İlk Azərbaycan operettasının müəllifi - Zülfüqar Hacıbəyli

Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəylinin doğum günüdür. O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır.

Anadan olmasının 142-ci ildönümü tamam olan görkəmli bəstəkarın yazdığı əsərlər bu gün də böyük sevgi və maraqla qarşılanır.

Z.Hacıbəyli ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır.

O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırladıb.

XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəylinin rolu böyükdür.

O, 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazıb. Zülfüqar Hacıbəylinin son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.

Zülfüqar Hacıbəyli milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülür.

Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyli respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib.

Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəylini vaxtsız əcəl başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişsə də, adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qalacaq.(azərtac)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin