"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."

“Ayağımı Şuşa torpağına basanda min dəfə Allaha şükür edirəm. Bu torpaqları gördüyüm üçün çox xoşbəxtəm. Başda cənab Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, qazilərimizə təşəkkür edirəm. Canını vətən uğrunda fəda edən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Dövlətimiz sənətə, sənətkara qiymət verir, onların xatirələrini hər zaman yaşadır. Şuşa şəhərinin mərkəzindəki küçəyə atam, dahi muğam ustadı, tarixdə iz qoymuş bir soyadın nümayəndəsi olan İsfəndiyar ağa Aslan oğlu Cavanşirin, yəni Xan Şuşinskinin adını veriblər. Artıq 1 ildir ki, bu küçə atamın adını daşıyır. Sevincimi sözlərlə ifadə edə bilmirəm. Bu küçə Şuşanın mərkəzində güllü bağ deyilən ərazidə, “Qarabağ” otelinin yaxınlığında yerləşir. O vaxt güllü bağın girişində birinci oturacaq atamın idi. O, hər zaman gəlib orada oturardı. Onu sevən xalqımız gəlib yığışardı başına. Şəkillər çəkdirərdilər, avtoqraf alardılar. O bağda 100 adam da ayaqüstə dursaydı, heç kəs atamın oturacağında əyləşməzdi ki, indi Xan gələcək. Atama çox böyük hörmət və ehtiram göstərirdilər. Atamla görüşənlər ona təzim edirdilər. Atam Şuşaya gələndə ayağının altında qurbanlar kəsilərdi. Həmin güllü bağda o qədər gözəl güllər, bitkilər əkilmişdi ki, onların qoxusundan bağın qarşısından keçmək mümkün deyildi".

Bunu Moderator.az-a açıqlamasında Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova (Verdiyeva) deyib. O daha sonra Şuşada atasının ev muzeyinin yaradılmasını arzulayıb.

“Şuşada çox böyük quruculuq işləri gedir. Gözlərimə inana bilmirəm. Az zaman kəsiyində onlarla tarixi abidələr bərpa olunub, onlarla bina, otel tikilib, yollar çəkilib. Bu gedişatla inşallah təbiətən gözəl olan Şuşamız dövlət başçımızın rəhbərliyi altında gülüstana dönəcək.

Mənim babam Aslan ağanın Şuşa şəhərinin mərkəzində, Gövhər Ağa məscidinin yanında böyük, ikimərtəbəli mülkü olub. Sovet höküməti qurulanda həmin binalar sökülüb, yerində yaşayış evi tikilib. Atam da vətəni Şuşanı canında artıq sevirdi. İlk dəfə Şuşa haqda mahnını da 1930-cu ildə atam bəstələyib. “Şuşanın dağları” mahnısının musiqisi də, sözləri də atama aiddir. Atam hər il vətəni Şuşanı arzulayırdı. 1960-cı ildə Üzeyir Hacıbəylinin qardaşı Zülfüqar Hacıbəyovun evini satın aldı. Həmin ev Üzeyir bəyin ev muzeyinə bitişik idi. 2 mərtəbəli gözəl mülk idi. Biz hər il may ayının sonundan gedərdik Şuşaya, bir də sentyabrın 1-də dərs başlayana yaxın qayıdıb gələrdik Bakıya. İşğaldan sonra Şuşaya ilk dəfə gedəndə mən öz evimizi, Üzeyir bəyin evini talan, dağıdılmış vəziyyətdə gördüm. Xan Şuşinski Qarabağın simvoludur. Bu 30 illik işğal dövründə Xanın “Qarabağ şikəstəsi”-nin, “Şuşanın dağları” mahnısının harayı sanki bütün azərbaycanlıları Şuşaya səsləyirdi. Hazırda orada tarixi binalar bərpa olunur. Yəqin ki, Xan Şuşinskinin də orada bir ev muzeyi təşkil olunacaq və ona aid olan əşyalar həmin muzeydə qorunacaq”, - deyə sənətkarın qızı deyib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin