Anar Şuşalı: Vokal sənətimizdə uğurlu sintez formalaşıb

Vokal ifaçılarımızın böyük əksəriyyəti Avropa vokal məktəbində təhsilini alıb və bu məktəbin incəliklərinə dərindən yiyələniblər. Azərbaycan vokal sənətinin inkişafında dahi Bülbülün xüsusi rolu olub. O, İtaliyada təhsil aldıqdan sonra Avropa vokal məktəbinin prinsiplərini Azərbaycan muğam ənənələri ilə uğurla sintez edərək yeni bir ifaçılıq məktəbinin əsasını qoyub.

Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin müəllimi, Əməkdar artist Anar Şuşalı deyib.

Həmsöhbətim diqqətə çatdırıb ki, bu sintez Azərbaycan professional vokal sənətinin formalaşmasına mühüm təsir göstərib. “Məhz belə zəngin musiqi mühitində Üzeyir Hacıbəylinin “Koroğlu”, Fikrət Əmirovun isə “Sevil” kimi opera əsərləri meydana gəlib. Bülbülün yaratdığı məktəb sonrakı nəsil vokalçıların yaradıcılıq yoluna istiqamət verib və ifaçılar bu ənənəni davam etdiriblər. Azərbaycan muğamından gələn xarakterik xüsusiyyətlər, milli musiqimizə məxsus zəngin melizmlər və incə ifadə vasitələri vokal sənətimizdə də öz əksini tapıb. Nəticədə həm Avropa vokal texnikasını, həm də milli musiqi ənənələrimizi özündə birləşdirən, dünyada analoqu az olan özünəməxsus Azərbaycan vokal məktəbi formalaşıb. Bu məktəbin fərqləndirici cəhəti də məhz həmin uğurlu sintezdədir”, -deyə Anar Şuşalı əlavə edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin