Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür

Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, 10 ildir “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün münasibətilə mayın 5-i “Xalçaçı Günü” kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də Xalçaçı Günü qeyd olunardı.

Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq Prezident İlham Əliyev mayın 4-də Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə, 18 nəfər “Tərəqqi” medalı ilə təltif edildi.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 20-dən çox filialı yaradılaraq fəaliyyətə başlayıb.

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.

"Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

"Azerbaijan carpet" ("Azərbaycan xalçası") brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdı. Artıq "Azərbaycan xalçası" brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan xalçası" brendi adı ilə satılır. Azərbaycan xalçalarının ixracı üçün ABŞ, Rusiya, Yaponiya, İsveç kimi ölkələrin şirkətləri ilə əlaqələr qurulub. 2019-cu ildə İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət edib. Təklif dəyərləndirilib, Stokholmun "Vikjö" ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlif ölçülü xalçalar satışa çıxarılıb.

Bir nüansı da qeyd etmək lazımdır ki, hər il İçərişəhərdə Beynəlxalq Xalça Festivalı təşkil olunur. Festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir. Bu səbəbdən festivalın proqramı zəngin və rəngarəngliyi ilə bütün yaş qruplarından olan qonaqların maraqlarına xitab edir.

Bu il də Beynəlxalq Xalça Festivalının proqramı olduqca zəngin olub. Festivalda 12 ölkədən qonaqlar və spikerlər iştirak edib. Festival çərçivəsində “Xalça sənayesi: dəyər, dizayn və rəqabət qabiliyyəti” mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu keçirilib.

Festival çərçivəsində Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən gələn qonaqlar öz təcrübələrini bölüşəcək, xalça sənətinin beynəlxalq bazara çıxışı və toxuculuq sənətinin inteqrasiyası ilə bağlı çıxış ediblər.

Qeyd edək ki, hazırda “Azərxalça” ASC-nin ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 11 istehsalat sahəsi və 500-ə yaxın toxucusu var. Toxucuların təxminən 85 faizi məhz bölgələrdə yaşayan xanımlardır. “Azərxalça”nın istehsalı olan məhsullar xalçaçı-rəssamlar tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda qədim və orijinal xalçaların əsasında yeni çeşnilərin elektron variantı hazırlanıb. Bu çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılıb. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına daha çox üstünlük verilir.

Bu, bir reallıqdır ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Bu dövrdə isə bizim yaxşı xalça mütəxəssislərimiz yetişəcək, insanlar xalçaçılığın sirlərinə yiyələnəcək, beləliklə, xalçaçılıq yaşadılacaq. Onunla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də yaşadılaraq gələcək nəsillərə ötürüləcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin