İstiqlal Muzeyində Qarabağın dirçəlişinə həsr olunan sərgi açılıb

Azərbaycan İstiqlal Muzeyində 18 May – Beynəlxalq Muzeylər Gününə və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş “Dirçələn Qarabağ” adlı sərgi açılıb.

Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə Qarabağın bərpası, şəhərsalma və memarlıq layihələri, eləcə də regionun tarixi-mədəni irsinin yenidən dirçəldilməsi istiqamətində həyata keçirilən işlər nümayiş etdirilib. Ekspozisiyada ümumilikdə 27 rəsm əsəri təqdim olunub. Sənət nümunələrində Qarabağın tarixi, zəngin mədəni irsi, füsunkar təbiəti və yenidənqurma prosesi bədii şəkildə əksini tapıb.

Sərginin əsas məqsədi Qarabağın müasir inkişaf konsepsiyasını, aparılan yenidənqurma prosesini və Azərbaycanın mədəni irsinin qorunması istiqamətində görülən işləri ictimaiyyətə çatdırmaqdır.

Tədbir çərçivəsində rəssam Mehriban Alışova və tarix elmləri doktoru Bəhmən Kərimov çıxış edərək Qarabağın əsrlərə söykənən zəngin tarixi-mədəni irsindən, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıblar. Natiqlər vurğulayıblar ki, Qarabağın dirçəlişi təkcə şəhər və kəndlərin yenidən qurulması deyil, həm də milli-mənəvi dəyərlərin, mədəni yaddaşın və tarixi irsin yenidən həyata qaytarılması deməkdir.

Qeyd olunub ki, incəsənət və rəssamlıq bu prosesdə mühüm mənəvi missiya daşıyaraq cəmiyyətin tarixi yaddaşının qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Sərgi mayın 25-dək davam edəcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin