Komitə sədri: Azad Qarabağ, nüfuzlu universitetlərdəki sayımız, qızıl medallar gənclər siyasətinin bəhrəsidir

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Modern.az saytının suallarını cavablandırıb. Onunla geniş müsahibəni təqdim edirik:
 

- Şahin müəllim, Milli Məclisin Gənclər və idman komitəsinin əsas prioriteti nələrdən ibarətdir və qurumun fəaliyyəti ilə bağlı hansı yeniliklər gözlənilir?
 

- Milli Məclisin fəaliyyət istiqamətləri, eyni zamanda komitələrin prioritetləri VII çağırış parlamentin birinci iclasında cənab Prezident İlham Əliyevin çıxışında aydın və geniş şəkildə öz əksini tapıb. Hesab edirəm ki, cənab Prezidentin çıxşı bizim Yol xəritəmizidir. Biz fəaliyyətimizi həmin çıxışlardan irəli gələn məsələlərə əsasən quracağıq.

Gənclər və idman komitəsi parlamentdə nisbətən yeni təsisatlardandır. Komitə 2015-ci ildən fəaliyyətə başlayıb və burada daha çox sahəvi - gənclər və idmanla bağlı olan şəxslər cəmləşiblər. Komitənin prioritetlərinə gəldikdə, Milli Məclisin əsas işi qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlıdır. Təbii ki, biz də işimizi Gənclər və idman komitəsi olaraq bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, gənclərin və ayrılıqda idmançıların marağını təmin edəcək qanun düzəlişləri istiqamətində qurmağa önəm veririk.

Eyni zamanda, komitəmizin sosial məsuliyyəti də var. Bizim fəaliyyət istiqamətimizlə bağlı ölkədə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Prezident Administrasiyasının müvafiq şöbəsi mövcuddur. Biz Milli Məclisin deputatları olaraq adıçəkilən qurumların və onların dəstək olduğu gənclərlə bağlı 300-dən artıq qeyri-hökumət təşkilatına, onların layihələrinə bu və ya digər formada dəstək göstərməyə çalışacağıq. Gənclərlə, idmançılarla iş həmişə maraqlıdır və vacibdir, çünki gənclər ölkənin gələcəyini təşkil edirlər. Nə qədər sağlam gənclik, nə qədər yaxşı idmançılar yetişərsə, bizim ölkənin gələcəyi o qədər gözəl olacaq. Bu istiqamətdə Ulu öndər Heydər Əliyevin böyük siyasəti var. Gənclər və idman prioritetlırimizi Ulu öndərin əsasını qoyduğu siyasət müəyyənləşdirir. Bu siyasət Qarabağı işğaldan azad edən, dünyanın ən nüfuzlu universitetlərində azərbaycanlı gəncləri oxudan, dünyanın mötəbər idman yarışlarında azərbaycanlı idmançıları birinci edən, Bayrağımızı yüksəklərə qaldıran siyasətdir. Bu siyasət Qarabağ Universitetinə yüksək bal toplayan gənclərimizi yönəldən siyasətdir. Düşünürəm ki, bu siyasət Azərbaycanı daha böyük, daha günəşli gələcəyə aparacaq. Təbii ki, bütün bunlar Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin liderliyi ilə gerçəkləşdi.

Bu gün hər bir gənc özünü cənab Prezidentin dostu hesab edir. Çünki Prezidentimiz də Azərbaycan gəncliyinin dostudur, ona hər cür dəstək verir. Ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan gəncliyinə, Azərbaycan idmanına qayğısını da xüsusi vurğulamaq istərdim.
.

- Siz uzun müddətdir gənclər sektorunda çalışırsınız. Azərbaycan gəncliyinin fəaliyyəti, təhsilə yanaşması, davranışı sizi qane edirmi və ümumiyyətlə bu kimi məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər gözlənilirmi?
 

- Nəsillər arasında müzakirələr, mübahisələr həmişə olub, amma mən düşünürəm ki, bugünki gənclik bizim gəncliyimizdən daha praqmatik, daha ağıllı və daha çox dünyagörüşə sahibdir. Sizin də dediyiniz kimi, mən uzun müddət gənclər sektorunda fəaliyyət göstərmişəm, hazırda da bu sahə ilə bağlıyam və dövrü olaraq bütün yaş qrupları üzrə olan gənclərlə ünsiyyətim olur, onların dünyagörüşləri, hadisələrə yanaşması, təhlil qabiliyyətləri, gələcəklə bağlı düşüncələri yaxşı mənada məni təəccübləndirir. Bugünki nəslin yanaşması məni bir Azərbaycan vətəndaşı olaraq arxayın edir, yeni yetişən gəncliyimizin üzərinə düşən məsuliyyəti onlar başa düşür və bundan sonra da layiqincə yerinə yetirəcəklərinə əminəm.
Qaldı ki, qanunvericilik bazasına, biz sonuncu dəfə 2019-cu ildə “Gənclər siyasəti haqqında” Qanunda 68 dəyişiklik etmişik. Bu dəyişikliklər dövrün tələblərinə və gənclərin maraqlarına tam uyğunlaşdırılıb, ancaq qanunvericilik canlı prosesdir, daim orada əlavə və düzəlişlər olmalıdır. Əminəm ki, yaxın gələcəkdə də ehtiyac yaranacağı təqdirdə bu məsələlərə yenidən baxılacaq.
“Bədən tərbiyəsi və idman haqqında” Qanuna xüsusilə toxunmaq istərdim. Çünki bu qanun kifayət qədər uzun dövrdür ki, qəbul olunub. Qanun 2009-cu ildən qüvvəyə minib və istər bu haqda aidiyyəti dövlət qurumlarıyla, istərsə də komitədə müzakirələrimiz, eləcə də idman siyasəti ilə bağlı olan həmkarlarımızla söhbətlərimiz zamanı görürük ki, əksəriyyət bu qanunda dəyişikliyə, hətta yenidən yazılmasına ehtiyac olduğunu düşünür.  2009-cu ildən bəri gənclər və idman sahəsində istər texniki, istərsə də məzmun dəyişiklikləri olub və bu baxımdan bizim aidiyyəti dövlət qurumları ilə müzakirələrimiz gedir. Düşünürəm ki, yaxın gələcəkdə biz “Bədən tərbiyəsi və idman haqqında” Qanunla bağlı kifayət qədər ciddi yeniliklər görəcəyik.
 

- Sizin də vurğuladığınız kimi, qanunvericilik zaman-zaman yenilənməyə ehtiyac duyur. Bu baxımdan idman və gənclər sahəsinə birbaşa və ya dolayısı yolla əlaqəli olan başqa hansı qanunlar dəyişilməlidir?
 

-  “Gənclər siyasəti haqqında” Qanunu təhlil etsək, görərik ki, yeni dəyişikliklərdən sonra kifayət qədər gənclərin maraqlarını təmin edən məqamlar özünü göstərir. Lakin bu o demək deyil ki, qanunda düzəliş və əlavələrə ehtiyac yoxdur. Bu, canlı bir prosesdir və biz komitədə adıçəkilən hər iki qanuna hansı yenilikləri gətirə biləcəyimiz istiqamətində müzakirələr aparırıq. Bu sahədə də çox güman ki, bizim həmkarlarımız tərəfindən  müəyyən fikir, ideyalar var və biz onların təşəbbüskarı kimi çıxış etmək niyyətindəyik.
 


- Qanunların icra prosesi necə həyata keçirilir? Gənclər və İdman Nazirliyi və digər əlaqəli qurumlarla işinizi necə qurursunuz?
 

- İstər Gənclər və İdman Nazirliyi, istər Gənclər Fondu, istərsə də Administrasiyanın müvafiq şöbəsi olsun, biz hər birimiz Azərbaycanda gənclər və idman siyasətinin daha da dinamikliyinin tərəfdarıyıq. Komitə olaraq artıq bir neçə aidiyyəti qurumla görüşlərimiz olub və müxtəlif istiqamətlərdə mövzu ilə bağlı müzakirələr aparmışıq. Əksər məsələlərdə fikirlərimiz üst-üstə düşür və niyyətimiz qurumlar arasında mövcud olan əlaqələri daha da inkişaf etdirmək, yekunda gənclər və idman siyasətinə töhfələr verməkdir. Töhfələr həm qanunvericilik, həm də praktiki baxımından olacaq. Bayaq da qeyd etdiyim kimi bizim komitənin sanki sosial məsuliyyəti də var. Komitə üzvlərinin hər biri gənclər sektorunu çox yaxşı bilir və bu, bizim fəaliyyətimizə ciddi qatqı verəcək. Biz gənclərlə davamlı əlaqədə olmağa can atırıq. Gənclərin keçirdiyi tədbirlərdə iştirak etmək, onlarla müxtəlif fikir mübadiləsi aparmaq bizim üçün önəmlidir. Mən bu işə yeni başlayanda Milli Məclisin deputatlarının gəlib bizimlə fikir mübadiləsi aparması, istiqamətlər verməsi bizə çox böyük məsuliyyət aşılayırdı və gənclər üçün bu ciddi bir motivasiya idi.
Biz bunu artıq anlayırıq və yeni nəsilə bu istiqamətdə kömək olmaq istəyirik. Ona görə də aidiyyəti qurumlarla həm qanunvericilik sahəsində, həm də praktiki olaraq gənclərin və idmançıların işlərini daha yaxşı həyata keçirməsində, qarşılıqlı şəkildə bir-birimizə necə fayda verə biləcəyimizlə bağlı çalışıb, bundan sonrakı dövrdə fəaliyyətimizi hərtərəfli və daha yaxşı qurmağı hədəfləmişik.
 

- Gənclərin asudə vaxtının səmərəli təşkili bu gün dünyanın hər yerində prioritet məsələdir. Nəzərə alsaq ki, dövrümüzdə sosial medianın gənclər üzərində ciddi təsiri var, ölkəmizdə bu sahədə neqativ təsirləri azaltmaq üçün hansı işlər görülməlidir?
 

- Sosial mediadan istifadə şəxsi xarakter daşısa da, dünyada qəbul olunan trendlər yaranıb və təbii ki, bizim gənclər də o trendlərdən geri qalmaq istəmirlər. Gənclər sosial mediada özlərini tapmaq, həmçinin istər asudə vaxtlarını orada keçirmək, istərsə də özlərinə lazım olan bütün məlumatları oradan tapmağa can atırlar. Nəzərə almaq lazımdır ki, gənclərin, xüsusi ilə də sosial aktiv gənclərin öz maraq dairələrinə uyğun tədbirlərə qoşulmaları vacibdir, çünki gənclərin üzərində ciddi məsuliyyət var - dövlətin gələcəyi həmin gənclərin çiynindədir. Biz bir neçə il bundan qabaq gənclər arasında sosial sorğu keçirmişdik, əsas məqsədimiz ictimai-siyasi proseslərə maraq göstərən gənclərin ortalama faizini bilmək idi. Nəticələrə baxdıqda gördük ki, Azərbaycan gənclərinin  22%-i ölkədə gedən proseslərdə aktiv iştiraka meyillidir. Dünyada bu ortalama 12% təşkil edir. Bu isə onu göstərir ki, Azərbaycan gəncləri ictimai-siyasi proseslərə, sosial aktivliyə kifayət qədər maraqlıdırlar.
Sosial medianın kifayət qədər üstünlükləri var, amma bununla bərabər, həm də gəncləri fiziki olaraq passivləşdirir. Bəlkə də biz sosial medianın imkanlarından istifadə edərək gəncləri sosial həyatda aktivləşdirməyin yollarını tapmalıyıq. Bu məsələdə gənclərlə bağlı olan Qeyri-Hökumət Təşkilatları önəmli rol oynayır. Onlar dövlətin bu tip sahələrdə həyata keçirmək istədiyi layihələrə kömək göstərməkdə, layihələrin reallaşmasında önəmli funksiyaya malikdir.
Mən Qeyri-Hökumət Təşkilatına rəhbərlik etdiyim dövrdə də şahid olmuşam ki, istər paytaxtda, istərsə də rayonlarda yaşayan gənclər üçün maraqlı layihələr olduqda onlar həmin layihələrdə aktiv iştirak edirlər. İndiki vəziyyətdə Qeyri-Hökumət Təşkilatları bu kimi problemlərin həlli istiqamətində maraqlı mexanizmlər və layihələr tapmalıdırlar. 300-dən çox gənclər təşkilatı var və həmin təşkilatlar bu mövzuya maraq göstərməlidirlər. Nəticədə gənclərin asudə vaxtı yaxşı təşkil olunur, onlarda kütləvilik yaranır, fiziki aktiv olurlar, həmçinin biz yeni gənc liderlərin yetişməsinin şahidi oluruq.
 

- Xaricdə yaşayan azərbaycanlı gənclərlə bağlı sizin üfüqdə nələr görünür?
 

- Xaricdəki azərbaycanlı gənclər bildiyim qədər 26 beynəlxalq gənclər təşkilatının idarəetmə heyətində təmsil olunurlar, bu, kifayət qədər ciddi bir rəqəmdir və son dövrlərdə rəqəmlər artmaqda davam edir. Xaricə gedən gənclərimiz orada azərbaycanlı kimliyini kifayət qədər yaxşı təqdim edə bilirlər. İstər dünyagörüşlərinə, istərsə də təhsildəki uğurlarına görə digər ölkənin nümayəndələrindən yaxşı mənada fərqlənməyi bacarırlar.
Bu cür gənclərin xaricdə təhsilini başa vurduqdan sonra ölkəyə qayıtması və onların potensiallarından Azərbaycanda istifadə edilməsi çox önəmli məsələdir. Həmçinin özlərindən sonrakı nəsillərin yetişməsi prosesinə bu və ya digər formada onların cəlb edilməsi əsas məqsədlərimizdəndir. Xarici ölkədə təhsil alan uğurlu gənc ilə görüşmək, onun təcrübələrini öyrənmək, onun oxuduğu kitablar qədər vacibdir. Bu, həm də digər gənclərə yaxşı motivasiya verəcək, nələrəsə həvəsləndirəcək və bəlkə də yaxşı mənada həyatını dəyişəcək. Son dövrlərdə həm özəl, həm də dövlət sektorunda xaricdə oxuyub gələn gənclərimizin sayı çoxdur və onlar yeni gənc məmur obrazını artıq formalaşdırırlar və bu gənc məmurlarımız kifayət qədər uğurludurlar.
 

- Xaricdə yaşayan gənclər haqqında danışanda diaspor məsələsi də ortaya çıxır...
 

- Əlbəttə ki, gənclər anlayışı elə bir sahədir ki, burada həm təhsil, həm diaspor, həm də bütün sahələr göz önünə gəlir. Son illər diaspor sahəsində də böyük işlər görülür. Demək olar ki, bütün xarici ölkələrdə soydaşlarımız təşkilatlanmış şəkildədir. Deyim ki, elə bu da Azərbaycan gəncliyinin uğurlarından biridir. Diasporla İş üzrə Dövlət Komitəsinə gənc kadr Fuad Muradov rəhbərlik edir. Bizim komitənin ilk rəhbəri də Fuad Muradov olub.

Dövlət qulluğunda çalışan gənclərimizin sayı kifayət qədər çoxalıb, onlar üçün yaxşı mexanizm yaranıb, gənclərimiz də öz üzərində işləməli, mövcud bazar rəqabətinə özlərini hazırlamalıdırlar. Bir gənc düşünsə ki, yaxşı oxuyub tələbə adını qazanacaq, akademik göstəriciləri yüksək olacaq və ondan sonra onun əmək bazarında iş tapması rahat olacaq, səmimi desək, bu, real deyil. Həmin gəncin əlavə göstəriciləri mütləq olmalıdır. Əlavə göstəricilərə ictimai aktivlik, əlavə dil bilgiləri, eyni zamanda analtik təhlil qabiliyyəti və s. misal göstərə bilərəm. Bütövlükdə götürdükdə gənclər üçün yaxşı, münbit şərait yaradılıb - ölkədə Olimpiya kompleksləri, Gənclər Evi fəaliyyət göstərir, Qeyri-Hökumət Təşkilatlarımız kifayət qədər aktivdir. Bunlar hamısı bütövlükdə gənclər və idman siyasətinin inkişafında baza elementləri olaraq önəm daşıyır və gənclərimiz də bundan daha çox yararlanmalıdırlar və yararlanırlar da.
 


- Bütün sferalarda gənclər var, gənclərimiz Milli Məclisin Gənclər və idman komitəsindən nələri gözləsinlər?
 

- “Bədən tərbiyəsi və idman haqqında” Qanun üzərində aidiyyəti dövlət qurumları ilə müzakirələr aparırıq, düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə yeniliklər olacaq. O cümlədən “Gənclər siyasəti haqqında” Qanunla bağlı da müzakirələrimiz gedir. Gənclərimiz bilsin ki, Gənclər və idman komitəsindən olan deputatlar onların şəxsi inkişafından tutmuş bütövlükdə Azərbaycanın gənclər və idman siyasətinin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər və bu, özünü bir neçə istiqamətdə göstərəcək. İlk növbədə sahəmizə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda müxtəlif sosial layihələr vasitəsilə gənclərimizin yanında olmaq, potensiallı gənclərimizin üzə çıxarılması və onların inkişafına töhfələrin verilməsi istiqamətində işlərimizi hər zaman davam etdirəcəyik. Bundan sonrakı fəaliyyətimizdə həmçinin regionlarda həm gənclər, həm də idman sahəsində aktiv iştirakımız və səlahiyyətlərimiz çərçivəsində töhfələrin verilməsi istiqamətində çalışacağıq. Eyni zamanda, komitə bundan sonrakı dövrdə aktiv şəkildə gənclər və idman siyasətində iştirak edəcək. Bu baxımdan media ilə davamlı əməkdaşlıq etmək niyyətindəyik.
 

- Azərbaycanda idman sahəsində ixtisaslaşan media qurumlarının da sayı az deyil, komitənin onlarla əməkdaşlığı sizin üçün maraqlıdır?
 

- İdman sahəsində peşəkar media nümayəndələrinin olması sualı hər zaman maraqlı olub. Bəzi idman jurnalistlərimizi tanısam da, düşünürəm ki, bu sahənin daha da inkişaf etməsinə ehtiyac var. Çünki idman jurnalistikası göründüyü kimi sadə anlayış deyil, onun kifayət qədər dərinlikləri var. Artıq Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) bu sahədə işlər görülür - müvafiq kafedralar fəaliyyət göstərir və yaxın gələcəkdə biz oradan da gənc, peşəkar jurnalistlərimizin yetişdiyini görəcəyik. Gənclərimiz artıq idmanı fiziki gücün olması ilə məhdudlaşdırmır, həm də onun elmi istiqamətləri ilə maraqlanırlar. Bu barədə mənim də tanıdığım kifayət qədər potensiallı gənclər var ki, onlar təhsilini idman idarəçiliyi və bu kimi digər sahələrdə davam etdirirlər.
 

- Sizin komitə İdman Akademiyası ilə əməkdaşlığı hansı istiqamətlərdə qurur?
 

- Akademiya idmana peşəkar yanaşma, gənclərə idman elminin öyrədilməsi, vaxtı ilə mövcud olmamış, amma müasir dövrdə dünya idmanında aktual olan sahələrə kadrların yetişdirilməsi baxımından kifayət qədər strateji bir obyektdir. Bizim uzun müddətdir ki, əlaqələrimiz var, mütamadi olaraq Akademiyanın keçirdiyi tədbirlərdə iştirak edir, yenilikləri izləyirik. Bundan sonra da aktiv əməkdaşlıq – akademiyada müəyyən tədbirlərin təşkili, yeniliklərlə bağlı fikir mübadilələrinin aparılmasını daha intensiv şəkildə həyata keçirmək niyyətindəyik.
 

- Orta məktəblərdə də idman dərsləri keçirilir, siz həmin dərslərin keyfiyyətini necə qiymətləndirirsiniz və gələcəkdə bu istiqamətdə hansı işləri görməyi, əməkdaşlığı necə qurmağı düşünürsünüz?
 

- Təhsil müəssisələrində, xüsusilə məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyətinin artırılması, bu dərslərə daha peşəkar səviyyədə yanaşılması olduqca aktual məsələdir. Bütövlükdə bu intellektli gənc nəsilə idmanın vacibliyinin aşılanması deməkdir. Mən hazırda bu mövzuda bir neçə ölkənin təcrübəsini araşdırıram və görünən odur ki, bağçalardan tutmuş, ali təhsil müəssələrinə qədər bu sahəyə kifayət qədər peşəkar yanaşma var, bu ölkələrdə bədən tərbiyəsi dərsi riyaziyyat qədər önəm daşıyır. Bizim komitə, o cümlədən əməkdaşlıq qurduğumuz aidiyyəti dövlət qurumlarının da yanaşması ondan ibarətdir ki, təhsil müəssələrində bədən tərbiyəsi dərslərinin keyfiyyəti və ciddiyyəti artmalıdır. Çünki bu, birbaşa gənc nəslin sağlamlığına təsir göstərən amildir, təməldir. İnfrastruktur, şərait, peşəkar müəllimlər, bir sözlə, dərsin keçirilməsi üçün bütün zəruri imkanlar mövcuddur və bunun daha peşəkar səviyyəyə qalxması bütövlükdə sağlam nəslin yetişməsi üçün ən mühüm addımlardan biridir.
 

- Qanunlarda dəyişiklik və yenilik edən zaman dediyiniz məqama diqqətin ayrılması gözlənilirmi?
 

- Yeni “Bədən tərbiyəsi və idman haqqında” Qanun bütövlükdə geniş sahəni əhatə edəcək və dediyimiz, düşündüyümüz məqamların əksəriyyəti orada olacaq.
 

- Təhsil müəssələrində infrastruktur və şərait məsələsinə toxundunuz, eyni zamanda vurğulanmalıdır ki, uşaqların da idman dərslərinə marağı kifayət qədər var, ancaq cəmiyyətdə bu kimi fənlərə dırnaqarası baxılır, səbəb və həll yollarını nədə görürsünüz?
 

- Cəmiyyət düşünməlidir ki, bədən tərbiyəsi və idman dərsləri uşaqlar üçün kifayət qədər önəmli məsələdir. İndiyədək bu məsələ ilə bağlı bir çox müzakirələr gedib və görünən odur ki, bundan sonra da davam edəcək. Müəyyən ölkələr var ki, orada ali təhsil müəssisələri arasında keçirilən yarışlarda iştirak edən şəxslər sonradan olimpiya çempionu olurlar. Unutmaq olmaz ki, təhsil müəssisələri potensiallı gəncləri üzə çıxarmaqla da məşğuldur. Dünya təcrübəsində kifayət qədər bu cür nümunələr var. Bizdə əsas problem cəmiyyətin bu dərslərə yanaşmasından qaynaqlanır. Bu dərslər, sadəcə, uşağın yaxşı vaxt keçirməyi, istirahət etməyi üçün ayrılan 45 dəqiqədən ibarət deyil, eyni zamanda uşağın formalaşması, sağlam olması, şagirdin gələcəkdə fiziki davamlılığı üçün olduqca önəmli dərsdir. İlk növbədə cəmiyyət olaraq bunu qəbul etməli, daha sonra aidiyyəti dövlət qurumlarından bu dərslərə yanaşmanıın daha da peşəkarlaşmasını tələb etməliyik.
 


- Son 10 ildə Azərbaycan çox ciddi idman yarışlarına ev sahibliyi edir. Ölkəmizdə bu cür idman yarışlarının təşkili onu beynəlxalq aləmdə tanıtmaqla yanaşı, cəmiyyətə də təsiri edir. Siz bu yarışların təsirlərini necə qiymətləndirərdiniz?
 

- İdman yarışlarının təşkili, idmançılarımızın beynəlxalq yarışlarda uğuru birbaşa olaraq cəmiyyətə müsbət mənada təsir edir. Sonuncu olimpiya oyunlarında həmyerlilərimizin cüdo üzrə iki qızıl medalı qazanmasından sonra əksər uşaqların cüdo yarışlarına yazılması bunu bir daha sübut edir. Bu, çox önəmli motivasiyadır və idman sahəsində daha çox uğurun əldə edilməsi üçün idman kütləviləşməsi vacibdir. Bu sahə nə qədər kütləviləşərsə, müxtəlif sahələrdə ciddi uğurların əldə olunması qaçınılmaz olar və biz olimpiya və buna bənzər yarışlarda daha çox uğur qazanarıq. Bu tədbirlər eyni zamanda könüllülərin formalaşmasına, sahəvi adamların peşəkarlaşması üçün xüsusi önəm daşıyır.
 

- İdmanın kütləviləşməsindən danışdınız, bəs bölgələrdə necə, idmana marağın artırılması üçün hansı addımları atmağı düşünürsünüz?
 

- Gələn il ölkəmizdə III MDB oyunları keçiriləcək ki, onların da əsas əhatə dairəsi Xankəndi, Gəncə, Şəki, Yevlax və ətraf ərazilər olacaq. Bu cür böyük tədbirin rayonlarda keçirilməsi həmin ərazilərdə yaşayan insanlar üçün əhəmiyyətlidir və o bölgələrdə yaşayan gənclərin idmana marağının artırılması istiqamətində öz töhfəsini verir. Xüsusilə bu baxımdan işğaldan azad olunmuş ərazilərimizdə regional oyunların təşkili həmin ərazilərin beynəlxalq aləmdə Azərbaycanın şəhəri olduğunun göstəricisidir. Bu baxımdan aidiyyəti dövlət qurumları öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilir, biz artıq bundan əvvəlki dövrlərdə də bölgələrdə keçirilən yarışların şahidi olmuşuq, bundan sonrakı illərdə də proses davam edəcək. Regiondakı insanlar bu kimi yarışların təşkilinə paytaxtdakı insanlardan daha çox maraq göstəririlər və bu gənc nəslin idmana aktiv şəkildə marağının artmasına da şərait yaradır.
 

- Siz həmçinin Beyləqandan Milli Məclisin deputatısınız, regionda problemlərin həlli istiqamətində icra hakimiyyətləri ilə əlaqələrin qurulmasında hansısa problem yaşanırmı?
 

- Bizim münasibətlər kifayət qədər yaxşıdır. Beyləqan Rayon İcra Hakimiyyəti ilə münasibətlərimiz ikitərəfli və işgüzar, peşəkar səviyyələrdə qurulub və hər birimiz öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.
 

- Gənclər və idman komitəsinin rəhbəri olmaq seçicilərin problemini ikinci plana atmayacaq ki, hər iki işi eyni anda görə biləcəksinizmi?
 

- Təbii ki… Bizim birbaşa vəzifə borcumuzdan biri də seçicilərlə sıx işləməkdir və ay ərzində iki dəfə rayonda oluruq, bu proses artıq başlayıb - keçən ay rayonda idim və növbəti həftə, oktyabr ayının 26-da Beyləqanda olacağıq. İşləri planlaşdırdıqda və düzgün iş bölgüsü apardıqda heç bir problem yaranmır. Seçicilərlə iş bizim üçün çox vacib məsələdir və mütləq şəkildə qarşılıqlı əlaqələr qurulmalıdır.

 

Arifə Kərimzadə

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin