“XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı olub

Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “XIX əsr İrəvan mətbəxi” qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən ərsəyə gətirilən “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbir həm də 20 Oktyabr - Beynəlxalq Kulinariya Gününə həsr edilib. Tədbirdə 150 nəfərə qədər alim, mütəxəssis, tələbə və ictimai xadim iştirak edib.

Tədbirdə çıxış edənlər kitabın əhəmiyyətindən danışıblar.

Həmçinin Dövlət Məşğulluq Agenliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyasındakı aşpazlıq və qənnadıçılıq kurslarının müdavimləri və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri İrəvan mətbəxinə aid yemək və şirniyyatları sərgiləyiblər. Onlar sertifikatlarla təltif ediliblər.

Sonda kitabların imzalanma və paylanma mərasimi olub.

Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan ölkəmizin milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir. Kitab 208 səhifədən ibarət nəşrdə 85 mənbədən istifadə edilməklə, 1884-cü ildə İrəvanda doğulmuş, 1913-1922-ci illərdə orada yemək və şirniyyat dükanının sahibi olmuş usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilib. Nəşrdə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, miniaturlar, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığı rəssam Nigar Əliyevaya məxsusdur. Bu nəşr həm alimlər, tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir. “XIX əsr İrəvan mətbəxi” kitabı həm də İrəvandakı tarixi varlığımızın bir sübutudur.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin