“Mənim qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edilib

Mədəniyyət Nazirliyi və “Ədibin Evi” 14-17 yaşlı gənclər arasında “Mənim qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqənin şərtlərinə əsasən təqdim edilən işlər Azərbaycan dilində, emosional təsirə malik, animasiya üçün potensialı olan, minimum 8, maksimum 20 səhifə həcmində, yeni, orijinal və yaradıcı qəhrəman obrazını ifadə edən qrafik hekayə olmalıdır.

Məktəblilər müsabiqədə fərdi və ya iki nəfərlik heyət (ssenari müəllifi + rəssam) kimi qatıla bilərlər.

2026-cı il  mayın 1-dən sentyabrın 1-dək davam edəcək işlərin qəbulu zamanı müəlliflər hekayələrini ad, soyad, əlaqə məlumatı ilə birgə PDF fayl şəklində edibinevi@gmail.com ünvanına göndərməlidilər.

Müsabiqənin münsiflər heyətinə Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin ekspertləri daxildir. Qalibləri mükafatlar və işlərdən birinin qısa animasiya filminə çevrilməsi imkanı gözləyir.

Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının tətbiqi tədbirləri çərçivəsində elan edilən müsabiqədə gənclər komiks və qrafik hekayəçilik üslubunda mədəni məzmun yaratmağa təşviq edilir. Mətn və təsvirin sintezi bədii təfəkkürü və vizual savadlılığı inkişaf etdirir. Bu kimi müasir ifadə vasitələri ilə formalaşan qəhrəman obrazları milli ruhu gücləndirir, Azərbaycanın müasir, dinamik və yaradıcı kimliyini gələcək nəsillərə ötürməyə dəstək olur.

“Mənim qəhrəmanım” Milli Komiks Kitabı Müsabiqəsi gənclərə öz həyatlarında, tarixdə, ailədə və ya xəyallarında gördükləri qəhrəman obrazını yaradıcı şəkildə təqdim etmək imkanı verir. Onlar istər tarixi şəxsiyyət və ya milli obraz, peşə sahibi (müəllim, həkim, valideyn, könüllü və s.), istərsə də uydurma və ya fantastik qəhrəman, dəyərləri təcəssüm etdirən obraz yarada bilərlər. Hekayə müəllifin şəxsi baxışını və yaradıcılığını əks etdirməlidir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin