Alman mediası: "Qarabağ" Çempionlar Liqasında "Ayntraxt"ın ümidini öldürdü
UEFA Çempionlar Liqasının ümumi mərhələsində Ağdamın "Qarabağ" klubunun növbəti qələbəsi - bu dəfə alman "Ayntraxt"ı 3:2 hesabı ilə məğlub etməsi - Almaniya KİV-lərinin diqqətindən kənarda qalmayıb.
"Report" oyunun nəticələrinin alman KİV-ləri tərəfindən necə qiymətləndirildiyinə dair icmal hazırlayıb.
Ümumilikdə, Almaniyada bu məğlubiyyəti ağrılı qarşılayıblar: alman mətbuatı yekdilliklə klubun Çempionlar Liqasından çıxması və komandanın sistemli problemləri barədə yazıb.
DPA agentliyi yazıb ki, Bakıda Tofiq Bəhramov adına stadionda keçirilən matç "Ayntraxt" üçün turnir intiriqasını qorumaq üçün son şans idi. Lakin məğlubiyyət, oyuna əlavə edilən dəqiqələrdə buraxılan qol və müdafiədə səhvlər alman klubunu turnirdə mübarizəni davam etdirmək ümidindən tamamilə məhrum etdi.
"Ayntraxt" hələ də 2026-cı ildə qələbə qazana bilmir və Çempionlar Liqasını vaxtından əvvəl tərk edir. Baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmittin komandası oyun ərzində hesabda irəlidə olmasına baxmayaraq, Bakıda 2:3 hesabı ilə məğlub oldu. Beləliklə, "Ayntraxt"ın turnirdəki son matçı – evdə "Tottenhem"lə – artıq turnir əhəmiyyəti daşımayacaq", - agentlik qeyd edib.

Frankfurt regional mətbuatı da məğlubiyyətə son dərəcə emosional reaksiya verib. Qəzetlər eyni zamanda öz komandasının oyunundan məyusluqlarını, həm də Bakının atmosferi və memarlığına heyranlıqlarını ifadə ediblər.
Belə ki, "Frankfurter Rundschau" Azərbaycan paytaxtının simvolikasını obrazlı müqayisə kimi istifadə edərək, qeyd edib ki, alman klubu üçün həmin axşam şəhərin "əbədi alovlarının" əksi oldu.
"Alov qüllələri Bakının simvoludur, Azərbaycan paytaxtına gələn hər bir qonaq ona baş çəkir. Əzəmətli əyri binalar şəhərin üzərində səmaya ucalır, lakin çərşənbə axşamı "Ayntraxt" üçün bu əbədi alovlar simvol kimi uyğun gəlmədi. Əksinə, Hessendən olan komandanın Çempionlar Liqasında mübarizəni davam etdirmək üçün son ümid qığılcımı söndü", - nəşr qeyd edir.
Eyni zamanda, alman KİV-ləri "Ayntraxt"ın əsas probleminin müdafiə oyunu olduğu qənaətinə gəliblər. Bakıdakı məğlubiyyət tək bir epizod kimi deyil, komandanın müntəzəm olaraq hər oyunda iki-üç top buraxdığı uğursuzluq seriyasının məntiqi davamı kimi qiymətləndirilib.
Məğlubiyyəti keçmiş futbolçu, hazırda klubun idman direktoru olan Markus Kröşe də şərh edib, komandanın yenə artıq adət etdiyi səhvlərə yol verdiyini etiraf edib. Onun sözlərindən "Tagesschau" nəşri sitat gətirib.
"Bu olduqca acıdır. Biz eyni səhvləri edirik və özümüzü qələbələrdən məhrum edirik. Bu, birlikdə çıxmalı olduğumuz dərin bir çuxurdur. Əlbəttə ki, biz hər şeyi fərqli təsəvvür edirdik. İndi işi davam etdirmək və diqqəti Bundesliqada cəmləmək vacibdir", - Kröşe bildirib.

"Ayntraxt"ın baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt Azərbaycan nəhəngi ilə matçın nəticəsindən məyus olduğunu vurğulayıb.
"Bu çox təəssüf doğurandır. (...) Üstünlüyümüzü qoruya bilmədiyimiz üçün çox məyus olduq. Sonda qol buraxmaq xoşagəlməzdir, amma bir xal da bizə kömək etməzdi", - klubun yarımmüdafiəçisi Ansgar Knauff deyib.
Alman mətbuatı vurğulayıb ki, Çempionlar Liqasını tərk etdikdən sonra klubun və azarkeşlərin diqqəti tamamilə daxili çempionata yönəlir, "Qarabağ"ın qələbəsi isə Ağdam klubunun inamlı oyununun və Avrokubokda stabil çıxışlarının qanunauyğun nəticəsi kimi qiymətləndirilib.
"Sport Krone" portalı matçın nəticəsini şərh edərkən, Frankfurt komandasında "tam məyusluq" hökm sürdüyünü göstərir. Nəşr xüsusilə "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin qələbə qolunu vurmasını qeyd edib.

"Əlavə edilmiş dördüncü dəqiqədə tam bir ağlasığmaz bir an: matçın ən son hücumunda Mustafazadə qalib qolunu vurdu. "Qarabağ"ın mərkəz müdafiəçisi Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı oyunçudur. O, özünü saxlamadı, onun yanaqlarından sevinc göz yaşları axırdı", - nəşr vurğulayıb.
"İndi Ağdam klubu pley-off mərhələsinə çıxmağı arzulayır. Sürpriz komanda 7 oyunda 10 xal toplayıb", - portal qeyd edir.
0 Rəy