"Bəlkə də "Qarabağ"a normadan çox hörmət etdik" - "Şelburn"un baş məşqçisi

“Nəticəyə görə məyusam. Əvvəlcə oyuna nəzarəti itirdik. İkinci hissədə oyunu ələ ala bildik, amma hesabı bərabərləşdirməyi bacarmadıq".

QOL.az xəbər verir ki, bu sözləri "Şelburn"un (İrlandiya) baş məşqçisi Coy O'Brayen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"la keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.

O, öz meydanlarında 0:3 hesabı ilə uduzduqları matçı belə şərh edib: “Rəqibin sürətini gördük. Belə olacağını bilirdik. Çünki onlar bu səviyyədə oynamağa öyrəşiblər. "Qarabağ"ın topla rəftarı, sürəti, ötürmələri, hər şey yerindədir.

Birinci hissədə bəlkə də rəqibə çox hörmət etdik. Futbol meydanında hörmət qorxu deməkdir. Düşünürəm ki, səhv etməməkdən qorxurduq. Biz fasilədə oyunumuzu dəyişdik, daha çox hücumda olduq və bir neçə qol fürsəti yaratdıq. İki forvardla hücuma çıxdıq. Bu cür fürsətləri dəyərləndirmək lazımdır".

Baş məşqçi "Qarabağ"ın ikinci qolunda Kadi Borqesin ötürməsini qeyd edib: “Fikrimcə, fiziki cəhətdən yaxşı idik, amma o qol bizim əslində hansı formada olduğumuzu göstərdi. O ikinci qolun ötürməsini verən rəqib futbolçusu yəqin ki, meydanda ən yaxşı oyunçu idi.  Komanda yoldaşını gördü və ötürməni düzgün hesablayaraq verdi. Amma sonuncu qol bizim səhvimiz idi”.

Qeyd edək ki,  komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək

Rəylər

Aşağıdakı məlumatları qeyd edin