Ticarət nümayəndəsi: "Rusiya şirkətləri Qarabağda fəaliyyət üçün 24 layihə ilə bağlı müraciət ediblər"
Azərbaycan və Rusiya arasındakı iqtisadi münasibətlər geniş spektrli sahələri əhatə edir: ənənəvi energetikadan tutmuş kənd təsərrüfatı, sənaye və yüksək texnologiyalar kimi perspektivli sahələrə qədər. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və qarşılıqlı ticarət dövriyyəsində üçüncü yerdə qərarlaşıb.
Bu əməkdaşlığın necə inkişaf etdiyi, biznes üçün hansı yeni imkanların açıldığı və gələcəkdə əməkdaşlığı hansı perspektivlərin gözlədiyi barədə "Report"a müsahibəsində Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev danışıb. Həmin müsahibəni təqdim edirik:
- Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi iki ölkə arasında iqtisadi əlaqələrin təşviqi üçün hansı işlər görür?
- Azərbaycan ilə Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Azərbaycan məhsullarının ixracının təşviqi və artırılması, şimal qonşumuzdan ölkəmizə investisiyaların cəlb olunması istiqamətində Ticarət Nümayəndəliyi müvafiq işləri davam etdirir. İnvestisiyaların təşviqi ilə bağlı Rusiyada keçirilən sərgilər və biznes-forumlar çərçivəsində mütəmadi olaraq Azərbaycanda əlverişli biznes mühiti və investisiya imkanları, o cümlədən ölkəmizin sənaye zonaları barədə məlumatlar verilir, həmçinin aktual investisiya sahələri müzakirə edilir və investorların sualları cavablandırılır.
Bu ildən Ticarət Nümayəndəliyinin həyata keçirdiyi "Made in Azerbaijan” Rusiyanın regionlarında” layihəsi çərçivəsində Azərbaycan məhsullarının təqdimatı və dequstasiyası ilə bağlı tədbirlər təşkil olunur. Sözügedən layihə çərçivəsində aprelin 27-də Nijni Novqorod şəhərində, iyunun 29-da Tver şəhərində tədbirlər keçirilib. Rusiyanın digər regionlarında da bu kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, Rusiya bazarına məhsul ixracının həyata keçirilməsi niyyətində olan Azərbaycan şirkətləri və ölkəmizin ixrac potensiallı məhsullarında maraqlı ola biləcək Rusiya şirkətləri, ticarət şəbəkələri ilə görüşlər keçirilir, Azərbaycan məhsullarına tələbat yarandığı hallarda iki ölkənin müvafiq şirkətləri arasında əlaqələndirmə işləri aparılır. Həmçinin,(“Azərbaycan Nemətləri” (“Дары Азербайджана”) layihəsi çərçivəsində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə Moskva və digər şəhərlərin iri ticarət şəbəkələrində Azərbaycan məhsullarının təqdim olunduğu 6 guşə yaradılıb. Azərbaycan şirkətləri Rusiyanın aparıcı pərakəndə satış şirkətləri ilə ixrac müqavilələri imzalayır, ixracatçılarımız müntəzəm olaraq “Worldfood”, “Prodexpo”, “MosBuild”, “Heimtextil Russia”, “Russia Halal Expo”, “INNOPROM” sərgilərində iştirak edirlər.
- Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ixracında önəmli bazardır və hazırda Rusiyaya əsasən pomidor və bəzi meyvə-tərəvəz məhsulları ixrac edilir. Bununla yanaşı Azərbaycanın hansı məhsullarına Rusiya bazarında tələbat var?
- Rusiya bazarına meyvə-tərəvəzdən başqa, sənaye məhsulları da - polietilen, propilen və polipropilenlərin ixracı həyata keçirilir. Həmçinin, son illərdə emal edilmiş kənd təsərrüfatı məhsulları, alkoqollu və alkoqolsuz içkilərə də tələbat artıb. Rusiyanın böyük marketlər şəbəkələri ilə danışıqlar nəticəsində Azərbaycan mənşəli emal olunmuş, konservləşdirilmiş məhsulların da ixracı həyata keçirilir.
- Azərbaycan investorları Rusiyada hansı sahələrə maraq göstərirlər və bu günə qarşılıqlı investisiya qoyuluşlarının həcmi nə qədərdir?
-1995-2023-cü illər ərzində Rusiyanın Azərbaycana yatırdığı birbaşa investisiyaların həcmi 9,1 milyard ABŞ dolları təşkil edib, Azərbaycan isə Rusiyaya 1,2 milyard ABŞ dolları yatırıb.
Azərbaycan şirkətləri Rusiyanın müxtəlif regionlarında turizm, kənd təsərrüfatı, tikinti və digər sahələrdə investisiya layihələri həyata keçirirlər. Son illərdə özəl şirkətlərimiz Rusiyanın turizm sektoruna xüsusi maraq göstərir. 2021-ci ilin dekabrında Jeleznovodsk şəhərində beşulduzlu sanatoriyanın, bu yaxınlarda Kislovodskda “İstoçnik” sanatoriyasının açılışı olub. Bundan əlavə, Yessentukidə Azərbaycan sərmayəsi ilə tikilmiş “İstoçnik” sanatoriya-turizm mərkəzi fəaliyyət göstərir.
- Rusiya şirkətləri tərəfindən Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyətlə bağlı indiyədək nə qədər müraciət daxil olub?
- Rusiya şirkətləri indiyədədək 24 layihə ilə bağlı müraciət ediblər. Bu, tikinti, ticarət, kənd təsərrüfatı, sənaye, xidmətlər sektorunu əhatə edir. Hazırda həmin layihələr təhlil olunur və birgə işlənilir.
Bununla yanaşı,“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Rusiya-Azərbaycan birgə müəssisəsi olan “Auto Leasing Azerbaijan” MMC tərəfindən azad edilmiş ərazilərdə istifadə olunan avtonəqliyyat vasitələrinə, habelə yük və digər texnika daşıyan tranzit nəqliyyat vasitələrinə xidmət göstərəcək texniki xidmət mərkəzi yaradılıb.
- Azərbaycanın daha hansı sənaye zonalarında iki ölkənin birgə müəssisələri fəaliyyət göstərir?
- Hacıqabul Sənaye Parkında 2023-cü ildə rusiyalı investor tərəfindən tikilmiş, dəyəri 10,8 milyon ABŞ dolları olan “Penoplex Prikavkazye” izolyasiya məhsulları zavodu istifadəyə verilib. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, Gürcüstan və Rusiyaya da ixrac olunur. Həmin sənaye parkın digər rezidenti “Azərmaş Park” MMC Rusiyanın “QAZ” müəssisəsi ilə birlikdə avtomobil, o cümlədən minik avtomobilləri, avtobuslar və yük avtomobilləri istehsal edir.
Pirallahı Sənaye Parkında investisiya dəyəri 16 milyon ABŞ dolları olan “R-Pharm” dərman istehsalı zavodu fəaliyyət göstərir. 2023-cü ildə 3,5 milyon ABŞ dollarlıq məhsul realizə edən müəssisə bu ilin birinci rübündə artıq 2,5 milyon ABŞ dolları dəyərində satış həyata keçirib.
0 Rəy