamətinə yığılıb. Hərbi ekspertlər də bildirirlər ki, bu yığnaq heç də müdafiə məqsədilə edilən hərəkətlər deyil. Ermənistanın Hindistandan aldığı hücum silahları, ortamənzilli raketlər də bu istiqamətdə yerləşdirilib. Amma Ermənistan bizim istiqamətə atəş açılmasını israrla təkzib edir, bu siyasət də beynəlxalq aləmə özünü sülh müqaviləsini imzalamağa hazır olduğunu göstərmək anlamına gəlir.

- Erməni baş nazir Ermənistan Konstitusiyasını dəyişmək əvəzinə, onu Konstitusiya Məhkəməsinin baxışına təqdim etməyi təklif edir. Bu, oyunbazlıq və Azərbaycanın konstitusiya tələbindən boyun qaçırmaq deyilmi?

- Azərbaycanın tələbi açıqdır. Ermənistan Konstitusiyasını dəyişməlidir, oradan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan ifadələr çıxarılmalıdır. Konstitusiya dəyişikliyi isə yalnız keçirilən referendumla olmalıdır. Referendum keçirmək üçün isə Ermənistan parlament seçkilərindən sonra, yəni 2026-cı ildə edəcəyini açıqlayır. Amma Paşinyan sülh müqaviləsinin imzalanmasını o tarixə saxlamaq istəmir, çünki Paşinyana “kağız” lazımdır ki, seçkilərdə qələbəsini təmin etmək imkanları əldə etsin. Bu səbəbdən manevr edir, ola bilsin ki, Konstitusiya Məhkəməsindən müvafiq ifadələrin çıxarılacağı ilə bağlı qərar çıxarılsın. Amma Paşinyan arxayın deyil ki, çıxarılacaq həmin qərar Azərbaycanı təmin etmək üçün yetərli olacaq. Bu səbəbdən Ermənistanda belə bir narrativlər önə sürülür ki, onsuz da imzalanacaq müqavilə və ya razılaşmada Azərbaycanın ərazi bütövlüyü tanınacaq, konstitusuyada dəyişikliyə getməyə indiki anda ehtiyac yoxdur. Bu da bir siyasi manevrdir.

- Paşinyan ATƏT-in Minsk Qrupunun ləğvi barədə Bakının tələbini də sülh müqaviləsinin imzalanması ilə paralel icra etməyi düşünür. Sizcə, bu, qəbulolunandırmı?

- Ermənistan yenə iddia edir ki, sülh anlaşmasına gedilirsə, demək, Minsk Qrupu da avtomatik ortadan qalxmış olur. Faktiki Minsk Qrupu yoxdur, onun məşğul olacağı münaqişə də sona çatdırılıb. Onun fəaliyyətini canlandırmaq indi mümkün deyil. Amma erməni mediasında olan fikirlərə baxıldığında bunun şahidi oluruq ki, bu ölkədə Qarabağdan getmiş ermənilərin geri dönüşü üçün tək beynəlxalq qurum kimi Minsk Qrupunun yenidən ortaya atılmasını istəyirlər. Gələcəkdə belə bir başağrısı olmaması üçün Azərbaycan haqlı olaraq tələb edir ki, onun ləğv edilməsi rəsmiləşsin. Məncə, Ermənistan bu tələbi yerinə yetirməyə meyllidir. Çünki dediyim kimi, Paşinyana “kağız” lazımdır.

- Ermənistanda 15 apreldən 15 iyuladək faktiki olaraq səfərbərliyin həyata keçirilməsinə başlandığı gün Paşinyanın “sülh göyərçini” kimi çıxış etməsi diqqəti aktiv hərbi hazırlıqlardan yayındırmaq məqsədi daşımırmı?

- Ermənistanda ordunun yenidən qurulması proqramı var. Hakimiyyət orqanları bu məsələyə önəm verirlər. Səfərbərlik işləri ilə paralel professional ordu qurmaq planları da həyata keçirilir. Bu işdə Ermənistana ABŞ ekspertləri yardım edirlər. ABŞ-la hərbi əməkdaşlıq çərçivəsində bəzi layihələrin icra edilməsinə başlanılıb. Ermənistan hərbi potensialını gücləndirməkdədir və bəzilərinin dediyi kimi, “millət-ordu” prinsipləri ilə hərəkət edəcəklərinə şübhə yoxdur. Üç aylıq səfərbərlik də bununla əlaqədardır. Səfərbərliyi belə uzun müddətdə həyata keçirmənin səbəblərindən biri budur ki, əsgər yaşına çatmış gəncləri ailələri ölkədən çıxarmaq üçün min oyundan çıxırlar. Əlbəttə, səfərbərlik hansısa hərbi tədbirə hazırlıq deməkdir.

- Bu arada, Ermənistan Brüsseldə danışıqlar aparır və bu da hərbi xarakterlidir. Üstəlik, Ermənistandakı Avropa Birliyi hərbi missiyası da fəaliyyətini aktivləşdirib. İrəvan Aİ ilə birgə daha hansı təxribatları planlaşdıra bilər?

- Ermənistanın hərbi potensialını gücləndirmək tədbirlərindən biri Avropa Birliyi ölkələrindən dəstək almaqdır. Ötən illərdə Ermənistan belə dəstəklər alıb. Bu ölkələrin başını Fransa çəkib və indi də Fransadan hərbi sürsatlar, silahlar Ermənistana verilməkdədir. Aİ-nin müşahidəçi missiyasının davam etdirilməsi qərarından sonra həmin müşahidəçilərin sayının artırılması da gündəmdədir. Ermənistan sülh anlaşması layihəsində üçüncü ölkələrin sərhəd xəttində olmamasını qəbul edir. Amma erməni cəmiyyətində aparılan müzakirələrdə bu missiyanın sərhədin daha gerisində qalması fikri irəli sürülür. Bu isə yenə başqa bir ölkənin, konkret halda Aİ hərbi missiyasının varlığının davam etməsi deməkdir. Bu missiya gələcəkdə hərbi baza qurulmasına qədər gedə bilər və müdafiə naziri də Avropada apardığı danışıqlardan sonra açıqlamasında bunu istisna etmir. Ermənistan bu işləri bir qədər ehtiyatla edir, çünki Rusiya Ermənistanın bu cür hərəkətlərinə adekvat yanaşmaya bilər.

- Qafar bəy, anklav kəndlərimizin qaytarılmasından, Zəngəzur dəhlizinin açılmasından danışmayan, şərti sərhədlərə hərbi birləşmələr və hərbi texnika, artilleriya cəmləyən, atəşkəsi davamlı pozan Ermənistana qarşı Azərbaycan hansı təsirli tədbirlərə əl ata bilər?

- Erməni işğalı altında olan anklav kəndlərimizin geri verilməsi məsələsi sülh sazişi layihəsi ortaya çıxandan sonra arxa plana keçib. Amma bu məsələ yaradılan komissiyanın gündəmindən çıxarılmayıb. Demarkasiya və delimitasiya proseslərinin canlandırılması vacibdir. Çünki bizim strateji nöqtələrimizdən biri Kərki kəndidir. Ermənilər Gədəbəy ərazisində olan Başkəndin (ermənicə adı Artsvaşen - red.) dəyişdirilməsi fikrini irəli sürürlər. Sülh anlaşması imzalanması təqdirində bu məsələlər həll olunmamış qalacaq. Mənə elə gəlir ki, sülhə qədər Azərbaycan bu məsələni həll etməlidir. Əsas məsələ isə Zəngəzur dəhlizinin açılmasıdır. 9 noyabr 2020-ci il bəyannaməsinin 9-cu bəndi yerinə yetirilməsə, bu sülh qalıcı ola bilməz. Ermənistanı buna məcbur etmək lazımdır. Dünyada gedən proseslərin hansısa mərhələsində buna şərait olacaq. Ermənistan Zəngəzur dəhlizini bizə vermək istəmir. Ona görə yox ki, bu dəhliz açılarsa, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında rahat quru əlaqə yaranacaq. Əsas məqsəd Türk dünyasının birliyinə əngəl yaratmaqdır. Bunu açıq ifadə edirlər. Ermənistan bu birliyə mane olmalıdır, deyirlər. Bu səbəbdən mən bu koridorun açılmasının dinc yolla olacağını görmürəm...

- Qarabağdan getmiş və Ermənistanda məskunlaşmış bəzi qruplar son vaxtlar fəallaşıblar. Müxtəlif bəyanatlar səsləndirilir, Qarabağa geri dönüş planları qururlar. Buna münasibətiniz necədir?

- Separatçı qurum rəsmən ləğv olunub. Amma onu ləğv edən şəxs Şahramanyan Ermənistana gedəndən sonra bu bəyanatından imtina etdi. Ermənistan hakimiyyəti onların fəaliyyət imkanlarını məhdudlaşdırsa da, zaman-zaman bunların fəallaşması işinə yarayır deyə, imkanlar tanıyır. Bəli, Qarabağ erməniləri fəallaşıblar və Ermənistanın dəstəyi ilə üzərimizə gələcəklər. Həm də beynəlxal təşkilatları da, ayrı-ayrı ölkələri də bu işə cəlb edəcəklər. Təbii ki, biz buna hazır olmalıyıq. Son vaxtlar qarabağlı ermənilərin sosial problemləri ilə bağlı keçirilən mitinq siyasi tələblərə səhnə oldu və yayılan bəyanatda ermənilərin geri dönüş tələbləri qoyuldu. Ləğv olunmuş separatçı “respublika”nın qurumları artıq toplantılar keçirir, qərarlar qəbul edirlər. Hakimiyyət bunlara göz yumur. Bu da onu göstərir ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı narahatlıqları haqlıdır. Ermənistan kimi dövlətə inanmaq olmaz, ortada imzalanmış sənəd olsa belə...

Elşad PAŞASOY,
 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin