İtaliyanın ilk qadın hökumət başçısı, Mussolinidən sonra ikinci ifrat sağçı siyasətçi haqda bilmədiklərimiz...

“Üzüklərin hökmdarı” ingilis yazıçısı Con Ronald Ruel Tolkienin məşhur fantaziya əsəridir. Bu kitab Xeyirlə Şərin mübarizəsi haqqında gözəl  nağıl, dostluq, ümid, sədaqət kimi əbədi mövzulardan bəhs edən əsərdir. “Üzüklərin hökmdarı” son yüz ildə ən çox oxunan 100 kitab arasında ilk yerlərdən birini tutur.

Tetçer, Merkel, üçüncü isə...

Əsərdə söhbət hobbitlərin yaşadığı kiçik bir kənddən gedir. Sehrbaz Qandalf köhnə dostu Bilbo Begginsin 111-ci ad gününə gəlir və illər öncə tapdığı üzük haqqında danışır.

Bu üzük bir vaxtlar dünyanın zülmət hökmdarı Sauronun olub və sahibinə böyük güc verib. İndi Sauron dünya üzərində hakimiyyəti yenidən əlinə almaq istəyir. Buna görə də həmin üzüyü məhv etmək lazımdır. Bu işin öhdəsindən Bilbonun qohumu, gənc hobbit Frodo gəlməlidir. Beləcə, doqquz nəfərdən ibarət dəstə - “Üzük qardaşlığı” Sauronun ölkəsi Mordordakı alov dağına doğru yola çıxır...

Meloni məhkəməyə verildi

Sözügedən yarıfantaziya, yarıfəlsəfi trilogiyanı xatırlamağımız təsadüfi deyil. Bu əsər mayın 4-də Azərbaycana qısamüddətli səfər etmiş İtaliyanın xanım baş naziri Ciorcia Meloninin ən sevimli, heyran olduğu əsərdir. O romanda və həmişə olduğu kimi, dünyada xeyirlə şərin mübarizəsi gedir. Ancaq “Üzüklərin hökmdarı” olmağı heç kim bacarmayıb - Nə Bonapart, nə Hitler, nə müasir dövrün liderləri.

Meloni isə hökmdar olmasa da, qədim tarixə malik İtaliyada hökmü olan siyasi liderdir. Avropada indiyədək az sayda qətiyyətli xanım liderlərin adlarını qeyd etmək olar - Tetçer, Merkel... - üçüncü misalı göstərməkdə açığı, çətinlik çəkirəm. Amma emosional, bəzən gülərüz, bəzən zəhmli görünən Meloni indi “Qoca qitə”nin ən qətiyyətli xanım lideri təsiri bağışlayır.

Çünki Avropa siyasi səhnəsində başqa qadın siyasətçilər də var, lakin onların heç biri Meloni kimi güclü görünmürlər - Kaya Kallas, Ursula fon der Leyen...

Bu, bəlkə də Meloninin yaşadığı ağır uşaqlıq illərindən irəli gəlir. Çünki uşaqlığı məşəqqətli, valideynsiz keçənlər daha tez böyüyürlər, həyatla mübarizədə amansız, sərt və soyuqqanlı olurlar.  Meloni da onlardan biridir. O, atasını uşaqlıq illərindən itirib. Daha doğrusu, atası onları tərk edərək gedib.

Onu italiyalılar üçün xarizmatik edən səbəb

Meloni 15 yanvar 1977-ci ildə Romada doğulub. Atasının onları tərk etməsi onun həyatında dərin iz buraxıb. Belə ki, atası Françesco Meloni ailəni Giorgia hələ 1 yaşında ikən tərk edib və Kanar adalarına köçüb. 1980-ci ildə 3 yaşlı Ciorcia və bacısı təsadüfən evlərini yandırıblar, hadisədən sonra onları anaları ilə birlikdə yaşamaq üçün Romanın yüksək səviyyəli bölgəsindən fəhlə sinfi Garbatella məhəlləsinə köçməyə məcbur ediblər. “Atam öləndə heç nə hiss etmədim. Bu məni qəzəbləndirir, çünki heç olmasa ona nifrət etmək istərdim”, - deyə Meloni xatırlayır. O, pul qazanmaq üçün uşaq baxıcısı, barmen, ofisiant, market satıcısı kimi çalışıb.

Ciorcia gənclik illərindən siyasətlə maraqlanmağa başlayıb və 1990-cı illərdə İtaliyanın sağçı gənclər təşkilatlarında fəal rol oynayıb. 2006-cı ildə, 29 yaşında parlamentə seçilib və İtaliya tarixində ən gənc deputatlardan biri kimi tanınıb. Meloni 2012-ci ildə “İtaliya Qardaşları” partiyasını qurub. Bu partiya əvvəllər az tanınırdı, lakin Meloninin xarizmatik liderliyi və sərt antimiqrasiya, milli dəyərləri vurğulayan ritorikası ilə partiya qısa zamanda populyarlıq qazanıb. Lakin onun partiyasının kökləri faşist lider Benito Mussolininin ideologiyasına yaxın təşkilatlara dayanır ki, bu da xanım baş nazirin beynəlxalq aləmdə bəzən mübahisəli fiqur kimi qəbul edilməsinə səbəb olur.

Geri addım atmaq səhv olar” - Giorgia Meloni

Jurnalistlə evliliyin axırı

Meloni çox enerjili, natiqlik qabiliyyəti güclü və tez-tez emosional çıxışları ilə tanınır. Onun ən məşhur şüarlarından biri “Tanrı, Vətən, Ailə”dir. Doğrudan da gözəl şüardır, bu üç dəyərdən daha artıq nə var ki?!

Meloni bir qız övladının anasıdır və ailəsini daim ön planda tutduğunu vurğulayır. O, rəsmi nikahda deyil, lakin uzun illər jurnalist Andrea Giambruno ilə münasibətdə olub. Onların bir qız övladı - Ginevra (2016-cı il təvəllüdlü) var. Andrea Giambruno “Mediaset” telekanalında aparıcı və jurnalist kimi çalışıb. Vaxtilə Meloni ilə siyasi baxışlarda bəzi fərqlilikləri olsa da, onların münasibətləri uzun müddət davam edib. Meloni 2023-cü ilin oktyabrında Andrea Giambruno ilə münasibətinin bitdiyini sosial mediada açıqlamışdı. Bunun şəxsi həyatının “ən çətin qərarlarından biri” olduğunu yazmışdı. Onların ayrılmasına səbəb Andreanın qadınlar haqqında seksist şərhləri olmuşdu.

İtalyanca ilə yanaşı, Ciorcia Meloni ingilis dilini də yaxşı səviyyədə bilir. Bundan başqa, fransız və ispan dillərində də danışır. Beynəlxalq tədbirlərdə və xarici liderlərlə görüşlərdə dil baryeri olmadan sərbəst ünsiyyət qura bilir. Bu onun Avropa səviyyəsində daha çevik diplomatik fəaliyyət aparmasına kömək edir. Xanım baş nazirin stil və geyimində sadəlik və əlçatanlıq önə çıxır.

Müğənni olmaq istəyirdi, amma..

Silvio Berluskoni üçüncü dəfə İtaliyanın baş naziri seçiləndə (2008-2011) o, Melonini gənclər və idman naziri təyin edir. Onda 31 yaşlı Meloni İtaliyanın ən gənc naziri olur. Həmin vaxt hələ də anası ilə yaşayırdı. 2022-ci ildə baş nazir olandan sonra Giorgia Meloni mətbuata açıqlamasında uşaqlıq arzularının heç birinin gerçəkləşmədiyini etiraf edir. 2024-cü ilin fevralında o, İtaliya hökumətinə rəhbərlik etmək kimi uşaqlıq arzusunun olmadığını qeyd edib: “Müğənni olmaq istəyirdim, amma musiqiyə qulaq asmırdım, milli voleybol komandasında oynamaq istəyirdim, amma boyum yetərincə deyil, Maykl Ceksonla tanış olmaq istəyirdim, amma o, çox tez öldü”.

Onu da deyək ki, 2024-cü ilin fevralında Meloni Avropa Komissiyasının sədri Ursula fon der Leyen və bir neçə G7 lideri ilə birlikdə Kiyevə getmiş, orada Ukrayna və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalamışdı. O, digər Avropa liderləri kimi Rusiyanın işğalçılıq siyasətini pisləyir. Meloni həm də abortun əleyhdarıdır. O, həmçinin surroqat anaya qarşıdır, bunu “21-ci əsrin köləliyi” adlandırıb və gender kimliyi mövzusunu tənqid edib. Həmçinin LGBT və eyncinsli evliliklər məsələsində olduqca sərt mövqeyi var, bunun əleyhinə çıxır. Ümumiyyətlə, Meloni Mussolinidən sonra İtaliyanın ikinci ifrat sağçı-millətçi lideri hesab olunur. Eyni zamanda ölkəsinin ilk qadın hökumət başçısıdır. Yeri gəlmişkən, Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarıb. Hədiyyələrin ümumi dəyərinin təxminən 800 min avro (1,6 milyon manat) olduğu təxmin edilir.

Meloni Bakıda balansları dəyişir - İtaliya Azərbaycan qazına daha çox  bağlanır

Meloninin Bakıya ikinci gəlişi

Onun baş nazir olduğu dövrdə Azərbaycan-İtaliya əlaqələrinə gəlincə, 2024-cü ilin sentyabrında Romada Meloni Prezident İlham Əliyevlə görüşüb. Baş nazir Bakıda keçirilən COP29 konfransında da iştirak edib. Ümumiyyətlə, Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır.  Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.

“Azərbaycanla İtaliya arasında enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb”. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Formiche.net” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, geosiyasi qeyri-sabitlik dövründə əsas məsələ təkcə enerji məhsullarına əlçatanlıq deyil, həm də təchizat marşrutlarının etibarlılığı və təhlükəsizliyidir: “Bu baxımdan Azərbaycan uzun müddətdir İtaliya üçün etibarlı tərəfdaş kimi özünü sübut edib. 2025-ci ildə Azərbaycan TAP vasitəsilə İtaliyaya 9,5 milyard kubmetr qaz tədarük edib və bu, İtaliyanın ümumi qaz idxalının təxminən 16 faizini təşkil edib. TAP-ın fəaliyyətə başlamasından etibarən İtaliyaya 42 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb. Bu, TAP-ın təkcə kommersiya uğuru deyil, həm də İtaliyanın enerji dayanıqlığının strateji sütunu olduğunu göstərir”.

Göründüyü kimi, Azərbaycanla İtaliyanı bir-biri üçün cəlbedici edən çox amillər var. Elə xalqlarımız arasında mental oxşarlıqlar da az deyil. O baxımdan, çılğın Melonini təkcə Avropa siyasətində deyil, Azərbaycanda da sevənlər var...(musavat.com)

Emil SALAMOĞLU,
 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin